Xalqımızın böyük oğlu Mirzə Xəzərə hörmət və sayqıyla
Xalqımızın böyük oğlu Mirzə Xəzərə hörmət və sayqıyla...Siz bu xalq üçün nağıl qəhrəmanı olmusunuz.
(Səbuhi)
31.07.2008
Səbuhi Hacıxanlı: Sənə bəy deməyə gəlməyir dilim, desəm doğra onu sən dilim-dilim
Səbuhi Hacıxanlı
–Səbuhi Hacıxan oğlu Abdullayev (Hacıxanlı) Quba rayonunun Birinci Nügədi kəndində ziyalı ailəsində həyata göz açıb.1989-cu ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinin bitirib. Quba rayon təhsil şöbəsində çalışır. Şairin”Geriyə boylanan yollar”, ”Bu yollar tanışdır mənə”kitablarındakı şeirlər fikir, düşüncə tutumu, obrazlılığı ilə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Onun şeirlərində həyat təzadları şairin poetik həqiqəti qarşısında sanki aciz qalır. Bu,azad bir qəlbin kövrək olduğu qədər məğrur, yenilməyən hiss və duyğulardır. ”Mən qərib deyiləm”toplusu şairin sayca üçüncü kitabıdır. YB-in üzvüdür.
Gedər
Dünya əzəl gündən saxtadır, dostum,
Yalanlar, riyalar baş alıb gedər.
Dünyada tək güman bəxtədir, dostum,
Bəxtsizlər gözləri yaşarıb gedər.
Kim ki əbədiyyət güdər bu yolda,
Çalışar, vuruşar hədər bu yolda,
Gözünün qarası gedər bu yolda,
Dizinin taqəti susalıb gedər.
Ölüm addımlayır bizimlə birgə,
Gəzir dalımızca bu qara kölgə.
Deyirik yorula , əl çəkə bəlkə...
Çətin yaxamızdan açılıb gedər.
Həyat niyə belə şirindi, niyə,
İlahi, bir az da yaşayım deyə,
Hamı allahından imdad diləyər,
Fərqi yox gənc gedər, qocalıb gedər.
Ömür ki, əbədi pay verilmədi,
Ölənə, itənə say verilmədi,
Əvvəl gedənlərdən hay verilmədi,
Hər gedən getmişin çağırıb gedər.
Misralar su kimi axıb gedəndə,
Könlünü yandırıb – yaxıb gedəndə,
Sən mənə qıyqacı baxıb gedəndə,
Gözümdə bir ümid işarıb gedər.
Bir gənclik dostuma
Bir sadə oğlandın sevimli, fağır
İndi gözlərindən zəhrimar yağır.
Dünyanın işinə nə deyim axı,
Cəmi bəndəni də Tanrı yaradıb,
Səni də, məni də Tanrı yaradıb.
Düşünmə bəxt sənə həmişə yardır,
Bəxtin min sifəti aləmə cardır.
Hər kəsin taledən öz payı vardır.
Dilsiz körpəni də Tanrı yaradıb,
Səni də, məni də Tanrı yaradıb.
Yersiz atılan söz köksə daş olar,
Ürəyə dağ olar, gözə yaş olar.
Bir gün təpik döyən bir gün baş olar,
Kimsiz kimsəni də Tanrı yaradıb,
Səni də, məni də Tanrı yaradıb.
Əli tez zamanda mənsəbə yetdi,
Vəli görünmədi arada itdi.
Axırda o buna minnətə getdi.
Həmən səhnəni də Tanrı yaradıb,
Səni də, məni də Tanrı yaradıb.
Sənə bəy deməyə gəlməyir dilim,
Desəm doğra onu sən dilim-dilim.
Xudayar, kişiyə eyləmə zülüm,
Məmmədhəsəni də Tanrı yaradıb,
Səni də, məni də Tanrı yaradıb.
Gəlmişdim halını mən xəbər alam,
Gəlmədim qapının dalında qalam.
Özünü nə yaman öyürsən, balam?
Cəmi-bəndəni də Tanrı yaradıb,
Səni də, məni də Tanrı yaradıb.
Sən heç də dönük deyilsən
Yox, gülüm, sən heç də dönük deyilsən,
O mənəm bir yerdə tutmuram qərar.
Sən mənə hələ də qayıt deyirsən,
Mavi gözlərindən çəkilmir qübar.
O mənəm qədrini bilmədim sənin,
Oxudum ən ülvi hisslərə meydan.
Axan göz yaşını görmədim sənin,
Ruhumu ovlayıb apardı şeytan.
O gün ki, üz tutdum əbədiyyətə,
Başqadır xəyalım, başqadır dərdim.
Bəlkə uymasaydım ucuz şöhrətə,
Mən səni yenidən sevə bilərdim.
Yox, gülüm, özündə günah görmə sən,
Baxma məlul-məlul gözlərində qəm.
Yenə həzz alardım gözəlliyindən,
Heyif ki, mən buna layiq deyiləm.
İstək və qorxu
Hərdən dindar olmaq istəyirəm mən,
Dilsiz körpələri udanda torpaq.
Ağrılar qəlbimi üzəndə həmən
Düşünüm yerləri cənnətdir ancaq.
Ədalət görmədin məhkəmələrdə,
Min cür kələk qurdu övladi-adəm.
Canilər pul ilə qurtulan yerdə
Çəkəydi onları şişə cəhənnəm.
Bəlkə də dindədir elə pənahım,
Həyat da olardı şirin bir yuxu.
Tək sənin önündə çoxdu günahım,
Gülüm, ürəyimi üzür bu qorxu.
Gözlərim
Hər dövrün zamanı öz aşığı var,
Hər gülün bir özgə yaraşığı var,
Hər sevən ürəyin öz aşiqi var,
Hər üzdə məhəbbət gəzmə, gözlərim.
Ömür ötüb keçər qarla, yağışla
Baxma bir kimsəyə küskün baxışla.
Hamını eyni gör, eyni qarşıla,
Heç kimin könlünü üzmə, gözlərim.
Tanrıdan bəxtinə kəramətdisə,
Tanrı özü sənə zəmanətdisə,
Atadan, anadan əmanətdisə,
Şair taleyindən küsmə, gözlərim.
Arada arxamca filan dedilər,
Bir əfi ilandır, ilan dedilər,
İnanma hamsını yalan dedilər,
Çatıb qaşlarını süzmə, gözlərim.
Qərib deyiləm
Nədən görüşümə gələn olmadı,
Danışan olmadı, gülən olmadı,
Tanıyan olmadı, bilən olmadı,
Mən qərib deyiləm, qərib deyiləm.
Heç dodaq büzməyin sözümə mənim,
Yad kimi baxmayın üzümə mənim,
İndicə yaş dolar gözümə mənim.
Mən qərib deyiləm, qərib deyiləm.
Dəryadan tapılmış dürr, inciyəm mən,
Hər zaman haqqınam, düzünküyəm mən.
Təpədən dırnağa sizinkiyəm mən,
Mən qərib deyiləm, qərib deyiləm.
Bir sirrli-sehirli söz qalasıyam,
Sözümlə dünyada iz salasıyam,
Bu yerin bu yurdun öz balasıyam,
Mən qərib deyiləm, qərib deyiləm.
Sevdi ürək sizi, sevdi can sizi,
Qorusun hər zaman Yaradan sizi,
Şair gözləridir aldadan sizi,
Mən qərib deyiləm, qərib deyiləm
Cavabsız məhəbbət
Mən indi qəlbində acı nisgiləm,
Süzülüb gəlirəm göz yaşlarından.
Səni anlamadı, duymadı aləm,
Küsdün, ayrı düşdün sirdaşlarından.
Bütün sevgilərin taleyi birdir,
Unutdun şirini, acısı yoxdu.
Çalış ürəyindən çıxar bu dərdi,
Bu dərdin qardaşı, bacısı yoxdu.
Şeirlə, nəğməylə söz deyə-deyə,
Böldüm insanlarla könül varımı.
Tək sənin üzünə bilmirəm niyə,
Bağladım qəlbimin qapılarını.
Cavabsız məhəbbət ağır yaradır,
Fikrində did, dağıt, məhv elə məni.
Bilirəm, yanında üzüm qaradır,
Bacarsan nə vaxtsa əhf elə məni.
Bir gün bu yerlərdən gedərəm
Bir gün bu yerlərdən gedərəm əlbət,
Gedərəm bir daha dönməmək üçün.
Dön deyən qoymasın boynuma minnət
Gərək üz də olsun “dön” demək üçün.
Burda könül evim uçdu, laxladı,
Nadanlar üzümə qapı bağladı.
Şərəfi, qüruru uca saxladım,
Həyatın dibinə enməmək üçün.
Bir sirdaş axtardım yaxından, gendən,
Sadiq dost tapmadım, seirim, səndən.
Arada təbim də küsəndə məndən
Çarpışdıq səninlə sönməmək üçün.
Gedərəm bu yerdə çox da qalmaram,
Gedərəm heç kimi yada salmaram.
İt ollam, qurd ollam insan olmaram,
Bir də danışmamaq, dinməmək üçün.
Bu yollar tanışdır mənə
Nə vaxtsa keçmişəm mən bu yolları,
Bu dağlar, dərələr tanışdır yaman
Dünyanın hər təzə rəngi, çaları
Mənə xatırladır başqa bir zaman.
Qaçmaq istəyirəm çərçivələrdən,
Yolum gah şərqədir, gah da qərbədir.
Ən məchul nöqtəyə çıxıram hərdən,
Hər şey tanış gəlir, çox qəribədir.
Ürəyim içimdə, yaddır bu gecə,
Bu gecə özümə qəribsəmişəm
Kiminsə ruhuna qonmuşam bəlkə,
Kiminsə ömrünü mənimsəmişəm.
Azaydım gecənin qaranlığında,
Uçaydı göylərə fikrim, xəyalım.
Sirli əsrlərin yol ayrıcında,
Bu tanış aləmi xatırlayaydım.
O məni dinləmir, o məni duymur
Mən qulam talenin hökmlərinə.
Tanrı bəndəsini özüylə qoymur,
Bəlkə bu yerlərə dönərəm yenə
Əlvida demərəm öz gedişimlə,
Bu sizi bir müddət tərk eləməkdir.
Ölüm ən böyük dərd deyildir hələ,
Dərd öz heçliyini dərk eləməkdir.
Çiçəklər
Bu gün bir qatilə çiçək verdilər,
Kütlə ayaq üstə əl çaldı ona.
Güldən əzrayıla çələng hördülər,
Gül ətri, qan iyi doldu salona.
Baxdım, çiçəklərə acığım gəldi.
Baxdım, çiçəklərə yazığım gəldi.
Çiçəklər dil açıb danışa bilmir,
Çiçəklər od tutub alışa bilmir.
Axı necə desin bu xoş biçimli
Kimlərə yaraşır, yaraşa bilmir.
Onlar da Leylitək zərif, sevimli,
Fələyin işinə qarışa bilmir.
Bu haqqı sevməyən qəribə dünya,
Haqqdan, ədalətdən don geyinəndə;
Düşüb məngənəyə, qəlibə dünya,
“Xeyirxah işbaz”dan pul dilənəndə;
Tutub bir əclafın ətəklərindən
Tanrıdan səadət dilərkən ona,
Ah, Vətən deyirəm bu varınla sən,
Möhtacsan xeyriyyə marafonuna.
Namərd verən çörək minnət kimidir.
Bu yolun axırı zülmətdi, vətən.
Qucağın kimlərə cənnət kimidir,
Kimlərə qürbətdi, möhnətdi vətən.
Mənə zəhərin də şərbət kimidir.
Nə yazıq aldanan millətdi, vətən.
***
Bizim görüşümüz təsadüfdümü?
Çətin fələk nəsə dəyişəcəkdi.
Macəra axtaran səfillər kimi,
Yolumuz yenə də kəsişəcəkdi.
Bəlkə təsadüfdü o görüş elə,
Taleyin bizimlə şıltağlığıydı
İki sərsərinin sarsaqlığıydı
Şeytanmış əylənib ürəyimizlə.
Amma o məhəbbət bir nağıl idi.
Göydən üç almaydı düşmüşdü birdən.
Belə nağıllara uymurlar indi,
Bir vaxt uşaq kimi inanmışam mən.
Sərhəd Xidmətinin əsgəri özünü asıb
Ölümündən əvvəl atasına hər şeyin yaxşı olduğunu deyən əsgərin ölüm xəbəri valideynləri şoka salıb
Azərbaycan Ordusunun daha bir əsgəri ölüb. ANS Press-in məlumatına görə, hadisə iyulun 29-dan 30-na keçən gecə Biləsuvar rayonunda yerləşən Dövlət Sərhəd Xidmətinə məxsus hərbi hissələrdən birində baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Zamiq Səməndər oğlu Səfərov özünü qulluq etdiyi hərbi hissədə asıb. Əsgərin atası Səməndər Səfərovun verdiyi məlumata görə, oğlu məzuniyyətdə olub. Iyulun 27-də isə yenidən hərbi hissəyə qayıdıb. Iyulun 29-da axşam saat 19 radələrində valideynləri ilə telefon əlaqəsi saxlayıb və hər şeyin yaxşı olduğunu deyib. Səhər isə əsgərin dayısına hərbi hissədən zəng edərək hadisə barədə məlumat verilib. Əsgər atası bundan sonra hərbi hissə ilə əlaqə saxlayıb. Fakt təsdiqlənsə də, onlara hadisənin nə vaxt və hansı şəraitdə baş verməsi heç nə açıqlanmayıb.ÿ Qeyd edək ki, Zamiq Səfərov 2007-ci ilin iyul ayında Suraxanı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.
("Azadlıq" qəzeti)