Anar Niftəliyev: Bu millət həmişə 37-ci ildə yaşayıb
Aylar öncə qəzetlərin birində Mir Cəfər Bağırov haqqında romanvari yazı qələmə alınmışdı. Həmin silsilə yazılardakı bir epizod heç vaxt xatirəmdən silinmir: M.C.Bağırovun istintaqında 3 müstəntiq iştirak edir – 2-si erməni, 1-i azərbaycanlı. Ermənilərdən fərqli olaraq, azərbaycanlı müstəntiq Bağırovla həddindən artıq qaba davranır, tez-tez onu döyür, söyür, təhqir edir. Onu Bağırovun istintaqına cəlb edəndə daha sərt, kobud olmağı, keçmiş birinci katibi söyməyi tələb etməmişdilər. Sadəcə, adam qul psixologiyası ilə ağalarına sədaqətini sübut etmək istəyir və bu yolda namusundan da keçir: günlərin birində evinə qayıdanda görür ki, erməni əsilli arvadı ilə müdiri bir yataqdadır. O, nə arvadından imtina edir, nə də müdirindən, namusu və “sədaqəti” müqabilində isə vəzifəsi bir az da böyüyür… ...Bir neçə gün əvvəl “Cavid ömrü” filminə baxdım. Yeni filmin bədii-estetik keyfiyyətləri bardə danışmaq istəmirəm – ayrı yazının mövzusudur. Yalnız onu deyə bilərəm ki, Anar Hüseyn Cavidin mühitini, ən əsası isə onu ələ verən həmkarlarının psixologiyasını çox gözəl ifadə edə bilib. Ən unikal detal isə “vətən xaininin ailəsi” kimi H.Cavidin xanımını ev-eşiyindən didərgin salandan sonra sığındığı uçuq-sökük komada ona göstərilən qonşu münasibətinin filmdəki ifadəsidir. Dünənə qədər H.Cavidə ucadan-uca və əlçatmaz kimi baxan şəxslər indi qonşularına çevrilən Cavid yadigarlarına gün verib, işıq vermirlər, addımbaşı onları təhqir edirlər. H.Cavidi satan alçaq həmkarları nəsə umurdular – Cavid ədəbi mühitdən gedəndən sonra onların imkanı genişlənəcəkdi, parlaya, tanına, mənsəb sahibinə çevrilə bilərdilər; M.C.Bağırovu söyüb-döyən, təhqir edən azərbaycanlı müstəntiq bu qədər namussuzluğun müqabilində vəzifə sevgisini təmin edəcəyini düşünürdü… Bu alçaqların çirkin niyyətləri vardı və onu həyata keçirmək üçün rəzillik edirdilər, bəs, Cavid yadigarlarına zülm edən qonşular nə qazanırdılar? Onlara tapşırıqmı gəlmişdi ki, Ərtoğrulu, Turanı gözümçıxdıya salsınlar? Yox! Onlar Cavid ailəsini təhqir etməklə repressiv aparat rəhbərlərindən mükafatmı alacaqdılar? Yenə də yox! Onlar yalnız canlarında, qanlarında olan yaltaqlığı, nökərçiliyi, iliklərinə qədər işləyən həsədi ortaya qoymaq üçün fürsət tapmışdılar – vəssalam! Ona görədir ki, repressiya illərində təkcə Azərbaycandan 2700, bütün keçmiş sovet respublikalarından isə cəmi 2200-ə qədər ziyalı və ədib güllələnmişdi. Yəni bütün SSRI-də məhv edilən ziyalıların yarıdan çoxu azərbaycanlı idi. O ziyalıları satanlar kimlər idi? Özümüz! Bunu Stalinmi yaratmışdı, ya Bağırovmu millətin ruhuna hopdurmuşdu? Inanmıram! Çünki 1937-ci ildən az qala 140 il əvvəl bu millətin iki şairi alınmaz qalanın açarlarını işğalçıya təqdim etmək müqabilində qaladakı məliküş-şüəranın, ən yaxşı şairin başını istəyirdilər – “Qətl günü”ndə rəhmətlik Yusif Səmədoğlu bunu çox gözəl ifadə eləyib… ...Səhv etmirəmsə, Əkrəm Əylislinin qəhrəmanıdır: bu “qəhrəman” yarınmaq üçün müdirinin ölən qohumuna şəhərin bərkgedən qəbiristanında yer tapmır, ancaq fürsəti də əldən vermək istəmir, ona görə də atasının qəbrini açdırır, sümüklərini güllü çemodana doldurub maşının arxasına atır və atasının boşalan qəbrini müdirinin ölən qohumu üçün hazırlatdırır. Bu qul psixologiyası hər bir ədibimizi narahat edib və onlar yazıblar, dərdlərimizi ortaya qoyublar ki, bəlkə nəticə çıxaraq. Hay çıxardıq ey! Günü bu gün də hansısa vəzifə sahibinə kimisə incitməyi tapşırırlar, adamsa nəinki tapşırılanı incidir, hətta onu həbs etmək, güllələmək üçün əlindən gələni və gəlməyəni beş qaba çəkir, bu azmış kimi “vətən xaininin” doğmalarına, yaxınlarına da təzyiqlər edir. Adam, sənə nə tapşırıq verilib, onu elə də, daha rəhbərə xoş gəlmək üçün şərəfsizlik, ləyaqətsizlik, əclaflıq… niyə edirsən? Mən bu adamların arasındayam – 2008-ci ildə, Azərbaycanın Avropa Şurasına üzv olduğu, Qərbə inteqrasiya yolunu tutduğu məqamda. Buna nə deyirsiz? Bunu içimizdəki qul təfəkkürünün daşıyıcıları edir. Və nə qədər ki, bu psixologiyanı daşıyanlarımız var – biz millət olmayacağıq, demokratik dövlət qura, Qarabağı azad edə bilməyəcəyik. Elə nökər doğulub, nökər də öləcəyik!
Anar Niftəliyev
(“Azadlıq” qəzeti)
Lalə Şövkət: «Silah alan alar, gedər öz torpağını azad edər»
Müharibə bəyanatları bizi gülüş obyektinə çevirir
Lalə Şövkət: «Silah alan alar, gedər öz torpağını azad edər» (Əvvəli ötən sayımızda) Seçki ilinin ilk ayı da sona çatmaq üzrədir. Prezident seçkilərinə getdikcə az vaxt qalır. Amma nədənsə 2008-in Azərbaycanda seçki ili olması hiss edilmir. Milli Birlik Hərəkatının lideri professor Lalə Şövkətlə müsahibəmizdə də elə bu və başqa suallara aydınlıq gətirməyə çalışmışıq: – Azərbaycanın adı daim qara siyahılarda çəkilir. Ölkənin əhalisinin sosial-iqtisadi vəziyyəti də göz önündədir. Günü-gündən yoxsulların, işsizlərin sayı artır. Amma bütün bunlara rəğmən hakimiyyət analoqu olmayan inkişafdan danışır və müxalifəti bu inkişafı görməməkdə ittiham edir…
- Bərəkallah! Siz nahaq onlara inanmırsınız. Analoqu olmayan inkişaf var. Onların planetində. Axı biz ayrı-ayrı planetlərdə yaşayırıq. Bu hakimiyyət həqiqətən də özü üçün analoqu olmayan dövlət qurub və analoqu olmayan səviyyədə milyardları mənimsəyir. Bu gün iqtidarla millət paralel dünyalarda yaşayır. Amma hər şeyi qoyaq bir kənara. Ölkəyə milyardlarla neft gəlirləri daxil olur. Azərbaycanda keçən il inflyasiya 30 faiz təşkil etdi. Amma pensiyaları 10 faiz qaldırdılar. Minimum əmək haqqı 60 manatdır, minimal istehlak zənbili isə 96 manat. Deməli, 60 manat alan Azərbaycan vətəndaşı heç qidalanmaq iqtidarında deyil. 1,5 milyondan artıq pensiyaçımız belə bir pensiyaya nə yaşaya, nə də ölə bilir. Bu halda kasıbların sayı azala bilərmi? Bu halda hansı rifahdan danışırlar? Götürək orta əmək haqqını. Bu gün Azərbaycanda orta əmək haqqı 228, Qazaxıstanda 420, Rusiyada 580, Ukraynada 380, heç bir təbii resursu olmayan Ermənistanda isə 250 dollardır. Indi desinlər görək bu analoqu olmayan inkişaf nədir? Desinlər, biz də bilək.
Bu yaxınlarda iqtisadi azadlıqların səviyyəsini ölçən və öna qiymət verən nüfuzlu “Heritage” beynəlxalq fondu 2007-ci il üzrə hesabatını dərc edib. Bu hesabatda Azərbaycan iqtisadi azadlıqların səviyyəsinə görə ən son yerlərdədir, Zimbabve ilə qonşuluqda. Azərbaycanda yalan, riyakarlıq baş alıb gedir – Cənubi Qafqazın o biri iki dövləti isə Azərbaycandan qat-qat yüksək səviyyədədir, Norveçlə, Latviya ilə qonşuluqda. Bu halda hansı inkişafdan danışmaq olar? – UNICEF-in 2007-ci ilə olan hesabatında ana və uşaq ölümünün səviyyəsinə görə Azərbaycan dünyada ən geridə qalmış Afrika ölkələri ilə bir sıradadır. Bəlkə buna inkişaf demək olar? – Başqa bir məqam. Iş yerlərinin sayı ilə bağlı fantastik rəqəmlər gətirirlər. Əgər bu qədər iş yeri açılıbsa, niyə 2 milyon azərbaycanlı çörək pulu qazanmaq üçün yurd-yuvasından didərgin düşüb. Ölkəni tərk edənlərin sayı günü-gündən artır. Bir də heç olmasa iki zavodun adını çəksinlər. Mən bulka bişirən sexləri demirəm. Belə sexlər var, düz deyirlər. Desinlər ki, neçə zavod və ya fabrik açıblar, qeyri-neft sektorunun səviyyəsi son illərdə necə qalxıb? – Məsələn, ötən il taxıl 3,6, pambıq 23,2, tütün 39,9, çay istehsalı isə 27 faiz azalıb. Bu inkişafdır, yoxsa tənəzzül?
Nüfuzlu “Transparency International” təşkilatının hesabatında Azərbaycan yenə də korrupsiyanın səviyyəsinə görə dünyada birinci yerdədir. Korrupsiya sözünün lüğəti mənası məmurların satqınlığı və rüşvətxorluğu deməkdir. Bəlkə “analoqu olmayan” deyəndə məhz bunu nəzərdə tuturlar? Ümumiyyətlə, Azərbaycanda yalan, riyakarlıq baş alıb gedir. Və çox təəssüf ki, cəmiyyətin buna etirazı yoxdur, nə ictimai qınaq, nə ictimai təpki var. Bu gün cəmiyyət artıq yalanı, satqınlığı, köləliyi, riyakarlığı, oğurluğu adi hal kimi qəbul edir. Cəmiyyət bir orqanizm olduğundan bu hallara qarşı, əfsuslar olsun ki, immunitetini itirib. Bu isə millət üçün faciədir. Cəmiyyətdə həmişə immunitet olmalıdır. Özünü mənəviyyatsızlıqdan qorumalıdır. Etiraz etməlidir. Amma təəssüf ki, bu da yoxdur. Müharibə etmək istəyən bəyanat verməz – Qarabağ məsələsində ATƏT-in Minsk Qrupu ilə Azərbaycan rəsmilərinin açıqlamalarında daim ziddiyyətlər müşahidə olunur. Sizcə, bu nədən irəli gəlir? – Ziddiyyətlər həmişə olub, ritorika da həmçinin. Amma fakt odur ki, Qarabağla bağlı məsələ günü-gündən gərginləşir. Artıq referendum məsələsi gündəmdədir. Dağlıq Qarabağda referendumun keçirilməsi isə artıq onun müstəqilliyidir. Bu isə bizim diplomatiyamızın məğlubiyyəti deməkdir. – Amma dövlət başçısı bir qarış torpağın da ermənilərə verilməyəcəyini deyir. Müharibə bəyanatları səsləndirir… – Bu da ritorikadır. Müharibə etmək istəyən bəyanat verməz, işini görər. Bu qədər silah almışam, topum var, tankım var deməz. Ümumiyyətlə bu haqda danışmazlar. Bununla kimi qorxuduruq? Ermənistanı? Onda heç olmasa bir rayonu azad edək. Bu cür bəyanatlar bizi gülüş obyektinə çevirir. “Ay silahlanıram, müharibə edə bilərəm” kimi fikirlər də dövlət xadiminə yaraşmır. Silah alan alar, gedər öz torpağını azad edər. Məgər Ermənistan dedi ki, silahım var? Amma gəldi 20 faiz torpağımızı işğal etdi. Bu gün fakt ondan ibarətdir ki, Azərbaycanın 20 faiz torpağı işğal olunub. Bax bu fakta istinad edib danışmaq lazımdır. Ritorik bəyanatlar vermək lazım deyil.
Vidadi
(“Azadlıq” qəzeti)
Mehriban Vəzir: “Məhəmməd Əmini danmaq göydə Günəşi danmağa bənzəyir”
HAKİMİYYƏT RƏSULZADƏNİ UNUTDURMAQ ÜÇÜN DƏYƏNƏK SİYASƏTİNƏ KEÇİR
Azərbaycan hakimiyyətinin Xalq Cümhuriyyətinin qurucusu, milli öndər Məmməd Əmin Rəsulzadəyə qarşı kəskin mövqedə olması sirr deyil. Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən bu günə qədər Rəsulzadənin adının yaddaşlardan silinməsi yönündə hazırkı iqtidar əlindən gələni edib. Yanvarın 31-də – Rəsulzadənin doğum günü – baş verənlər isə hakimiyyətin milli öndərə münasibətində yeni çalarları ortaya çıxardı.
İndiyə qədər Məhəmməd Əminin adının universitetdən götürülməsi, heykəllərinin qoyulmasına qadağalar və digər bu tipli yasaqlarla mübarizə aparılırdı. Doğum günündə isə Rəsulzadəni dinc aksiyalarla yad edən insanların üzərinə polis yeridildi. Vaxtilə heykəllərinin ucaldılması üçün ayrılan yerlər polis mühasirəsinə alındı. Qurucusu olduğu Bakı Dövlət Universitetinin tələbələrinə onu yad etməyə imkan verilmədi. Rəsulzadənin doğum günündə ona ehtiram nümayiş etdirən gənclər həbs edildi. Məhz bu faktlar hakimiyyətin Rəsulzadə ilə mübarizəni daha sərt müstəviyə keçirdiyinin göstəricisidir. Hakimiyyətin bu münasibəti cəmiyyətdə kəskin narazılıqla qarşılanıb. Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin sədri, yazıçı-publisist Mehriban Vəzir “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rəsulzadənin doğum günü hakimiyyətin tutduğu mövqe rüsvayçılıqdır: “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətçiliyinin rəmzidir. 70 il sovet rejimi Rəsulzadə adını unutdurmaq üçün hər cür qanunsuzluğa qol qoydu. Milli azadlıq hərəkatı başlayanda Rəsulzadə adı bir bayrağa çevrildi. 1993-cü ildən etibarən isə Rəsulzadəyə sovet dövründəki amansızlıq vüsət almağa başladı. Bu proses günə qədər də davam edir. Rəsulzadəyə qarşı olmaq Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə qarşı olmaq deməkdir. Belə çıxır ki, indiki hakimiyyət müstəqilliyə, dövlətçiliyə, demokratikləşməyə düşmənçilik edir. Rəsulzadəyə düşmən münasibət Azərbaycan xalqına düşmən olmağın təzahürüdür. Bunun başqa adı yoxdur. Mən bir vətəndaş olaraq bu hakimiyyətin Rəsulzadəyə qarşı tutduğu mövqedən, xüsusən də yanvarın 31-də Rəsulzadəni yad edən gənclərə qarşı davaranışından utanıram. Rəsulzadə bu vətən üçün ömrünü verib. Ömrünü bu vətən üçün verənlər bu vətəndə repressiyaya məruz qalır”. Mehriban Vəzirin sözlərinə görə, 70 illik Sovet imperiyası Məhəmməd Əmin Rəsulzadəni Azərbaycan xalqının qəlbindən qopara bilməyibsə, indiki hakimiyyətin bunu bacarması mümkünüzdür: “Rəsulzadəni danmaq göydə günəşi danmaq kimi bir şeydir. Rəsulzadə adının, işığının üzərinə uzun illər pərdə çəkiblər, lakin o işığı söndürə bilməyiblər. Çünki Rəsulzadə işığı sönməzdir. Dünyaya meydan oxuyan sovet imperiyası Rəsulzadə həqiqətinin qarşısında əridi. Bu, bir dərsdir. Hakimiyyətin bu dərsdən nəticə çıxarmaması adamı heyrətləndirir. Zaman keçəcək, Rəsulzadəyə qarşı olanlar bu xalq üçün yoxa çevriləcəklər. Rəsulzadə isə daima var olacaq. Bunu hamının anlaması gərəkdir. Yanvarın 31-də gənclərin şəhərin müxtəlif yerlərində, həmçinin Bakı Dövlət Universitetində Rəsulzadəni o cür ehtiramla yad etmələri bir daha sübut edir ki, Məhəmməd Əmin öz heykəlini xalqın, gənclərimizin qəlbində qurub. Bundan böyük qələbə yoxdur. Rəsulzadə qalibdir”. Mehriban Vəzir vurğuladı ki, zaman öz məntiqini ortaya qoyub. Rəsulzadəyə qarşı vuruşan hakimiyyət onun yaratdığı üçrəngli bayrağın qarşısında diz çökmək məcburiyyətində qalıb: “Onlar həmin bayrağın qarşısında diz çökməyi sevə-sevə etməyiblər. Əlacları yoxdur, zaman onları buna məcbur edir. Onlar bu bayraqdan ötrü vuruşmayıblar, məhrumiyyətlərə məruz qalmayıblar, şəhid olmayıblar. Əksinə, Rəsulzadənin yaratdığı bayrağa indiki hakimiyyətdəkilər hələ sovet dövründən düşmən kəsiliblər, nifrət ediblər. Rəsulzadə həqiqətinin qalib gəlməsi budur ki, onun yaratdığı bayrağa düşmən kəsilənlər onun qarşısında diz çökmək, onu başının üzərindən asmaq zorundadırlar. Rəsulzadə onların qarşısında bu cür də qalib gəlib”.
“RƏSULZADƏYƏ QARŞI DÜŞMƏNÇİLİK DAVAM EDİR”
Xəbər verildiyi kimi, “Dalğa” Gənclər Hərəkatının, Azərbaycan Demokratik Gənclər Hərəkatının üzvləri , Bakı Dövlət Universitetinin bir qrup tələbəsi və Müsavat Partiyasının təmsilçiləri ulu öndər Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı şəhərin müxtəlif yerlərində tədbirlər keçiriblər. Rəsulzadənin adı ilə bağlı yerlərə gül dəstələri düzülüb, əhaliyə onun əksi olan təqvimlər və broşurlar paylanıb. Polis demək olar ki, hər yerdə bu aksiyaların keçirilməsinə ciddi maneçilik törədib, 14 nəfər gənc qeyri-qanuni olaraq tutularaq polis şöbəsinə aparılıb. Bir müddətdən sonra onlar sərbəst buraxılsa da, bəziləri haqqında inzibatı tədbirlər görülüb. Müsavat Partiyası polisin bu özbaşınalığını ölkədə siyasi azadlıqların məhdudlaşdırılması, hakimiyyətin ölkənin tarixinə, siyasi-mənəvi irsinə, Azərbaycan Xalq Cümhuriyyətinə və onun banisi M.Ə.Rəsulzadəyə qarşı apardığı ənənəvi düşmənçilik siyasətinin bariz nümunəsi kimi qiymətləndirir: “Biz hakimiyyəti ölkə tarixinin görkəmli simalarına qarşı yürütdüyü bu iyrənc siyasətdən çəkinməyə çağırır və bəyan edirik ki, 70 il ərzində repressiv kommunist rejiminin, Stalin irticasının xalqın qəlbindən silə bilmədiyi bu ünlü simaların, birinci növbədə ulu öndər M.Ə.Rəsulzadənin parlaq şəxsiyyətinə kölgə sala bilməyəcəklər. Azərbaycan xalqı öz tarixini və bu tarixdə kimin hansı rol oynadığını yaxşı bilir”. Müsavat Partiyası gənclərin aksiyası vaxtı onlara qarşı təhqir və təzyiqlərə yol verən bütün günahkar şəxslərin cəzalandırılmasını tələb edir.
Etibar SEYİDAĞA
(“Yeni Musavat” qəzeti)