MİRZƏ XƏZƏR: «BİLİRLƏR Kİ, XARİC, QƏRB, ABŞ, AVROPA KƏSKİN ETİRAZ ETMƏYƏCƏK»
2003-cü ilə qədər «Azadlıq» radiosunun Azərbaycan redaksiyasına rəhbərlik etmiş jurnalist Mirzə Xəzər «Media forum» saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının 2008-ci il dekabrın 30-da xarici radiostansiyaların yayımı ilə bağlı çıxardığı qərara münasibət bildirib.
M.Xəzər deyib ki, 1993-cü ildə Heydər Əliyev hökumətində dövlət katibi postu tutan Lalə Şövkətlə yaxın münasibətlərinə söykənərək radionun orta dalğada yayımına nail olub: «Həmin ilin sentyabrından radio orta dalğada yayımlandı, bu da onun dinləyicilərinin artmasına gətirdi. İndi isə söhbət FM dalğasından gedir. Radio bu dalğaya mən Azərbaycan redaksiyasının rəhbərliyindən gedəndən sonra keçib. Təzə hadisədir».
Radionun milli tezlikdən çıxarılmasını şərh edən jurnalist tarixə ekskurs edib: «2003-ci ildə məni işdən çıxaranda əsas onu irad tuturdular ki, Azərbaycandakı hadisələrə çox tənqidi yanaşıram, korrupsiyadan çox danışıram. Məni işdən çıxarandan sonra orta dalğanı təhvil verib FM-ə keçdilər. Adını da qoydular böyük nailiyyət. İndi də bu nailiyyətin sonu gəldi».
1998-ci il prezident seçkisi ərəfəsində «Azadlıq»ın orta dalğada yayımının dayandırıldığını xatırladan M.Xəzər o zaman 3-4 həftə mübarizə apardıqlarını və orta dalğanın bərpasına nail olduqlarını vurğulayıb: «İndi dövran başqa dövrandır».
Jurnalistin fikrincə, hakimiyyətin radiolarla bağlı qərarında bir məntiq də var: «Hökumətin arqumenti dövlətin suveren hüquqları çərçivəsinə daxildir. Təsəvvür edin ki, Azərbaycanın milli radiosu ABŞ-da FM dalğası alıb ingilis dilində təbliğat aparır. Buna Amerikada icazə verilməz, ona görə Azərbaycanda da icazə verilməz. ABŞ da müstəqil, suveren dövlətdir, Azərbaycan da. Bu yöndən yanaşanda Azərbaycan hakimiyyətinin addımı o qədər də qeyri-adi görünmür. Bircə o qalır ki, nə üçün məhz indi bu addımı atdılar».
«Sizcə, nə üçün» sualını M.Xəzər belə cavablandırıb: «Ola bilər, ABŞ-da prezident dəyişdiyinə, hamının başı bu prosesə qarışdığına görə, ola da bilər, Azərbaycan hakimiyyəti müstəqil olduğunu qabartmaq istəyir».
Bu qərarın Azərbaycan dövlətinin imicinə nə cür təsir edəcəyinə gəlincə, M.Xəzər vurğulayıb ki, hökumət bu məsələni bir günün içində həll etməyib: «Hər şeyi götür-qoy ediblər, bilirlər ki, xaric, Qərb, ABŞ, Avropa kəskin etiraz etməyəcək, bəyanatlardan o tərəfə getməyəcək. Yoxsa bu addımı atmazdılar».
M.Xəzərin dəyərləndirməsinə görə, Azərbaycan hakimiyyəti xarici radioları bağlamayıb: «Həmin radioların yayım üçün başqa imkanları var. «Azadlıq» radiosu populyarlığın ən pik nöqtəsinə qısa dalğada, verilişlər xırıltıyla yayılanda çatmışdı. Fəaliyyət və təsir dairəsini gücləndirmək üçün çox vasitə var. Bu imkanlardan istifadə edib öz verilişlərini yaya bilərlər».
«Media forum»
2008-12-30 - 19:39:00
Əli Əkbər: Azərbaycanlının kitabsızlığı, tənəzzül yox, özünə qayıdışdır
alekper.aliyev@gmail.com
İnsan passionarlığının nəhəng məhsulu olan Sovetlər İttifaqı, Çar Rusiyasından fərqli olaraq, Cənubi Qafqaza və onun həşarat sakinlərinə qarşı münasibətdə, olduqca humanist davranır, burada yaşayan adamfason məxluqları insan yerinə qoyurdu. Həri, kommunistlər ermənini, azərbaycanlını və gürcünü insan balası bilib, burjuyların övladları üçün nəzərdə tutulmuş gimnaziyaların qapılarını hamının üzünə tay-batay açıb “oxyun” dedilər. Bitimizi-birəmizi təmizləyib, bizləri parta arxasında oturtdular. Günü-gündən məktəblərin sayı artırdı. Sonra növbə ali təhsil ocaqlarına gəldi. Ardından isə bizim üçün kitabxanalar, kitab mağazaları açdılar, “adam olun” dedilər. Biz də çox burcudduq, dodaq büzdük, istəmədik. Kommunist yoldaşlar isə buna məhəl qoymadılar - sevə-sevə, minə-minə əlimizə kitab verib, dalımızdan təpik vurub qismən də olsa, camaatda oxumağa vərdiş yaratdılar. Kənddə, qəsəbədə, rayon mərkəzlərində kitab mağazaları, kitabxanalar açdılar. Əli aftafalı, dodaqları dualı, qırmızı saqqal qoca baqqal kişilərimiz, beli şallı nənələrimiz məcbur qalıb övladlarını “işkola” yazdırdılar.
Sözüm odur ki, 70 il boyunca, Rus bizə qapaz vura-vura, kitabı sevdirməyə çalışdı. Kitablar yüz minlik tirajlarla çap olunur, camaat artıq prestij naminə bunlara abunə yazılır, ya da mağazalardan alırdılar. Lakin yenə də oxumur, evin anturajı, mebelin rənginə uyğun düşən aksesuar kimi istifadə edirdilər. Rəflərimiz kitablarla dolsa da, başlarımız boş qalırdı. Əhalinin bir-iki faizi həqiqi mənada ya oxuyardı, ya oxumazdı.
Rəflərimizdə “Maddonna” servizlərin, “Bogemaların”, xrustal vazaların yerini tutan bu murdar kağız yığınlarına nifrətlə baxıb, köks ötürürdük.
Azərbaycanlıların kütləvi halda müsəllət olduğu bu eybəcər xəstəliyi ən bariz şəkildə əks etdirən “Evləri köndələn yar” tamaşasını və Siyavuş Aslanın yaratdığı alverçi, bazarkom obrazını, bu obrazın kitaba münasibətini yəqin hamınız xatırlayırsınız. Yekəqarın, peysər bazarkom “Hellas” adlı kitabın arasına qırmızı onluqları yığaraq, kitabdan seyf kimi istifadə edir, camaatı da buna çağırırdı! Xeyr, bu bəsit bir ironiya deyildi. Əgər bu durum tendensiya halını almasaydı, əmin olun tamaşası da çəkilməzdi. Deməli
o gün olduğu kimi, bu günün özündə də, o bazarkom kişi, ortastatistik azərbaycanlının prototipidir.
Hellas! Kitab anlayışının özü və kitab oxuyan azlıq, məhz bu cür ələ salınırdı. Və hamı gülürdü. Azərbaycanxananın sakinləri, bu tamaşaya güldükcə, kitabdan uzaqlaşır, uzaqlaşır, uzaqlaşırdılar... Eyni sürətlə də pulun əhəmiyyəti artırdı. Ümumiyyətlə fikir vermisinizsə, azərbaycanlılar ən çox güldükləri obrazlara oxşamağa başlayırlar. Məsəlçün bizim əksər kişilərimiz Siyavuş Aslana, Hacıbabaya, arvadlarımız da Afaq Bəşirqızına, Nəsibə Zeynalovaya bənzəmirlərmi?
Nə isə, mövzudan uzaqlaşmayaq. Qayıdaq camaatın kitaba münasibətinə. Hələ sovet dövründə, məktəbdən çıxıb “semiçka” almağa qaçardıq. On qəpiyin müqabilində, bizə verilən bir stəkan tum, bükülmüş kitab səhifəsinə doldurulardı. Bu da azərbaycanlının kitaba verdiyi ən layiqli qiymət idi. Böyüdükçə gördüm ki, tum satanların və cırılan kitabların sayı artır. Bir neçə ay əvvəl aldığım tumun büküldüyü kitab səhifəsinə, açıb maraqla baxdım. “İlahi komediya” kitabından bir səhifəydi. Bu da azərbaycanlıların Danteyə münasibəti...
Rusun qorxusundan riyakarcasına kitab oxuduğunu imitasiya edən azərbaycanlı, müstəqilliyi ən çox ona görə arzu edirdi ki, kitab mağazalarını və kitabxanaları tez-bazar bağlasın, bunların yerində marketlər, banklar, geyim mağazaları, exchange ofisləri açsın. Rus ayağını xarabamızdan çəkən kimi, təbii halımıza qovuşduq. Silah zoruna, şillə-təpik gücünə evlərimizə doldurulan kitabları dərhal vıyıldatdıq küçələrə, ya da “bir nizamidən” bukinistlərə təhvil verdik. Semiçka satanlar bayram edirdi! Zibilliklərdə kitabların
sayı artdıqca, tum satanların da sayı proporsional olaraq artırdı. Kitablardan boşalan rəflərə isə, illərdir arzusunda olduğumuz “Maddonnaları” düzdük.
İl yarım əvvəl dostum Rasimlə, Hüsi Hacıyev küçəsində yerləşən (artıq yerləşmir) Texniki Kitabxananın yanından keçəndə, onun təmirə bağlandığını gördük. Dostum “nə yaxşı” dedi, “nəhayət kitabxananın da təmir edildiyinə şahid olduq”. “Sevinməyə tələsmə” dedim, “burda ya mağaza, ya da bank olacaq”. Elə də oldu. Rasimlə növbəti dəfə oradan keçəndə, dostum gözlərini bərəldərək yeni açılan banka baxırdı. “Ölkədə tənəzzül yaşanır” dedi. Dostuma üzülməməyi məsləhət gördüm. Çünkü onun tənəzzül adlandırdığı, əslində özünə
qayıdış idi.
Bəli, indi bizlər əsl simamıza, ya da simasızlığımıza qovuşmuş camaatıq. 70 il ürəyimizdə kitaba qarşı duyduğumuz nifrəti, kini qusmaq üçün nəhayət münbit şərait yaranıb. Niyə də istifasdə etməyək bu azadlıqdan? Axı bu bizim azadlığımızdır! Bu bizim müstəqil ölkəmizdir! Nə vaxta qədər süni şəkildə yaradılan “kitab oxuyan xalq” imicinə dözəcək, rol oynayacaqdıq? Nə zamana qədər rusun sapoqu altında əziləcəkdik? Üsyan bayraqlarını qaldırıb, meydanlara töküldüyümüz günü xatırlayanlar yaxşı bilir – o bizim “kitaba
üsyan” günlərimiz idi. Əks təqdirdə, “Oturmayan ermənidi” qışqıran çuşkaların əmri ilə, yüz minlərlə beyinsiz məxluq, soyuq asfaltın üstünə oturub, babasilini iltihablandırmazdı.
Azərbaycanlıların kitabsızlığı, tənəzzül deyil ki, bundan utanaq, kompleksə qapılaq. Bu sadəcə olaraq, rusdan canını qurtaran millətimizin özünə qayıdışıdır...
Xəlil Rza Ulutürkün "Mirzə Xəzər" poeması
Xəlil Rza Ulutürk
Mirzə Xəzər
Mirzə Xəzər! And olsun sökülən dan yerinə;
Dan yeri tək pakizə, saf şerimi yazıram.
Bu paklığın uğrunda ölməyə də hazıram,
Qalmağa da hazıram.
Görməmişəm üzünü... Təbrizim, Rzam qədər,
Qardaşım Rüstəm qədər doğmamsan, yaxınımsan,
Ürəyimin başında
Məhəbbət axınımsan.
Sən qaldırdın səsini ən gərgin, çətin anda,
Şərin qanlı əlləri
Xalqımın boğazından
Bərk yapışıb sıxanda!
Var gücünü toplayıb
Az qala Qoşqarımı, Kəpəzimi yıxanda!
Sən ucaltdın səsini necə də müdhiş anda,
Avtomatlı horilla, neandertal sürüsü
Mənim telegüzgümü,
Yüz yürdən partladanda.
Bakı qar çovğununda... qar üstə göllənən qan,
Gecələr patrul gəzir, əlində dolu naqan.
Plaşının altındfa batareya işığı,
Görür, yerdən qaldırmır yaralı bir uşağı.
Sən ucaltdın səsini ah, necə müdhiş anda,
Yarımsatqın qəzetlər əqrəb kimi susanda,
Litva bəxtiyar imiş... qanı sel-sel axsa da,
Avropanı silkədi bağrından çıxan səda.
Fəryad qılan Xalqımın cınqırı da çıxmadı,
Yerbəyerdən uzanan
Hansı qanlı caynaqlar
Hulqumunu sixmadı?
Omba durdu “Pravda” mağaranın dibində,
Azərbaycana qarşı tapancası cibində!
Dilinin altında öd,
Milli sülhə çağıran dadsız, duzsuz bir öyüd!
“Moskovski novosti”, “İzvestiya” xəyanət,
Yerli “Kommunist” qəzeti yarı mərd, yarı namərd,
“Litqayeta” kəmfürsət... İqor Belyayev ilan –
Hər dəfə hayqıranda zəhər saçdı ağzından.
Xəlil Rza zindanda... Seyid Tahir Abbas da
Qandallanıblar... susur, dağ vulkanı olsa da.
Etibarın qolları paslı zəncir daşıyır,
Ramiz Duyğun köksündə zəlzələlər yaşayır.
Məhəmməd Tantəkinii gəmirir yüz canavar,
Görürlər ölməyib, yox... hələ yarı canı var.
Qafarlı Elmiranın qərarını saymadan,
Boğazlamış Bakını “Kalaşnikov”lu nadan.
Məktəbli Larisanın çantası qan içində,
Hökm eyləyir Moskva – Yaşa bu lal biçimdə!
Mirzə Xəzər! Səs saldın sən bu sükut anında,
Ağ bir ildırım oldun bəlkə qətrandan qara
Cahan asimanında,
Bir şəfa məlhəmiydi qaldırdığın səs-səda.
-- Bu dünyada otun, suyun, torpağın da yaddaşı var,
Sındırılmış bir budağın, söndürülmüş ocağın da
yaddaşı var.
Sən o günlər cahanda bəlkə yeganə səsim,
Ey mənim təbərrikim, tutiyəm, müqəddəsim!
Hayqır, qorxur səsindən qul ürəkli ağalar,
Səsin eşidilməsə, haqq-ədalət boğular.
Səndən necə çəkinir bu çaqqallar sürüsü,
Ayaq tozuna dəyməz generallar sürüsü.
Qan dənizi yaratmış admirallar sürüsü,
Muzdlu nökərləri qoy gəlsin, çəkməni öpsün.
Köpsün qoy acığından mağara sakinləri,
İçlərində qıvrılsın qəzəbləri, kinləri.
Sənə böhtan atdılar, özləri oldu ləkə,
Partlasın qəzəbindən böhtan, ləkə xadimi.
Neçə sülənən gəda –
Müstəmləkə xadimi!
Sənə böhtan atdılar “Kommunist”qəzetindən,
Maskalanmış, sarınmış bir iblis qəzetindən.
Tindən güllə atdılar... Xeyr, tutmadı səni,
Qaytarıb böhtançıya tuşlayıram gülləni:
--Əlli manat muzd aldın, ye, boğmalan, gəbər, öl,
Gəbərməsən, o muzdu Şahnəzərlə yarı böl!
Henrix Borovik ilə,
Belyayevlə yarı böl!
Mirzə Xəzər! Səsinlə göydə ulduzlar yanır.
Hər cümləndə işıqlı bir kəhkəşan saxlanır.
Mirzə Xəzər! O alçaq Azərbaycan deyil, yox,
Düşmənlərin hinində kor toyuqdu, las toyuq.
Çaşdım, toyuq söylədim, inan, qoca tülkü də
Ondan yüz qat şərəfli, ağbəxtdir bu ölkədə.
Yad önündə diz çöküb hər gün sülənən gədə
Yalan, böhtan qusduqca rəzilləşir get-gedə.
Mirzə Xəzər! Yamandır xəbərsizlik bəlasə--
Azərbaycana qarşı Moskvanın yapdığı sükut
blokadası!
Ölüm blokadası!
Susma! Qızıl – qırmızı qanlı imperiyanın
Yerə gəlir arxası,
Gəbərəcək darğası.
Səsin qulağımda yox, gözlərimin üstədir,
Şəhidlər türbəsində solmayan güldəstədir,
Səsin, inan, əzizdir Bəstə nigarım qədər,
“Çahargah”ım, “Segah”ım, “Şur”um, “Qatar”ım
qədər.
Susma! Hayqır cahana Ulutürkün səsini,
Yerin-göyün səsini, haqqın səs töhfəsini.
Əsirgəmə bəşərdən od saçan nəfəsini,
Səsin – bahar nəsimi, Cavid, Babək, Nəsimi!
Canavar zağasını dağıdır sənin səsin,
Təbərrikim, tutiyəm, gülnəfəs müqəddəsim,
Nu səadət, bu sərvət
Qəbrədək mənim bəsim...
Azərbaycan yaralı... yüz yerdən kəsim-kəsim...
Səsinə quzu kəsim.
Susma, ucalt hökmünü,
Ey mənim dadirəsim.
Ulutürkün vardırsa Xəzər kimi arxası,
Darmadağın olacaq bizə qarşı Kremlin
Sükut blokadası,
Ölüm blokadası!
Bakı, dördüncü gün
24 ocaq 1991
Mənbə: “Xəlil Rza Ulutürk – Uzun sürən gənclik” kitabı, Azərnəşr, 1993


