Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Əli Əkbər: Azərbaycanlının kitabsızlığı, tənəzzül yox, özünə qayıdışdır

Mirzə Xəzər 29 Dek 2008

no comments

ali

alekper.aliyev@gmail.com

İnsan passionarlığının nəhəng məhsulu olan Sovetlər İttifaqı, Çar Rusiyasından fərqli olaraq, Cənubi Qafqaza və onun həşarat sakinlərinə qarşı münasibətdə, olduqca humanist davranır, burada yaşayan adamfason məxluqları insan yerinə qoyurdu. Həri, kommunistlər ermənini, azərbaycanlını və gürcünü insan balası bilib, burjuyların övladları üçün nəzərdə tutulmuş gimnaziyaların qapılarını hamının üzünə tay-batay açıb “oxyun” dedilər. Bitimizi-birəmizi təmizləyib, bizləri parta arxasında oturtdular. Günü-gündən məktəblərin sayı artırdı. Sonra növbə ali təhsil ocaqlarına gəldi. Ardından isə bizim üçün kitabxanalar, kitab mağazaları açdılar, “adam olun” dedilər. Biz də çox burcudduq, dodaq büzdük, istəmədik. Kommunist yoldaşlar isə buna məhəl qoymadılar - sevə-sevə, minə-minə əlimizə kitab verib, dalımızdan təpik vurub qismən də olsa, camaatda oxumağa vərdiş yaratdılar. Kənddə, qəsəbədə, rayon mərkəzlərində kitab mağazaları, kitabxanalar açdılar. Əli aftafalı, dodaqları dualı, qırmızı saqqal qoca baqqal kişilərimiz, beli şallı nənələrimiz məcbur qalıb övladlarını “işkola” yazdırdılar.


Sözüm odur ki, 70 il boyunca, Rus bizə qapaz vura-vura, kitabı sevdirməyə çalışdı. Kitablar yüz minlik tirajlarla çap olunur, camaat artıq prestij naminə bunlara abunə yazılır, ya da mağazalardan alırdılar. Lakin yenə də oxumur, evin anturajı, mebelin rənginə uyğun düşən aksesuar kimi istifadə edirdilər. Rəflərimiz kitablarla dolsa da, başlarımız boş qalırdı. Əhalinin bir-iki faizi həqiqi mənada ya oxuyardı, ya oxumazdı.


Rəflərimizdə “Maddonna” servizlərin, “Bogemaların”, xrustal vazaların yerini tutan bu murdar kağız yığınlarına nifrətlə baxıb, köks ötürürdük.
Azərbaycanlıların kütləvi halda müsəllət olduğu bu eybəcər xəstəliyi ən bariz şəkildə əks etdirən “Evləri köndələn yar” tamaşasını və Siyavuş Aslanın yaratdığı alverçi, bazarkom obrazını, bu obrazın kitaba münasibətini yəqin hamınız xatırlayırsınız. Yekəqarın, peysər bazarkom “Hellas” adlı kitabın arasına qırmızı onluqları yığaraq, kitabdan seyf kimi istifadə edir, camaatı da buna çağırırdı! Xeyr, bu bəsit bir ironiya deyildi. Əgər bu durum tendensiya halını almasaydı, əmin olun tamaşası da çəkilməzdi. Deməli o gün olduğu kimi, bu günün özündə də, o bazarkom kişi, ortastatistik azərbaycanlının prototipidir.


Hellas! Kitab anlayışının özü və kitab oxuyan azlıq, məhz bu cür ələ salınırdı. Və hamı gülürdü. Azərbaycanxananın sakinləri, bu tamaşaya güldükcə, kitabdan uzaqlaşır, uzaqlaşır, uzaqlaşırdılar... Eyni sürətlə də pulun əhəmiyyəti artırdı. Ümumiyyətlə fikir vermisinizsə, azərbaycanlılar ən çox güldükləri obrazlara oxşamağa başlayırlar. Məsəlçün bizim əksər kişilərimiz Siyavuş Aslana, Hacıbabaya, arvadlarımız da Afaq Bəşirqızına, Nəsibə Zeynalovaya bənzəmirlərmi?


Nə isə, mövzudan uzaqlaşmayaq. Qayıdaq camaatın kitaba münasibətinə. Hələ sovet dövründə, məktəbdən çıxıb “semiçka” almağa qaçardıq. On qəpiyin müqabilində, bizə verilən bir stəkan tum, bükülmüş kitab səhifəsinə doldurulardı. Bu da azərbaycanlının kitaba verdiyi ən layiqli qiymət idi. Böyüdükçə gördüm ki, tum satanların və cırılan kitabların sayı artır. Bir neçə ay əvvəl aldığım tumun büküldüyü kitab səhifəsinə, açıb maraqla baxdım. “İlahi komediya” kitabından bir səhifəydi. Bu da azərbaycanlıların Danteyə münasibəti...


Rusun qorxusundan riyakarcasına kitab oxuduğunu imitasiya edən azərbaycanlı, müstəqilliyi ən çox ona görə arzu edirdi ki, kitab mağazalarını və kitabxanaları tez-bazar bağlasın, bunların yerində marketlər, banklar, geyim mağazaları, exchange ofisləri açsın. Rus ayağını xarabamızdan çəkən kimi, təbii halımıza qovuşduq. Silah zoruna, şillə-təpik gücünə evlərimizə doldurulan kitabları dərhal vıyıldatdıq küçələrə, ya da “bir nizamidən” bukinistlərə təhvil verdik. Semiçka satanlar bayram edirdi! Zibilliklərdə kitabların sayı artdıqca, tum satanların da sayı proporsional olaraq artırdı. Kitablardan boşalan rəflərə isə, illərdir arzusunda olduğumuz “Maddonnaları” düzdük.


İl yarım əvvəl dostum Rasimlə, Hüsi Hacıyev küçəsində yerləşən (artıq yerləşmir) Texniki Kitabxananın yanından keçəndə, onun təmirə bağlandığını gördük. Dostum “nə yaxşı” dedi, “nəhayət kitabxananın da təmir edildiyinə şahid olduq”. “Sevinməyə tələsmə” dedim, “burda ya mağaza, ya da bank olacaq”. Elə də oldu. Rasimlə növbəti dəfə oradan keçəndə, dostum gözlərini bərəldərək yeni açılan banka baxırdı. “Ölkədə tənəzzül yaşanır” dedi. Dostuma üzülməməyi məsləhət gördüm. Çünkü onun tənəzzül adlandırdığı, əslində özünə qayıdış idi.


Bəli, indi bizlər əsl simamıza, ya da simasızlığımıza qovuşmuş camaatıq. 70 il ürəyimizdə kitaba qarşı duyduğumuz nifrəti, kini qusmaq üçün nəhayət münbit şərait yaranıb. Niyə də istifasdə etməyək bu azadlıqdan? Axı bu bizim azadlığımızdır! Bu bizim müstəqil ölkəmizdir! Nə vaxta qədər süni şəkildə yaradılan “kitab oxuyan xalq” imicinə dözəcək, rol oynayacaqdıq? Nə zamana qədər rusun sapoqu altında əziləcəkdik? Üsyan bayraqlarını qaldırıb, meydanlara töküldüyümüz günü xatırlayanlar yaxşı bilir – o bizim “kitaba üsyan” günlərimiz idi. Əks təqdirdə, “Oturmayan ermənidi” qışqıran çuşkaların əmri ilə, yüz minlərlə beyinsiz məxluq, soyuq asfaltın üstünə oturub, babasilini iltihablandırmazdı.


Azərbaycanlıların kitabsızlığı, tənəzzül deyil ki, bundan utanaq, kompleksə qapılaq. Bu sadəcə olaraq, rusdan canını qurtaran millətimizin özünə qayıdışıdır...

http://adyazar.az/qezet/index.php?newsid=94

Əvvəlki məqalə: Xəlil Rza Ulutürkün "Mirzə Xəzər" poeması

Sonrakı məqalə: MİRZƏ XƏZƏR: «BİLİRLƏR Kİ, XARİC, QƏRB, ABŞ, AVROPA KƏSKİN ETİRAZ ETMƏYƏCƏK»

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3778

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin