Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Nihad: Ölkədə nə qədər işsiz var? Və yaxud yalançının yaddaş problemi

Mirzə Xəzər 25 Mar 2008

no comments

nihad

Ötən ilin yekunlarına görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 milyon 295,2 min nəfər olub və bunun 4 milyon 10,5 min nəfərini məşğul əhali təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən “APA-Economics” məlumat yayıb. 2007-ci ilin yanvar-noyabr aylarında ölkənin müəssisə və təşkilatlarında muzdla çalışan işçilərin siyahı sayı 1 milyon 363,5 min nəfər olub. Onların 852,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 456,5 min nəfəri isə qeyri-dövlət bölməsində işləyib. Muzdla işləyənlərin 20,8 faizi istehsal sahələrində, 13,3 faizi sənayedə, 4,7 faizi tikintidə, 2,8 faizi kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olublar. Beləliklə, hökumətin bizə təqdim etdiyi rəsmi statistikadan bəlli olur ki, əmək qabiliyyətli əhalinin 285 min nəfəri və yaxud 6,7 faizi işsizdir. Həmin mənbənin bir qədər əvvəl yaydığı başqa bir açıqlamada isə bildirilirdi ki, 2003-cü ildən - yəni Ilham Əliyev prezident kimi fəaliyyətə başlayandan indiyə kimi Azərbaycanda 640 min yeni iş yeri açılıb. Bu rəqəmin üstünə 285 mini də əlavə etsək, onda bəlli olur ki, 2003-cü ildə Azərbaycanda 925 min nəfər işsiz olub. 2003-cü ilin sentyabrında prezidentliyə keçmiş namizəd (indiki prezident) Ilham Əliyev seçki kampaniyası dövründə seçicilərə bildirmişdi ki, ölkədə 600 min nəfər işsiz var və yaxın 5 ildə Azərbaycanda 600 min iş yeri açılacaq. Sonradan bir neçə dövlət qurumu (Nazirlər Kabineti, Iqtisadi Inkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) bu göstəricini rəsmən təsdiqlədi. Əgər 5 il öncə Ilham Əliyevin dediyi rəqəmi ciddi qəbul etsək, onda belə çıxır ki, ölkədə 640 min yox, 355 min iş yeri açılıb. Təbii sual ortaya çıxır: Bəs yeni iş yeri kimi təqdim edilən 285 min iş yeri harda açılıb? Yox əgər 2003-cü ildən üzü bəri 640 min iş yerinin açıldığını ciddi qəbul etsək, onda belə çıxır ki, 2003-cü ildə Azərbaycanda 600 min yox, 925 min işsiz olub. Başqa sözlə desək, qaçqınların sayı qədər də ölkədə işsiz olub. Təbii sual ortaya çıxır: ölkədə 2003-cü ildə 925 min işsiz olubsa, rəsmi qurumlar niyə bu göstəricini 35 faiz azaldaraq 600 min işsizin olduğunu bildiriblər? Təbii ki, bu suallar ritorik xarakterik daşıyır. 2003-cü ildə də, indi də hakimiyyət rəqəmləri saxtlaşdırmaqla məşğuldur. Sadəcə yalançının yaddaşı olmur. Bu rəqəmlər arasında yeganə reallığa uyğun gələni budur ki, 2003-cü ildə həqiqətən də Azərbaycanda işsizlərin sayı 925 min nəfər, bəlkə də daha çox olub. Və bu problem indiyə qədər çözülməyib. Azərbaycanda işsiz problemi bu gün 5 il əvvəlkindən daha aktualdır. Az-çox açılan yeni iş yerlərinin fonunda mövcud iş yerlərinin qapadılması daha sürətlə gedir. Bu da inhisarların aktivləşməsi, kiçik və orta biznesin sıxışdırılması ilə bağlıdır. Rəsmi statistika isə problemin çözülməsinin çox asan və kəsə yolunu “tapıb”: Rəqəmləri saxtalaşdırmaqla guya işsizlik probleminin lokallaşdırıldığını subut etməyə çalışırlar. Əgər Azərbaycanda 640 min yeni iş yeri açılıbsa, hər gün yüzlərlə vətəndaş ölkəni niyə tərk edir? 640 min yeni iş yerinin açılması ilə bağlı gurultulu bəyanatlar verən irili-xırdalı bütün məmurlar bu sadə sualın qarşısında miskin məxluqlar kimi görünür. Əslində görünmürlər, bu, məhz belədir.

Nihad

("Azadlıq" qəzeti)


Zərdüşt Əlizadə: «Azərbaycan hakimiyyəti ölkədən kənarda heç nəyə qadir deyil»

Mirzə Xəzər 25 Mar 2008

no comments


zardusht


“BMT-dəki müzakirələr ikinci Lissabon sammitidir”

«BMT-də qəbul olunan sənəd bəlkə də real nəticələr verərdi, əgər səsvermənin yekunları bu cür biabırçı olmasaydı»

Hakimiyyət yenə də ənənəsinə sadiq qalaraq rəsmi KIV-də BMT-də Qarabağla bağlı keçirilən müzakirələrin yekununu Azərbaycanın “diplomatik uğuru” kimi qələmə verir. Halbuki səsvermənin nəticələrinə diqqət yetirsək görərik ki, Islam Konfransı ölkələri istisna olmaqla heç bir dövlət Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verməyib. Politoloq Zərdüşt Əlizadənin də fikrincə, rəsmi təbliğatda BMT-dəki səsvermənin nəticələriylə bağlı söylənilənlər reallığa uyğun deyil: - BMT-də Azərbaycanın ərazi bütövlüyülə bağlı keçirilən müzakirələr ikinci Lissabon sammitidir. O vaxtı Lissabonda da Azərbaycanın ərazi bütövlüyü rəsmi sənədlərdən çıxarıldı. Indi də BMT-də qəbul edilən qətnamənin mənası sıfra yaxındır. Son on ildə dünyada baş verən hadisələr göstərir ki, beynəlxalq hüquq get-gedə öz əhəmiyyətini itirir və dünyda hər şeyi qüvvələr nisbəti həll edir. Buna bariz nümunə kimi Kosovonu göstərmək olar. Ona görə də Azərbaycan hakimiyyəti beynəlxalq hüquq müstəvisində guya əldə etdiyi qələbəni şişirdib xalqa yedirmək əvəzinə, Qarabağ problemini gerçəkdən həll etmək üçün lazimi, zəruri olan tədbirlər görməlidir. Amma hakimiyyət bunda maraqlı deyil. “BMT-dəki səsvermənin nəticələri Azərbaycan üçün biabırçıdır” - BMT-dəki müzakirələri Lissabon sammiti ilə müqayisə etdiniz. Hakimiyyətin Lissabon sammitiylə bağlı yürütdüyü yanlış təbliğatın sonralar biz acı nəticələrini gördük. Bəs BMT-dəki son müzakirələrlə bağlı aparılan təbliğatın hansı fəsadları ola bilər? - Lissabon sammitinin əsas fəsadı ondan ibarət oldu ki, Azərbaycan xalqı iki il müddətində əldə olunmamış qələbəni bayram etməyə başladı. Nəticədə Qarabağ üçün görülməli olan işlərdən diqqət yayındırıldı. Indi də BMT-nin qətnaməsinin eyni cür bayram edilməsi Qarabağ münaqişəsinin mahiyyətindən bizi uzaqlaşdırır. Bu isə addım-addım işğal altında olan torpaqların bizdən alınması deməkdir. Hakimiyyət elə təsəvvür yaratmağa çalışır ki, Ilham Əliyev və Elmar Məmmədyarov Qarabağın Azərbaycana qaytarılması uğrunda böyük işlər görüblər. Əslində isə bunların heç biri həqiqətə uyğun deyil. - Xarici Işlər Nazirliyinin sözçüsü bəyan edir ki, Azərbaycan tərəfi BMT-dəki səsvermə nəticəsində bitərəf qalmış və ya ərazi bütövlüyümüzün əleyhinə çıxan dövlətlərə qarşı fərqli siyasət yürüdəcək. Sizcə, bu adi bəyanatdır, yoxsa həqiqətən də Azərbaycan hakimiyyəti həmin dövlətlərə qarşı real addımlar atacaq? - Məgər Azərbaycanın belə bir addım atmağa imkanı var? Bu bəyanat Molla Nəsrəddinlə bağlı məşhur bir lətifəni xatırladır: “Molla Nəsrəddin bir gün xurcununu itirir. Sonra gəlib kənd əhlinə deyir ki, xurcunumu tapmasaz, mən bilirəm nə edəcəm. Mollanın xurcunu tapılandan sonra ona sual verirlər ki, bəs xurcun tapılmasaydı, nə edəcəkdin? O da deyir ki, təzə xurcun tikəcəkdim”. Azərbaycanın BMT-dəki müzakirələr zamanı bitərəf qalmış 100 və əleyhinə səs verən 8 ölkəyə qarşı heç bir təsir imkanları yoxdur. Əgər həqiqətən də Azərbaycanın bu ölkələrə təsir etmək imkanı varsa, elə ondansa əsas problemi olan Qarabağı həll etsin. Azərbaycan hakimiyyəti öz xalqına qarşı müharibə apara bilər, onun hüquqlarını kobud şəkildə tapdalayaraq, onu əzə bilər. Amma Azərbaycan hakimiyyəti ölkədən kənarda heç nəyə qadir deyil. “Qarabağda neft olsaydı, bəlkə hakimiyyət torpaqlarımızın azadlığı üçün çalışardı” - Hakimiyyət rəsmiləri dəfələrlə bəyanatlarında qeyd ediblər ki, Qarabağ probleminin həlliylə bağlı ATƏT-in Minsk Qrupundan başqa ayrı müstəvidə işlərin görülməsinə ehtiyac yoxdur. O zaman BMT-də Qarabağla bağlı müzakirənin təşkilinə nə ehtiyac var idi? - BMT-də qəbul olunan sənəd bəlkə də real nəticələr verərdi, əgər səsvermənin nəticələri bu cür biabırçı olmasaydı. - Hakimiyyət rəsmilərinin özlərinin etirafına görə, onlar BMT-də səsvermənin nəticəsində həmsədr ölkələrin bitərəf qalacağı gözləyirlərmiş. Amma həmsədr ölkələrin səvermədə Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs vermələri bir növ sürpriz olub. Əgər Fransa, Rusiya və ABŞ-ın bu məsələylə bağlı mövqeyi əvvəlcədən məlum idisə, nəyə görə Azərbaycan müzakirənin keçirilməsində israr edib? - Bu müzakirələr hakimiyyətə təbliğat üçün lazım idi. Guya hökumət Qarabağ üçün əlindən gələni edir. Artıq 15 ildir ki Əliyevlər rejimi Azərbaycan xalqını əzməklə, onun mənəviyyatını pozmaqla məşğuldur. Hakimiyyətə Qarabağ lazım deyil. Yox əgər Qarabağda da neft olsaydı, bu olardı başqa məsələ. O zaman bəlkə hakimiyyət Qarabağın azadlığı üçün çalışardı. Amma təəssüf ki, Qarabağda neft yoxdur...


Xəyal Şahinoğlu

("Azadlıq" qəzeti)

Mirzə Xəzər: “Milləti millət edən qandakı qüdrətdi, Baba”

Mirzə Xəzər 25 Mar 2008

no comments

 

Yazmayan üçün yazmaq dərddir. Yazan üçün yazmamaq böyük dərddir. Düşünməyən üçün düşünmək zillətdi. Düşünən üçün düşünməmək böyük zillətdi. Əyri yazan üçün düz yazmaq cəzadır. Düz yazan üçün əyri yazmaq işgəncədir. Astarada Heydər Əliyev mirze_xezermuzeyi tikilir. Tikinti işlərinə 400 min manat vəsait xərclənəcək. Azərbaycanın hər bir şəhər və qəsəbəsində olimpiya komplekslərinin tikildiyini yada salsaq, muzey inşaatının da tezliklə bütün şəhər, rayon və qəsəbələri əhatə edəcəyini indidən təxmin etmək mümkündür. Olsun. Azərbaycan varlı dövlətdi. Rusiyanın Ulyanovsk şəhərində Heydər Əliyevin heykəli qoyulacaq. Qeyri-adi bir xəbər deyildir. Heydər Əliyevin heykəlləri çoxdandır Azərbaycanın hər yerini bürüyüb sərhədləri aşmışdır. Bu da olsun. Azərbaycan zəngin məmləkətdi. Şair Şərahil “kənd-kəsək, çarğı-bazar abidədir, bütdür Baba” deyə yazanda məhz bunu nəzərdə tutmuşdur. Göründüyü kimi, Azərbaycanı idarə edən rejim cansız heykəllər məsələsində çox əliaçıq və comərddir. Və aydındır ki, rejimin comərdliyi neft gəlirlərindən qidalanır. Yəni rejim öz şəxsi vəsaitini xərcləmir. Neft, şübhəsiz, böyük sərvətdir. Nigeriya da neft ölkəsidir. Nigeriya da neftdən milyardlar qazanır. Azərbaycanda neft canfəşanlığı 1994-cü ildə başlanıbsa, Nigeriyada 1970-ci ildən bəri davam edir. Beynəlxalq Valyuta Fondunun apardığı tədqiqata əsasən, 1970-2000-ci illəri əhatə edən müddətdə, yəni 30 il ərzində Nigeriya neftdən 350 milyard dollar qazanc əldə etmişdir. Məsələyə məntiqlə yanaşılsa bu qədər qazanc əldə edilən ölkədə əhalinin firavanlıq şəraitində xoşbəxt həyat sürdüyünü düşünmək doğru olardı. Ancaq neft canfəşanlığı dövrünü yaşayan ölkələrdəki vəziyyətə məntiqlə yanaşmaq yanlışlıqdır. Belə ki, Beynəlxalq Valyuta Fondunun tədqiqatəna görə, neft canfəşanlığının başlandığı 1970-ci ildə Nigeriyada ümumi əhalinin 36 faizi yoxsul idisə, 2000-ci ildə yoxsulların sayı 70 faizə çatmışdır. Deməli, avtoritar rejimin hakimiyyəti altında inildəyən Nigeriyada neft gəlirləri artdıqca yoxsulların sayı da artmışdır. Bəs Azərbaycan? Azərbaycanı Nigeriya ilə müqayisə etmək böyük səhvdir. Nə üçün səhvdir? Ona görə ki, Nigeriya Afrikada, Azərbaycan Qafqazda yerləşir. Misal üçün, neft satışı nəticəsində Azərbaycanın qazancı artdıqca, Bakıda göydələnlərin sayı çoxaldıqca qonşu Rusiyaya qeyri-qanuni yolla gedib orada ağır işlərdə işləyərək çörək pulu qazanan yoxsul azərbaycanlıların sayı durmadan artır. “Day.Az” saytnda dərc olunan məlumata baxılsa, yalnız Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburqda 200 min nəfər azərbaycanlı əmək miqrantı vardır. Müqayisə üçün deyək ki, eyni məlumata görə, Sankt-Peterburqa gələn yoxsul erməni əmək miqrantlarının sayı 25 min nəfərdir. Şərhə ehtiyac görmürük. Hər şey göz qabağındadır. Açıq-aydın görünür ki, Nigeriya ilə Azərbaycan arasında oxşarlıq ümumiyyətlə mövcud deyildir. Nigeriyalı yazıçı Çinua Açebe 1983-cü ildə yazırdı: “Nigeriya cəmiyyətinin bütün laylarını və təbəqələrini korrupsiya bürüyüb. Bir dövlət məmuru vəziyyətə belə yekun vurur: “Uşağını məktəbə göndərmək üçün rüşvət verməlisən. İş tapmaq üçün rüşvət verməlisən. İşi tapandan sonra onu əlində saxlamaq üçün rüşvət verməkdə davam etməlisən. Hər bir biznes kontraktı üçün layihənin qiymətinin 10 faizini rüşvət verməlisən. Vergi verməmək üçün vergi məmuruna rüşvət ödəməlisən. Xəstəxanada xəstəyə yaxçı baxılsın deyə həkimə və yaxud tibb bacısına rüşvət verməlisən. Və həbsdən canını qurtarmaq üçün polis nəfərinə rüşvət ödəməlisən. Bu siyahının axırı yoxdur.” Göründüyü kimi, nigeriyalı yazıçının dediklərinin Azərbaycana ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Çünki, Azərbaycan Nigeriya deyildir. Bəli, əziz oxucu, yazmayan üçün yazmaq, yazan üçün yazmamaq böyük dərddir. Şair Şərahilin bu misrası da dərddən irəli gəlir:

“Ədalət rüşvət ilə, həqqi-salam rüşvət ilə
Bu düzən şər düzəni, millətə zillətdi Baba
Qazisi çörəyə möhtac, satqını xani-vəzir
Yaltağı başlara tac, ayrı bir illətdi Baba”

Mirzə Xəzər

25.03.2008

 

Əvvəlki məqalələr

Sonrakı məqalələr