Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: “VƏTƏN - BÜTÜN ÖVLADLARININ VƏTƏNİDİR”

Mirzə Xəzər 28 Dek 2008

no comments

melahet2


 

 

 

“...Vətən öz övladlarına həmişə, hər şəraitdə sahib çıxmalıdır. Vətən öz övladları arasında ayrı-seçkilik etməməlidir. Vətənin buna haqqı yoxdur. Çünki bu Vətən onun bütün övladlarının vətənidir”.Bu ürək ağrıdan cümlələr DƏYƏRLİ Mirzə Xəzərin HÖRMƏTLİ Elbəyi Həsənliyə verdiyi müsahibədə (“Yeni Müsavat” 16.02.2008) işlədilib.

 

 

Bu gün VƏTƏN eyni ilə mənim ATA evimin günündədir. Doqquz övlad sahibi olan atamın yurdu gecələr zülmət olur. Atam vəfat edəndə ən böyük övladının iyirmi iki ,ən kiçik(mənim) övladının yeddi yaşı var idi. Anam zülm və əziyyətlə bizi böyütdü. Toxuyub satdığı xalıları bir yerə toplamaq mümkün olsa böyük bir dağ yaranar. Bir-birinə dayaq olmaq, bir-birini sevmək, mehriban olmaq bizim AİLƏnin əsas qanunu idi. Anam bizi ATAlı uşaqlardan daha məğrur, əyilməz və xoşbəxt böyütməyi bacarmışdı. Amma evimizə GƏLİNlər gələndən sonra ANAmın qurduğu BÖYÜK AİLƏ xoşbəxtliyi məhv oldu. Çünki ocağımıza gələn yad nəfəslər özləri ilə “övladlar arasında ayrı-seçkilik”qanunlarını “CEHİZ”gətirmişdilər. Mehriban bir AİLƏdə yurd-yuva,mal-mülk üstündə zıqqıltılar başladı. Övladlar ATA yurduna getmək üçün sanki GƏLİNlərdən icazə almalıydı. Doğmalar Ata yurduna uzaqdan həsrətlə baxırdılar, yadlar isə“kef” edirdilər. Yaşadığım ev ATA evindən daha geniş,daha rahat olsa da ATA yurdunu görmək üçün burnumun ucu göynəyirdi. ATA yurdundan küsüb, bezib hərə bir yana getdi. Böyük bir ev boş qaldı. Mənimlə qalan qoca,xəstə ANAM hər Novruz bayramında göynəyə-göynəyə deyir:”Get ATA yurdunda tonqal yandır,yoxsa ATAnın ruhu məndən inciyər...”.Anama sahib durduğuma görə bacı-qardaşlarım mənə “Sən qəhrəmansan! Bizdən kiçik olsan da , hər birimizdən BÖYÜK olduğunu sübut etdin...”. Yersiz deyilən “QƏHRƏMAN, BÖYÜK” sözlərindən ürəyim bulanır. Böyük bir AİLƏ bütün qayğıları ən kiçik övladın çiyninə yığıb “SƏN QƏHRƏMANSAN!” deməklə VİCDAN rahatlığı ilə necə yaşaya bilir?

 

 

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Amma HƏMRƏYLİKdən əsər-əlamət yoxdur. QÜRBƏTdən həsrətlə VƏTƏNƏ baxan övladların VƏTƏN torpağı, havası üçün göz yaşları axırsa hansı HƏMRƏYLİK BAYRAMından danışmaq olar? VƏTƏNdə - VƏTƏN OĞULLARI haqq-ədalət,işıqlı gələcək uğrunda mübarizə aparanda güllələnirsə,hücuma məruz qalırsa, həbs olunursa,qürbətə üz tutursa ... demək VƏTƏN BAYRAMLARI yoxdur!HƏMRƏYLİK HAVASI olmayan məmləkətdə HƏMRƏYLİK GÜHÜ keçirmək saxtakarlıqdır. SAXTA BAYRAM işığına heç bir ŞƏHİD ruhu gəlməz.Ata yurdunda yandırdığım tonqal OĞULLARI olan ATAmın ruhunu incidir.VƏTƏNdə keçirilən bayramlarda qədirbilməzlər,nankorlar,yadlar meydan sulayanda VƏTƏN,AZADLIQ uğrunda şəhid olan övladların ruhu ağlayır.

 

 

Qürbətdən Vətənə dönəndə,həyət qapısından içəri girən kimi əyilib TORPAQdan öpəndə, içimə dolan dünyanın ən gözəl torpaq ətri ölüncə məni tərk etməz .QÜRBƏT gözəl bir at kimidir,hara çapıb gedə bilsən də Vətən sərhədini keçmək mümkün olmur.QÜRBƏT-başqasından alıb əyninə geydiyin kürk kimidir,nə qədər qalın olsa da içində üşüyürsən. QÜRBƏT- bütün fəsillərdə QIŞ nəfəsli bir məkandır.QÜRBƏT-səni qonaq kimi qarşılayan ,evinə getməyini gözləyən EV sahibi kimidir... Can verməkdə olan VƏTƏNİ xilas etmək üçün küsüb,inciyib,bezib gedən VƏTƏN OĞULLARI geri dönməlidir.Yoxsa dünyanın harasında yaşamağımızdan aslı olmayaraq ölən VƏTƏNin RUHu heç kəsə nəfəs almağa imkan verməyəcək.

 


Qarabağda bitən Xarı bülbül gülü heç bir torpaqda bitmir. Qürbətdə yaşayanlar Xarı bülbül gülünə bənzəyirlər...

 

 

Xarı bülbül ömrünü yaşayan yazar Elbəyi Həsənli qürbətdə olan dəyərli VƏTƏN oğulları ilə müsahibələr hazırlayırdı. İki maraqlı müsahibədən sonra Elbəyi Həsənli niyə susdu? Bəlkə hörmətli Mirzə Xəzərin, Kamil Tağısoyun sirli “QARA QUTU”lardan dedikləri həqiqətlər kimlərinsə xoşuna gəlməyib? Bəzən QEYRƏTLə yazılan bir köşə yazısı və ya kiçik müsahibə qul beyinlərdə BÖYÜK inqilablar edir. BEYİN inqilabının qarşısını almaq üçün dekabrın 30 – da Tarkan Bakıda konsert verəcək. 60 manatdan 400 manata qədər (bəlkə lap çox) dəyəri olan bileti qara qullar almaq üçün bir-birinin belinə minir. Maykl Cekson da “əlçatmaz”idi, amma indi can verir. Nə qəbul etdiyi islam dini, nə də milyonları onu xilas edə bilmir.


VƏTƏN – oğlu-qızı, nəvə-nəticəsi olan ATAmın yurdu kimi boşalır. Evimizin yanından keçəndə quruyan ağaclardan, solan çiçəklərdən utanıram. Həmişə səs-küy,gülüş səsləri ilə bol həyət-bacada sakitlik hökm sürür. Anam özünü pis hiss edən kimi deyir:”Məni evimə aparın, yad yerdə can verə bilmərəm...”.

 

Əvvəlki məqalə: Zərdüşt Əlizadə: Mehdiyev nə mojaritar, nə də proporsional seçkidən qorxur

Sonrakı məqalə: Xəlil Rza Ulutürkün "Mirzə Xəzər" poeması

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3776

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin