Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Aöacanqızı: VƏTƏN bir olur- ikinci VƏTƏN olmur!

Mirzə Xəzər 31 Dek 2008

no comments

melahet2

İlin son günüdür. Bu ilin son iki ayında RUHumun yaşadığı möcüzəli sevinclərə görə DƏYƏRLİ Mirzə Xəzərə minnətdaram. ”Mirzə Xəzərin Səsi”- internet qəzeti mənim üçün həsrətində olduğum AZADLIQ meydanı oldu.


Bir vaxtlar haqsızlığa etiraz etmək üçün AZADLIQ meydanına yığılardıq. Qəzet, televizor isə ikinci MEYDAN sayılardı. AZADLIQ meydanında düyünlənmiş yumruqlar yuxarı qalxanda SOVET hökumətinin dizləri əsirdi... İndi AZADLIQ meydanına yağan qarın üstündə bir KİŞİ ayağının izi yoxdur. Nəinki ayaqları ilə, heç sözləri ilə də KİŞİ kimi ”iz” qoyan yoxdur. Guruldayan ZİYALILAR “laqeydlik, biganəlik” yuxusuna gediblər. Təzə-təzə gözlərini ovuşdurub ayılırlar. Fəxri Xiyabanda dəfn olunmaq eşqi ilə ölmək istəyən “ziyalılar” zəhmət çəkib ölməsinlər. Onları nəinki Fəxri Xiyabanda heç Xırdalan qəbiristanlığında basdırmayacaqlar. Bir azdan Şeyxin iştirakı ilə ölüləri yandırıb külünü Xəzər dənizinə səpələmək qərarı qəbul olunacaq. Milli Məclisdə Dövlət Himninin sözlərinin çox uzun olması səslənirsə -İNSAN ömrünün də uzunluğuna norma qoyulacaq.


Misir fəlsəfəsində belə bir fikir var - CƏNNƏT qapısından keçmək üçün iki suala cavab verməlisən: ”Həyatında xoşbəxtliyi yaxaladınmı? Başqalarına xoşbəxtlik bəxş etdinmi?”
Son iki ayda “Mirzə Xəzərin Səsi” internet qəzetində yazılarımla bağlı yaşadığım və yaxaladığım xoşbəxtlik anlarının səbəbkarı Ustad Mirzə Xəzərdi! O, başqalarına xoşbəxtliyi yaxalamaqda yardımçı olan və başqalarına xoşbəxtlik bəxş etməyi bacaran ZİYALIdır.
Dərdi olan “ağı” deyər. ”AĞI” deyənin ağzını tikən adamın əli quruyar.


Yazılarımı”Xudafərin” blokuna böyük zövqlə yerləşdirən hörmətli Elman Mustafazadəyə təşəkkür edirəm! Ustadına, müəlliminə dəyər verməyi bacaran ŞƏXS - elinin-obasının dərdinə-qəminə də dəyər verməyi bacarar. Vətəndən uzaqda yaşayan Elman bəyin gördüyü işlər, Vətəndə yaşayan LAL-KAR ziyalıların xidmətindən böyükdür.


ALLAH insana gözü, qulağı, ayağı, əli cüt verəndə baş verən qəzaları nəzərə alıb. Yəni bədən üçün ən vacib olan üzvləri qoşa verməklə “ Heç vaxt KOR, KAR olma! Dayanma! Yardım et!” deyib. ALLAH insana ehtiyat BƏDƏN də verib. Yəni ikinci əsl insan ömrünü yaşamaq üçün verilən ŞANS. İNSAN var iki gözünü, qulağını,əlini,ayağını çürütməklə yanaşı , ikinci ömrünü də çürüdüb. Adi adamların çürük QOZ ömrü yaşamaqları qorxulu deyil. Qorxulu - DAĞ bildiyimiz ziyalıların çürük QOZ olmasıdır. Onların nə birinci ÖMRÜ,nə də ikinci ÖMRÜ olub.Başı kəsilmiş BƏDƏNlərin səsi gəlməz, ancaq qarnı “quruldayar”


Öldürdün bədənimi-
Bədənsiz başam indi.
Kəsib atdım başını-
Başsız bədənsən indi.
Nə Sənin başın var,
Nə də dünyanın.
Allahım!
Bir BAŞla-
BAŞsız bədənləri
BAŞsız dünyada
Necə fırladım indi?


İLİN son günüdür. Boz SİÇAN civildəyə-civildəyə aradan çıxır. Sarı ÖKÜZ böyürə-böyürə gəlir . Deyilənə görə YER kürəsi ÖKÜZÜN buynuzları üstündə dayanıb. Maraqlıdır ,gələn hansı ÖKÜZdür? YER kürəsini buynuzları üstündə saxlayan, yoxsa ehtiyatda olan ÖKÜZ? Bu il qırmızısifət, qırmızıpaltar adamların vəziyyəti yaxşı olmayacaq. Sarı ÖKÜZ qəfildən onlara gözəgörünməz zərbələr vuracaq...


Mən müşahidə etməyi çox sevirəm. Əvvəllər ağacları, çiçəkləri, yarpaqları, yağışı,qarı... bütün təbii gözəllikləri müşahidə edirdim. İndi isə süni eybəcərlikləri müşahidə edirəm. Çünki təbii heç nə qalmayıb. Ağaclardan tutmuş adamlara kimi hər şeyə şübhə ilə baxıram. Yalançı bığ-saqqal,yalançı qaş-göz bolluğudur.Qonşunun azyaşlı oğlu hamama girib qaşlarını qırxıb. Ona cəza verəndə ağlaya-ağlaya qışqırıb: ”Bəs anam niyə qırxıb?” Yaxşı olar Yeni ildə hər kəs ƏSL başını, ürəyini ,qaşını, saçını, əlini, ayağını tapıb yerinə qoysun...Yoxsa əsl insan olmayan şəxsin ƏSL VƏTƏNi olmaz. VƏTƏN bir olur- ikinci VƏTƏN olmur!

P.S.“Mirzə Xəzərin Səsi”-internet qəzetinin bütün oxucularına Yeni ildə yeni-yeni uğurlar arzu edirəm! Ciddi qəzetin bir OXUCUsu “LAĞLAĞI” qəzetlərin bütün oxucularından və BAŞ REDAKTORundan daha zövqlüdür.

Əvvəlki məqalə: "Mirzə Xəzərin Səsi" İnternet Radiosunu bu ölkələrdə dinləyirlər

Sonrakı məqalə: Məlahət Ağacanqızı: YAZIÇILAR BİRLİYİNİN “BİRTƏHƏR, HAVALI” ŞAİRLƏRİ, YAZIÇILARI...

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3781

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin