Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Zərdüşt Əlizadə: Mehdiyev nə mojaritar, nə də proporsional seçkidən qorxur

Mirzə Xəzər 28 Dek 2008

no comments

zardusht


28.12.2008, 05:19

Zərdüşt Əlizadə: «Aşağıdan yuxarıya qədər saxtakarlıq, fırıldaq üzərində qurulmuş rejim proporsional seçki sistemi olsa belə, istəmədiyi partiya liderlərini kənarda qoya biləcək»

«Azərbaycanı idarə edən cinayətkar bir dəstədir, bu dəstənin işi gücü isə yalnız dövləti və xalqı qarət etməkdir»

Parlamentdə konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı təkliflər səslənəndə hakim partiyadan olan deputatların böyük bir qismi proporsional seçki sisteminin bərpasının da arzuolunan olduğunu dilə gətirirdilər. Lakin sonda qəbul olunmuş layihədə bu təklif öz əksini tapmadı. Proporsional seçkinin bərpası ilə bağlı təkliflərin qəbul olunmasından sonra bunun baş tutmamasının səbəbi ilə bağlı bir neçə versiya səsləndi. Bu versiyalara politoloq Zərdüşt Əlizadənin münasibətini öyrəndik.


- Proporsional seçki sisteminin bərpası ilə bağlı təklifin nə səbəbdən qəbul olunmaması ilə bağlı bir neçə versiya var. Onlardan biri budur ki, proporsional seçki sisteminin bərpası partiyaların ictimai-siyasi həyatda önəmini bir qədər də artıracaq. Sizin buna münasibətiniz necədir?


- Birincisi, partiyalar daha da güclənər sözü yoxdur. Çünki bizdə güclənmə yoxdur. Əksinə, zəifləmə prosesi gedir. Parlament, məhkəmə tamamilə icra hakimiyyətinin ayağı altındadır. Müxalifət, vətəndaş cəmiyyəti nə qədər etirazını bildirsə də, bunu saya alan yoxdur. Hakim zümrə mütəşəkkil cinayətkar cəmiyyət şəklində formalaşıb, Azərbaycanı qarət etməklə məşğuldur. Aşağıdan yuxarı qarət, reket sistemi qurulub. Bu piramidanın da başında dayanıb prezident, sonra onun aparatı, nazirlər kabineti, parlament, məhkəmələr, güc strukturları. Hamısı yalnız bir məqsədə xidmət edir ki, Azərbaycanı qarət etsinlər. Müqavimət də demək olar ki, yoxdur. Belə olan şəraitdə bunlar nə üçün nəyisə dəyişməlidirlər? Avropanın, Amerikanın gözünə-qaşına onlar heyran olub demokratiya qurmayacaqlar. Demokratiyanı Azərbaycan xalqı qurmalıdır. Azərbaycan xalqı da demokratiyanın nə olduğunu bilmir. Tarixi təcrübəsində demokratiya anlayışı yoxdur. Hətta özünü demokrat adlandıranların çoxu kifayət qədər avtoritar şəxslərdi. Belə olan şəraitdə, pulun sel kimi gəldiyi bir vaxtda niyə onlar nəyisə dəyişsinlər. Əksinə, onlar mövcud sistemi daha da təkmilləşdirməyə çalışırlar. Deyirsiz hakim partiya. Bizdə hakim partiya yoxdur. Bizdə hakim cinayətkar dəstə var. Hakim cinayətkar dəstənin ideologiyası, hansısa ülvi milli və yaxud da ümumbəşəri dəyərləri yoxdur. Onlar haqqında ən gözəl sözləri bu partiyanın banilərindən olan Sirus Təbrizli və Əli Insanov deyib. Simasız quldurlar partiyasıdır. Bunlar simasız quldurlardı. Milli Məclisdə buntar əksəriyyət təşkil edirlər. Amma hamı bilir ki, onların heç biri seçkini udmayıb. Onlar yalnız prezident aparatında təsdiq edilmiş siyahı əsasında cinayətkar cəmiyyətin başqa bir qolu olan Mərkəzi Seçki Komissiyası tərəfindən ora salınıblar. Proporsional seçki sistemi həqiqi səmimi demokratiya quran ölkələrdə çoxpartiyalı sistemin oturuşmasına, güclü partiyanın formalaşmasına gətirə bilər. Amma Azərbaycanda axı təbii, normal cəmiyyət yoxdur. Bu cinayətkar bir dəstədir. Cinayətkar dəstənin işi gücü qarət etməkdir. Mojaritar seçki sistemini elə-belə salmayıblar ki. Mojaritar seçkidə istənilən məşhur siyasətçi və ya ziyalı pullu polis zabiti, hansısa işbaz, hakimiyyətin aftafa gəzdirəni qarşısında məğlub olacaq. Çünki ortada pul, inzibati resurs, zorakılıq, dövlətin zor gücü var. Bunun qarşısında heç bir mənəvi və siyasi dəyər davam gətirə bilmir. Çünki real yarışma yoxdur. Ölkədə xalqın iradəsinə cavab verən seçki keçirilmir. Konstitusiyanın birinci bəndi həmişə pozulur. Orda yazılıb ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Xalqla isə hesablaşan yoxdur. Xalqı aldadırlar, əzirlər, qorxudurlar, terror edirlər. Referendum söhbəti hakimiyyəti məngirləmiş bir dəstə adamın öz hakimiyyətinin güclənməsinə xidmət edən tədbirlər sistemidir. Üstəlik, xaricdən hansısa sifariş veriblər. Bu xəyanətlə bağlı olan bir xətdir ki, Azərbaycanda davam edir. Nə vaxtsa, yəqin ki, bu yaxınlarda Azərbaycan xalqı bunun acı nəticələrini görəcək.


- Ikinci versiyaya görə, proporsional seçki prezident seçkisinə tramplin hesab edilir. Parlament seçkisində qalib gələn partiyanın namizədi prezident seçkisində də daha çox şansa malik olur. Bununla bağlı nə deyə bilərsiniz?


- 2000-ci ildə Müsavat çox səs toplamışdı. Ancaq parlamentdə bir nəfər də deputatı keçmədi. 2003-cü ildə də Isa Qəmbərin məğlubiyyəti proqnozlaşdırılmışdı. Çünki hakim zümrə daxilində parçalanma yox idi. Hakim zümrə özünü milli demokrat adlandıran insana və onun komandasına qarşı mütəşəkkil birləşmişdi, sıralarını sıxlaşdırmışdı. Nəticədə də Isa Qəmbərin seçilməsinə imkan vermədilər. Gürcüstanda və Ukraynada isə hakim zümrə daxilində müəyyən bir parçalanma var idi. Ola bilsin ki, parçalanma əlamətləri 2005-ci ildə var idi. Onun da qarşısını aldılar. Indi hakim zümrə monolit şəkildə cinayətkar bir dəstədir. Onlar Azərbaycanı talamaqla məşğuldurlar. Əgər onlar proporsional seçki sistemini 2010-cu ildə bərpa etsələr, hansı partiya, hansı lider o seçkidə çox səs qazana biləcək? Indiki sistemdə Azərbaycan vətəndaşları öyrəniblər ki, azadlıqlarını verib əvəzində çörək, imtiyaz qazanırlar. Belə olan halda inanmıram ki, 2010-cu ildə ölkə vətəndaşları birləşib ortaya nəsə qoya bilsinlər. Düşünürəm ki, bu, mümkün deyil. Daha uzun müddətə ehtiyac var. Əsas odur ki, müftə neft pulları ən mühüm siyasi amil kimi istifadə edilir. Neft pulları tükənsə, azalsa, əsas amil rolunu oynamasa, bundan sonra nə isə canlanma baş verər, normal həyat başlayar, əməyin, elmin, zəkanın əhəmiyyəti artar. Onda nə isə baş verə bilər. Ancaq hələlik istehlak bayramıdır. Hakimiyyət özü bol-bol yeyir. Qırıntılarını da səpir xalqın qabağına. Əhalinin böyük hissəsi bundan faydalanır və heç bir yenilik istəmir.


- Digər versiya odur ki, proporsional seçki baş tutacağı halda, hakimiyyət siyahılara başçılıq edəcək müxalifət partiyalarının liderlərinin parlamentə düşəcəyinin qarşısını ala bilməyəcək. Bu fikirlə razısınız?


- Boş söhbətdir. Hakimiyyət sərrast şəkildə hansısa potensialı olan adamları parlamentdən kənarda qoyur. Müsavatdan Ikram Abdullayev var. Kim onu tanıyır? O, Azərbaycanın müasir tarixində nə edib? Heç nə etməyib. Ancaq prezident aparatından onu saldılar parlamentdə. Nəsib Nəsibli kimdir? Heç kəsdir. Hərəkatçıdı, Müsavat Partiyasında həmişə yardımçı, köməkçi, kölgə rolunu oynayıb. Onu da parlamentə saldılar. Pənah Hüseyn kimdir, onun nə potensialı var? Ancaq onu deputat təyin elədilər. Müxalifətin həqiqətən də tanınmış liderləri var. Pisdilər, ya yaxşıdılar, ancaq camaat onları tanıyır. Əminəm ki, aşağıdan yuxarıya qədər saxtakarlıq, fırıldaq üzərində qurulmuş rejim proporsional seçki sistemi olsa belə, istəmədiyi partiya liderlərini kənarda qoya biləcək.


- Son versiya belədir ki, proporsional seçki olacağı təqdirdə hakim partiyanın siyahısı yalnız Ramiz Mehdiyevin iradəsinə uyğun tərtib ediləcək. Bu nə dərəcədə inandırıcı görsənir?
- Bunu deyən adamların, görünür, hakim zümrənin iş qaydasından xəbəri yoxdur. Gələcək deputatların siyahısını adbaad, xasiyyətnamə və fərdi zəmanətlə Ramiz Mehdiyev Ilham Əliyevə təqdim edir. Onun məruzəsi əsasında istər iqtidardan, istərsə də müxalifətdən olan gələcək deputatlar prezidentin xeyir-duasın alır, bəyənilir. Ondan sonra siyahı gedir Mərkəzi Seçki Komissiyasına da tapşırılır ki, bu adamlar seçilməlidir. Seçkiyə hətta bir gün qalmış da nə isə dəyişə bilər. O tapşırıq da prezident aparatından gəlir. Bu sərəncamı da Ramiz Mehdiyev verir. Ramiz Mehdiyev nə mojaritar, nə də proporsional seçkidən qorxur. Onun fikri cibini doldurmaqdır. Bu işlə də məşğuldur. Bir də ki, Azərbaycan xalqını əzmək və elmlə heç bir əlaqəsi olmayan mənasız kitablar çap etdirmək, özünü böyük alim kimi təqdim etmək. Əslində bu prezidentin istəyini, sərəncamlarını həyata keçirən bacarıqlı bir inzibatçıdır. Yəni, sovet, totalitar düşüncəli bir inzibatçıdır. O, heç bir proporsional seçkidən qorxmur.

Fizzə Heydərli ("Azadlıq" qəzeti, 28.12.2008)

Əvvəlki məqalə: Filmin əsas hissəsi Praqada çəkilib

Sonrakı məqalə: Məlahət Ağacanqızı: “VƏTƏN - BÜTÜN ÖVLADLARININ VƏTƏNİDİR”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3775

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin