Mirzə Xəzər: "Meydan Düşüncələri"
“Meydan duşuncələri” Mirzə Xəzərin 1995-ci ildə yazdığı “Mənim ağrılarım” kitabının ancaq bir neçə səhifəsini təşkil edir. Bəzi səbəblərə görə kitab hələ nəşr edilməmişdir. “Meydan düşüncələri” isə ilk dəfə 1995-ci ildə “Gunay” qəzetində və 2004-cü ilin fevralında Mirzə Xəzərin Bakıda buraxdığı “Mirzə Xəzərin Səsi” qəzetində çap olunmuşdur. “Meydan düşüncələri” habelə
1995-ci ildə “Azadlıq” radiosunun dalğalarında səsləndirilmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə “Meydan düşüncələri”ni saytımızda dərc etməyi qərara aldıq.
***************************************
Yəhya öz «Vəhylər» kitabında həmahəng, amma xəyali dünyanın təsvirini verir. O dünyada, yeni dünyada artıq nə ölüm olacaq, nə kədər, nə fəryad, nə də ağrı. Çünki əvvəlki dünya, yəni bu gün yaşadığımız dünya bütün bəlaları ilə birlikdə silinib gedəcəkdir. Və köhnə dünyanın mirası olan cəsarətsizlər, imansızlar, natəmizlər, qatillər, zinakarlar, sehrbazlar, bütpərəstlər və bütün yalançılar od və kükürdlə yanan göldə məhv olacaqlar. Dünya təmizlənəcəkdir... Ağrılar da olmamalıdır o təzə dünyada. Deməli təzə dünya
gələnə kimi haqsızlıq, imansızlıq, qatillik, yalançılıq, hiyləgərlik, tamahkarlıq, biganəlik, xudbinlik, qəddarlıq, amansızlıq, mərhəmətsizlik, rəhimsizlik davam edəcək. Cəzası da yeni dünya gələn anda veriləcək. O vaxta qədər bütün günahlar cəzasız qalacaq... Yəhyanın vəhylərindən belə çıxır. Əslində də belədilr. Haqsızlılığın kökünü büsbütün kəsmək mümkün olmadığı kimi, imansızlığın, qatilliyin, yalançılığın, hiyləgərliyin, riyakarlığın, tamahkarlığın, biganəliyin, xudbinliyin, qəddarlığın, amansızlığın, mərhəmətsizliyin,
rəhmsizliyin də kökünü kəsmək qeyri-mümkündür. Bir haqsızın yerini o biri haqsız tutur, bir imansızı o biri imansız əvəz edir, bir qatil gedir o biri qatil zühur edir, bir yalançı cəzasını alır amma yalançılıq davam edir... Hiyləgərin yerini hiyləgər tutur, riyakarın yerini yeni riyakar tutur, bir qəddar gedir yenisi gəlir, mərhəmətsizi yeni mərhəmətsiz əvəz edir. Tilsimdir. İnsan özü əli, öz əməli ilə özünü bu tilsimə salıb. Vurnuxur çıxa bilmir. Ağrı çəkir, əzab çəkir yatır, durur yenə ağrı çəkir, yenə əzab
çəkir. Bəlkə həqiqətən də bir yanağını vuranda o biri yanağını sevinclə yumruq altına qoymalısan. Bəlkə... Görəsən, o zaman ağrılar kəsiləcəkmi, insanın vicdanı oyanacaqmı, mərhəmət hissi yaranacaqmı? Bilmirəm... Hər halda belə olsaydı o yeni dünya çoxdan gəlib çatardı... Amma gəlmir, deməli bir yanağından sillə ilişdirənə “o biri yanağımı vur”, deməklə haqsızı haqlıya, mərhəmətsizi mərhəmətliyə, imansızı imanlıya, tamahkarı təvazökara, yalançını haqq dəryasına, qatili xilaskara, hiyləgəri möminə, riyakarı salehə,
qəddarı rəhimdilə, rəhimsizi həlimə çevirmək mümkün olmur ki, olmur.
********************************************************************************************
Tövrat «göz əvəzinə göz, diş əvəzinə diş» - deyə buyurur. Deyirlər qəddarlıqdan əmələ gələn bu əmr də insanları qəddarlıga öyrədir. Amma başqaları deyirlər ki, əgər bu əmr olmasaydı, azlıqda olan qolu qüvvətlilər, çoxluqda olan qolu zəifləri çapıb talayar, qırıb axırına çıxar, hamını kütləvi şəkildə köləyə çevirərdilər. Beləliklə də insan müqavimət göstərmək imkanından məhrum olardı. İnsanlar insan olmazdı, bu əmr olmasaydı. Qolu qüvvətli və müstəbid təbiyyətliləri sapındırmaq, çəkindirmək və cəzalandırmaq üçün
verilibdir o əmri. Rəbbi unudan insanlarda məziyyətli cəhətlərdən biri başqasına hökm etmək həvəsi, şəhvəti, arzusudur. Bütöv bir kütləyə hökm etmək kimi həvəs, şəhvət, arzus bəzilərində güclü, bəzilərində zəif olur, bəzilərində isə bəlkə də heç olmur. Haqsızlıq, imansızlıq, riyakarlıq, bədxahlıq, biganəlik, qatillik, mərhəmətsizltk, amansızlıq, tamahkarlıq əslində butun kütləyə xas olan əlamətlərdir. Saflar da olur, amma azlıq təşkil edir və onların əksəriyyətə təsiri çox az olur. Deməli bütün mənfi xüsusiyyətlər
əksəriyyətdə təcəssüm olur. Bu xüsusiyyətlər əksəriyyətdə təcəssümünü tapdığı üçün həmin kütləyə hökmranlıq etmək istəyəndə bu xüsusiyyətlər gərək hamıda olduğundan daha güclü olsun. Çünki ayrı cür o kütləni idarə etmək mümkün olmur. Buna görə belə bir müstəbidin hökmranlığını qoruyub saxlamaq üçün qatillik də, tamahkarlıq da, bədxahlıq da, yalançılıq və saxtakarlıq da zalımlıq və mərhəmətsizlik da, xudbinlik və imansızlıq da açıq-aşkar olmasa da, üstü örtülü, amma müntəzəm və mütəmadi surətdə təşviq edilir.
Mənfi xüsusiyyətlərin hamısını özündə qoruyub saxlayan və gün-gündən azğınlaşan hökmdar mərhəməti, düzgünlüyü, həqiqəti, təvazökarlığı, xeyrxahlığı təşviq etməz. Əks təqdirdə kütlə mərhəmətləşdikcə, imanlaşdıqca, rəhmdil olduqca, düzlüyə əməl etdikcə, insana insan kimi yanaşdıqca, insana insan hörməti qoyduqca hökmdarın hökmranlığı təhlükəyə düşür. Mənfi xüsusiyyətlərdən müsbət xüsusiyyətlərə doğru gedən kütləyə mənfi xüsusiyyətli hökmdar lazım olmur... «...Oranın nuru, billurlaşan yəşəm daşına bənzəyirdi. Oranın
böyük və yüksək divarı, 12 qapısı, qapılarda 12 mələk var idi. ... Divar yəşəm daşından tikilmişdi, şəhər isə... təmiz qızıldan idi. Şəhər divarının təməlləri hər cür qiymətli daşlarla bəzədilmişdi: birinci təməl – yəşəm daşından, ikincisi – yaqutdan, üçüncüsü – əqiqdən, dördüncüsü – zümrüddüən, beşincisi – ağ əqiqdən, altıncısı – qırmızı əqiqdən, yeddincisi – sarı əqiqdən, səkkizincisi – göy zümrüddən, doqquzuncusu – zəbərcətdən, onuncusu – sarımtıl zümrüddən, onbirincisi – göy yaqutdan, on ikincisi də – bənövşəyi
yaqutdan idi... 12 qapı, 12 mirvaridən idi...» Yəhya Allahın yanından enən müqəddəs şəhərin ruhda gördüyü təsvirini belə verir… İnsanı müqəddəsləşdirməyi insanlar icad ediblər. Müqəddəsləşdirib sonra ona səcdə etməyi də insanlar uydurublar. Səcdə qılandan sonra müqəddəsləşdirdikləri insanı bütləşdirirlər. Sonra ona sitayiş edirlər. Sitayiş edəndən sonra ona müqəddəs adı verirlər. Müqəddəs ünvanı verdikləri insanın insani «məziyyətlər»ini unutdurmağa çalışırlar. Bu «məziyyətlər» unutdurulduğu üçün bütləşdirənlərin
təsəvvüründə yalnız yaranan saxta məziyyətlər qalır. İnsanı müqəddəsə çevirirlər insanlar. Müqəddəsin kölgəsində məziyyətli və imtiyazlı yaşamaq üçün. Şəxsiyyətə pərəstişi insanlar uydurublar. Canlı insanı bütə çevirən də insanlardı. Daşları bütə çevirənlər də insanlardı. Nəfəsi gedib-gələn canlı bütlə nəfəssiz, cansız büt arasında böyük fərq olmur. Unudulan isə başqa şey olur. Unudulur ki, canlı bütün nəfəsini kəsməyə qadir olan Varlıq var. Daş bütü daşa çevirən Varlıq var. Canlı bütü yaradanlar əbədilik iddiasında
olurlar. Canlı bütü əbədi bütə çevirdiklərini sanırlar.
Daş bütlər kimi... Canlı bütün aqibəti daş bütün aqibətindən fərqlənmir: biri ölür, sümükləri çürüyür. Ruhu ruh verənin ixtiyarına qayıdır. O biri isə daş olaraq qalır, ya da ovulub tökülür, toza dönür. Canlı bütlərin səpdikləri toxumlar, onların fikirləridir. Bəzən əməlləri də yada salınır, amma fikirləri onların özündən daha çox yaşayır, bəzən yaşayır ki, lənətlənsin, bəzən yaşayır ki, istehza edilsin. Bütləşməmiş insanların fikirləri bütləşmişlərin fikirlərindən bəzən daha uzunömürlü olur. Çünki bütləşməmişlər
müqəddəslik iddiasında olmurlar. Bütləşmişlər “ilahəlik” iddiasında olur və tək bir İLAHİ mövcud olduğu üçün onların “ilahə”liyi uzun sürmür, təbii sonuna çatır. Yaradılan Yaradana meydan oxuya bilməz. Amma həmişə oxumağa çalışır, təbii sonuna çatana kimi. Bütləşsə də, müqəddəs ünvanını mənimsəsə də... sonu uzada bilmir. Çünki son onun ixtiyarında deyildir. Son Yaradanın əlindədir. Bunu dərk etmək üçün Yaradan insana kifayət qədər dərrakə veribdir. Amma əzəli insanın varisi olan bəni-bəşər yarandığı gündən bəri
əzəli səhvlərini təkrar edərək bu günümüzə gəlib çatıb və bundan sonra da təkrar edəcəkdir. Çünki dərrakəsinin sərhədi, həddi və çərçivəsi vardır. İnsan beynini kəsib onun sirlərini öyrəndiyini iddia edən insanın öz beynini kəşf etməyə gücü- zehni gücü çatmır. Çünki məhduddur bu zehni güc. Yaradanın insana verdiyi dərrakəni insan axıra kimi kəşf edə bilmir. Bəlkə etmək istəmir?
********************************************************************************************
Meydan burada başlayır! « - Alla, allo! Eşidirsiniz? Bakıdan zəng edirəm. Adım Yusif Əliyarovdur. Sizə məlumat vermək istəyirəm…». «Azadlığ»ın 35 illik mövcudiyyəti ərzində əlçatmaz dəmir pərdə arxasından gələn ilk telefon sədası…» «- Vəzirov nümayişi dağıtdı. Xəsarət alanlar var. Nə qədər adamı tutub aparıblar…» İnqlab başlanmışdı. Bu telefon zəngi də inqlab idi, meydanda başlanan inqlabın bir qığılcımı idi… Nəhəng bir Imperiyanın dağılmasını müjdələyən qığılcım idi. Yeni ədalət, yeni əxlaq, yeni mənəviyyat,
yeni şüur, yeni hüquqlar, yeni mənlik, yeni ruh, firavan həyat gətirməli idi bu inqilab. «Milli sərvətlərimizi özgələr talayırlar» deyə nida edilirdi meydanın xitabət kürsüsündən... Milli sərvətlərin – yeraltı və yerüstü sərvətlərin milliləşdirilməsini, millətə xeyir gətirməsini təmin etməli idi bu inqilab. «Hər şeyimiz var: neftimiz, pambığımız, taxılımız, qızılımız, misimiz, suyumuz… torpağımız!» deyə coşurdu Meydan. «Torpağın bir qarışını da özgəyə vermərik» deyə bir ağızdan nida qoparırdı Meydan… Meydanda
inqilab gedirdi. Meydan inqilabın bünövrəsini qoyurdu… Azərbaycan inqilabının… Qəribə və qəliz inqilabın. Anlaşılmaz inqilabın… «Torpaqdan pay olmaz!» deyə bir ağızdan gələn şüarların sədası altında Meydanda gələcək Azərbaycan faciəsinin təməli qoyulurdu: hakimiyyət dəyişikliyi faciəsi, hakimiyyət uğrunda mübarizə, didişmə faciəsi, qisas faciəsi, yüksək ideyalar uğrunda başlayan hərəkatın cılızlaşması faciəsi. Hələ mövcud olmayan hakimiyyət uğrunda mübarizə gedirdi. Xitabət kürsüsü uğrunda mübarizə gedirdi. Ayrı-seçkilik
mübarizəsi gedirdi: birinə söz verilirdi, o birinə yox... Və ədalət şüarları deyilirdi. Kütlənin başı qarışıq idi. Kütlə «torpaqdan pay olmaz» deyə nida edir, yuxarıdan göstərilən işarəyə tabe olurdu. 70 il ərzində bir qaynaqdan alınan əmrlərə itaət etdiyi, daha doğrusu, itaət etməli olduğu kimi. Kütlənin günahı yox idi. Kütlə təzəcə açılan azadlıq imkanlarından, əsən azadlıq küləyindən bihuş olmuşdu. Kütlə idarə olunurdu. Kütlə yeni ədalət, yeni əxlaq, yeni mənəviyyat, yeni şüur, yeni hüquqlar, yeni mənlik,
yeni ruh, firavan həyat və… mənzilsizlərə mənzil, işsizlərə iş, vəzifəsizlərə vəzifə, xəstələrə şəfa, paltarsızlara paltar, torpaqsızlara torpaq, az maaş alanlara bol maaş ümidi ilə yaşayırdı… Axırıncı Meydan və Meydanın qığılcımı 13 ay sonra, Yanvar ayında zühür etdi və… söndü...
********************************************************************************************
Meydanda yalnız kütlə qalmışdı. Meydanda hakimiyyət Meydan mikrafonu uğrunda döyüşən kütləni yalqız qoymuşdu. Kütlə yalqız qalmışdı Meydanda… Meydanın hasil etdiyi yeni əxlaq, yeni mənəviyyat, azad ruh, yeni şüur, yeni hüquqlar, yeni mənlik artıq özünün cücərtilərini göstərirdi. Kütlə tək qalmışdı Meydanda… Kütlə günah daşımır. Kütlənin günahı üçün kütlə günahkar olmur. Günah kütləni idarə edən, kütləni aldadan, kütləyə yalan danışan, kütləni istədiyi yola çəkən, dilə tutan, kütləyə hiylə gələn, öz mənfəətini
güdənlərdədir. Kütlənin təqsiri nədir? Biri qışqırır «ölüm». Yanındakı ona baxıb «ölüm» qışqırır. Üçüncüsü artıq düşünmür, bu ikincisinə baxıb tab gətirmir, bağırır «ölüm». Dördüncüsü üçünün «ölüm» deyə nida etdiyini eşidir və tək qalmaqdan, təklənməkdən qorxub «ölüm» deyib onlardan bərk qışqırır, beşincisi, altıncısı, minincisi, yüz minincisi…
...Vaxt var idi cuşa gəlmiş avstriyalılar küçələrə çıxıb öz sərsəm həmvətənlərini coşqunluqla qarşılayır və alqışlayırdılar. Yaxşı ki, insan yaddaşı itmir… Sonralar sərsəmi söyən avstriyalılar şitini çıxaranda, onlara o coşqunluğu, o alqışları və həmvətənləri olan sərsəmi göstərdilər. Susdular… Çünki onlar da o zamanlar bihuş olmuşdular, kütləyə çevrilmişdilər. Meydanda nə elədiyini və nə üçün elədiyini bilən və başa düşən az deyildi. Meydan yeni ümidlər, yeni üfüqlər mənbəyi idi. Meydan azadlıq qığılcımı idi. Meydan qorxu üzərində qələbənin rəmzi idi. Meydan insan beynində, şüurunda, ruhunda toplanıb qalmış gileylərin, incikliyin, alçalmanın, milli zülmün, fərdi və kütləvi ləyaqətin tapdanmasının, biganəliyin, şəxsiyyətsizliyin, mənsizliyin, şüursuzluğun, ağrıların, insan ağrılarının balaca bir mikrafondan püskürdüyü bir boruya çevrilmişdi. Meydan sakitləşdirirdi. Meydan coşdururdu, Meydan təsəlli verirdi. Meydan qızışdırırdı. Meydan yeni mənəviyyatın, yeni əxlaqın, yeni ləyaqətin, yeni ədalətin, yeni hüquqların, yeni-yeni azadlıqların təməlini qoyurdu: qorxusuz hüquqların tapdanmasının, cəzasız insan ləyaqətinin alçaldılmasının, qorxusuz riyakarlığın, qorxusuz hiyləgərliyin təməlini qoyurdu Meydan. Və Meydan 70 illik qorxu, zülm, ədalətsizlik, haqsızlıq, riyakarlıq, hiyləgərlik, biganəlik və mənəviyyatsızlığın sonunu müjdələyirdi. Köhnəsinin ölümünü və yenisinin doğuşunu müjdələyirdi Meydan. Ziddiyyət içərisində boğulurdu Meydan… Kütlə artıq elə kütləşmişdi ki, ona istiqamət verənlər « yeni and yeri verin bizə, and yeri» deyə xitab edirdilər kütləyə, yerə və göyə. Başqaları öz meydanlarından istifadə edirdilər: “Vətən” nədir?- başa salırdılar, “Vətənpərvərlik” nədir?- izah edirdilər. Millətin, milli hissin nə olduğunu səbrlə aşılayırdılar naşılara. Meydanda isə «and yeri» tələb edirdilər. And yerinin nə olduğunu dərk edə bilməyənlər bütpərəstlər kimi daş ilahələri istəyirdilər. And yeri, həqiqi and yeri isə yanlarında idi – VƏTƏN idi, TORPAQ idi, MILLƏT idi, MILLI ŞÜUR, MILLI QEYRƏT, MILLI MƏNLIK, MILLI NAMUS idi... Birinci Meydandan on üç ay sonra «and yeri» ucaldı və… çoxalmağa başladı. Hansı and yeri? Kəlbəcər dağlarında bir neçə min cavan və naşı əsgər kiminsə sərsəmliyi və sərsəm əmri üzündən donub həlak oldu. Meyidlərini də vermədilər ata-analırana. Qəbirlərinin yerini də bilən yoxdur. Görəsən «and yeri» o naməlum qəbirlərdədirmi?
VƏTƏN IDI AND YERI... BÜTÖV VƏTƏN, BÜTÖV ÖLKƏ IDI AND YERI.
Onlar isə bütpərəst inadkarlığı ilə «and yeri» axtarırdılar.
********************************************************************************************
Yaratdılar and yerini… Vətən isə… And yerini yaratmırlar. And yeri özü yaranır. İnqilab başlanmışdı. Adətən dağıntı ilə başlayır, inqilablar. Bəzən dağıntıdan sonra tikinti başlayır. Bəzən isə dağıntı davam edir və hətta olub-qalanı da yerlə-yeksan edir. Nə düşünürdülər bu inqilabı edənlər? «Əlimizə fürsət keçsə ziyalıların 70%-ni məhv edərik» deyirdi yeni inqilabçılar. Ziyalısız yeni cəmiyyət, yeni əxlaq, yeni həqiqət istəyirdilər. 70 illik dövrün yetişdirdiyi ziyalıların günahı, 70 il ərzində həqiqi milli hiss,
həqiqi millət, həqiqi vətənpərvərlik, həqiqi Vətən, təmtəraqlı ifadələrdən uzaq, sadə, bəsit bir Vətən hissini xalqa aşılamamsı, bu ruhda nəsil yetişdirməməsi olmuşdur. Onların 70%-i məhv etmək istəyirdi yeni inqilabçılar. Qorxusuz hökmranlığa mübtələ olmuş hakimiyyət aşiqləri... Aldanmış kütlənin nidaları ilə yeni mənəviyyatı bayraq edənlər hakimiyyətdlə bir-birilərini əvəz edirdilər. Əvəz etdikcə Vətəni, torpağı, xalqı, yeraltı və yerüstü sərvətləri talan edirdilər. Çünki artıq «and yeri» var idi, hər şey caiz
idi. Qapazaltı tapılmışdı, yeni mənəviyyatı bayraq etmək olardı. Meydan son ana qədər izdihamlı idi. Kütlə öz əqidəsinə sədaqətini göstərirdi. Kütlə qurban verdi. Kütlə əli yalın zirehə qarşı gedirdi. Kütlə hələ də inanırdı. Başçılar… onlar da inanırdılar… Nəyə? «Mənim ağrılarım»… davam edir… Nə vaxtsa dünya zülmətə qərq olmuşdu. O zaman nə otlar, nə ağaclar, nə çiçəklər, nə quşlar var idi. Torpaq və səma da yox idi. Bütün kainat qaranlıq içində idi. Günəş, ulduzlar, gündüz və gecə, işıq və qaranlıq, təbiət və
bitkilər, canlı heyvanlar, canlı insanlar mövcud deyildi. Dünya qarmaqarışıq bir dünya idi. Dünya deyildi. Allah dünyanı belə görmək istəmirdi. Buna görə o, yaşadığımız ehtişamlı, ecazkar, sirli, gözəl, heyrətamiz və möcüzə dolu dünyanı yaratmaq qərarına gəldi. Dünyada heç bir şey öz-özünə yaranmır: «Əvvəlcə Allah yeri və göyü yaratdı. Yer görkəmsiz və boş idi; dərya üzərində zülmət var idi; Allahın ruhu da su üzərində gəzirdi. Allah dedi: «Qoy işıq olsun» və işıq oldu. Allah işığın yaxşı olduğunu gördü və işığı
qaranlıqdan ayırdı. Allah işığı gündüz, zülməti isə gecə adlandırdı. Axşam oldu, səhər açıldı: bir gün Allah dedi: «Qoy suyun ortasında qübbə olsun və suyu sudan ayırsın». Beləliklə, Allah qübbəni yaratdı, qübbənin altındakı suyu onun üstündəki sudan ayırdı. Belə də oldu. Allah qübbəni Göy adlandırdı. Axşam oldu, səhər açıldı. Ikinci gün Allah dedi: «Göyün altındakı su bir yerə yığılsın və quru əmələ gəlsin». Belə də oldu. Allah qurunu Torpaq, su yığımını isə Dəniz adlandırdı. Allah gördü ki, bu yaxşıdır. Allah
dedi: «Qoy torpaq nəbatat, toxum verən otlar və öz növünə görə toxumu meyvəsində olan meyvə ağacları yetişsin». Belə də oldu… Axşam oldu, səhər açıldı, üçüncü gün…» hər şeyə qadir olan Rəbbi yeri və göyü, qurunu və dənizi yaratmaq üçün üç gün sərf edir. İnsanı yaradan Rəbb yalnız göyü, qurunu və dənizi üç günə yaradır. Rəbbin yaratdığı insan isə bir göz qırpımında dünyanı dəyişmək xəyalına düşür. İnsan bir göz qırpımında dünyanı dəyişməyə çalışır: dağıdır tikə bilmir, yıxır qaldıra bilmir, sındırır bərpa edə
bilmir, məhv edir canlandıra bilmir, öldürür həyat verə bilmir, öldürür həyat verə bilmir, başqasına ağrı verir şəfa verə bilmir, zalımlıq edir mərhəmət göstərə bilmir. Meydanda qurban verilən təkcə kütlə deyildi. Meydanda oyuna qoyulan təkcə kütlə deyildi. Meydanda yalnız bu kütlənin taleyi həll olunmurdu. Meydanda müqəddərat həll olunurdu: bütöv xalqın bu gününün və sabahının müqüddəratı. Meydanın qaldırdığı tufan çox şeyləri dağıtdı. Hər şey öz axarı ilə inkişaf edir və məntiqi sonluğuna, məntiqi mənzilinə,
məntiqi nəticəsinə çatır.
********************************************************************************************
Allah göyü, qurunu və dənizi yartmaq üçün üç gün sərf edir: Əvvəlcə göyü və yeri yaratdı, sonra dənizi və qurunu. Bundan sonra torpaqda nəbatət, toxumlu otlar və meyvəli ağaclar yaradır. Hər şeyi öz növbəsində, vaxtında yaradır. Əvvəlcə meyvəli ağacı sonra torpağı yaratmır. Əvvəlcə torpağı, göyü və yeri yaratmır. Məntiqlə yaradır, təmkinlə yaradır. Çünki həyat məntiqə və təmkinə əsaslanır… «Allah iki nəhəng çıraq yaratdı. Bunlardan böyüyü gündüzü, kiçiyi isə gecəni idarə etmək üçün idi. Uluduzları da yaratdı. … Axşam oldu, səhər açıldı, dördüncü gün. Allah dedi: «qoy su canlı məxluqlara dolub daşsın, quşlar yer üzünün üzərində, göy qübbəsində uçsunlar… onlara xeyr-dua verərək dedi: «Doğub törəyin və çoxalın, dəniz sularını doldurun, qoy quşlar da yer üzündə törəyib artsınlar. Axşam oldu, səhər açıldı…Beşinci gün… Dünya səblrə yaranır, səliqəylə yaradılır, təmkinlə qurulur. İnsanı bir an içində yardan Rəbb insanın mühitini, qidasını, aləmini yaratmaq üçün 5 gün səfr edir. İnsanı isə altıncı gündə yaradır… Əvvəlcə insanın yaşaması üçün şərait yaradır, sonra insanı dünyaya gətirir…» Ata, bağışla onları. Onlar nə elədiklərini başa düşmürlər…» Meydan coşurdu. Sonrakı meydanlarda izdiham azalmırdı. Müqəddəratı həll edən bu meydanlar hər şeyi – müstəqilliyi, azadlığı, firavanlığı, yeni mənəviyyatı, yeni əxlaqı, yeni qüruru, yeni mənliyi, hər şeyi: vəzifəni, mənzili, işi, məhsulu, torpağı… hakimiyyəti bir göz qırpımında, dərhal istəyirdi, dərhal tələb edirdi. Vəd verənlər, nağıl deyənlər, şirin nəğmə oxuyanlar, odlu çıxış edənlər, «haqq mənəm» deyənlər çox idi. Çıxış edəndən, şirin vədlər verəndən sonra «haqqını» istəyənlər də az deyildi. «Haqqını» sonra artıqlaması ilə «alacam» deyə səbr edənlər də var idi. Yüz ildə qurulanı, 70 ildə təhrif ediləni və yaradılanı bir neçə gündə dağıtmağa qadır olan insanların tikməyə qüdrəti çatmırdı. Səbri yox idi, təmkini yox idi… iştahası var idi, böyük xülyaları var idi. Böyük xülyalar… Böyük faciələrə gətirib çıxardan böyük xülyalar… Beş gün ərzində insan və canlılar üçün təbii mühit yaradan Rəbb, altıncı gün öz bənzəyişində insan yaratmaq qərarına gəlir. 8 il Tövrat, Zəbur, Peyqəmbərlər, Padşahlar və İncil ilə məşğul olmuşam. Quranı oxumuşam. Musanın 5 kitabını tərcümə etmişəm. Davudun məzmurlarını şerə salmışam. 16 Peyqəmbərlə vəz etmişəm, yalvarmışam, dua etmişəm. Haqq-Təalanın sözü ilə dünya yarandığı andan ta son nöqtəsinədək müqəddəs kitabları sətir sətir izləmişəm. Hər bir kəlamın mənasını axtarmışam, hər bir sirrin açarını tapmağa çalışmışam. Musa ilə Sina dağından enmişəm, Musa nəsli ilə Kənan torpağına girmişəm, döyüşlərdə zəfər çalmışam. Davud ilə Rəbbə şükr etmişəm, Süleyman ilə Allah evinin möhtəşəm binasını qoymuşam, Əyyub ilə əzab çəkmişəm, İlyası göyə yola salmışam – vərəq-vərəq, sətir-sətir, sözbəsöz, hərifbəhərif... Babildə əsarətdə olmuşam, İsa ilə çarmıxı daşımışam. Və yenə də insan təbiəti, insan düşüncəsi, insan əməlləri məni heyrətə salıb, karıxdırıb, çaşdırıb, əzab verib, göynədib… «Ata, bağışla onları. Onlar nə elədiklərini başa düşmürlər».
********************************************************************************************
Azadlıq! Şirin, dadlı, ləzzətli Azadlıq… Müəmmalı, ehtişamlı, bəsit, mürəkkəb, cazibədar və cazibəli, ehtiraslı və şəhvətli Azadlıq! Azadlıq insanın təbiəti ilə birlikdə Allah tərəfindən verilib. Allah verib dünyaya insanı və azadlığı insana bəxş edib. 5 gün ərzində Göyü və Yeri, torpağı və dənizi, göyərtini və bitkiləri, meyvəli ağacları, quşları, balıqları, həşərat və heyvanları, bağı və meşəni, çayları və gölləri, günəşi və ulduzları, işığı və qaranlığı yaradan Yaradan altıncı günü yaratdığı insana azadlığı
verib deyib ki, «… doğub törəyin, və çoxalın, yer kürrəsinə doluşun və ona hakim olun, dənizdəki balıqlara, göylərdəki quşlara və yer üzündə hərəkət edən bütün canlı məxluqlara hökmranlıq edin». Bütün canlı məxluqlara, insana yox! Allah insanı azad yaradır. Allah insana azadlıq verir. Bütün canlı məxluqlara hökmranlıq etmək qüdrəti verir, amma insan üzərində hakimlik etməyi buyurmur. Həmahəng dünyanı yaradan Yaradıcı insanı azad yaradır… Əsarəti, köləliyi, zalımlığı, zülmü, qardaş nifrətini, qatilliyi, istibdadı
yaradan insanın özüdür. İnsan özüdür insanın azadlığını qəsb edən, insanı köləyə çevirən, insana zülm edən, insanı qətl edən, insanı alçaldan insan özüdür. İmanı yox edən insan özüdür. Mənəviyyatı mənəviyyatsızlığa çevirən insan özüdür. Əxlaqı əxlaqsızlığa döndərən insan özüdür. Həqiqəti yalana çevirən insan özüdür. Riyakarlığı, hiyləni icad edən insan özüdür… İnsana əzab verib onun ağrılanrından həzz alan da insan özüdür… Ağrılar… Dözülməz ağrılar… 400 illik köləlikdən kütləni xilas edən Musa, kütlənin şüurundan
köləlik ruhunu silmək üçün 40 il səhrada dolaşmalı olur. 400 illik əsarətin hər 100 ilinə 10 il cəza kəsilir kütləyə. Köləlik ruhuna mübtəla olmuş, köləliyi iliyinə yeritmiş nəsli azad nəsil ilə əvəz etmək üçün 40 il səhrada dolaşır Musa. Və azadlıqda doğulub, azadlıqda böyümüş nəsli Kənan torağına göndərir. Kölələr getsəydilər köləyə çevriləcəkdilər… 70 illik əsarəti bir neçə gündə silib göyə sovurmaq xülyasına qapılmışdılar. 400 ililk əsarəti unutdurmaq üçün 40 il səhrada sərgərdan dolaşmışdılar. 70 illik müntəzəm
yalanı, müntəzəm saxtakarlığı, müntəzəm riyakarlığı, müntəzəm hiyləgərliyi bir neçə gündə unutdurmaq istəyirdilər, şüurlardan silmək istəyirdilər… yeni dünya yaratmaq istəyirdilər. Afrika qitəsində Böyük Səhra var. Dünyanın ən iri səhrası deyilir ona. Ucsuz-bucaqsız, intəhasız səhra. Bir dövrdə çiçəklənən diyar olub Böyük Səhra. Meşə, yaşıllıq olub, canlılar, insanlar yaşayıb bu Böyük Səhrada. Sonra insanlar meşələri, yaşıllığı, döndəriblər Böyük Səhraya. Səhranı cənnətə çevirə bilməyən insanlar, cənnəti səhraya
çevirirlər…
********************************************************************************************
Yaxın Şərqdə Ölü dəniz var. Dəniz həqiqətən ölüdür: bir dənə də olsun canlı yoxdur bu dənizdə, duzdan başqa heç bir şey yoxdur bu dəryada. Bir zamanlar Sodom şəhəri yerləşirdi bu yerdə… Sodom! Mənəviyyatsızlıq, əxlaqsızlıq, barbarlıq rəmzi olan Sodom. Sodom əhli artıq insanlıq simasını itirmişdi: inam qalmamış, iman qalmamış, əxlaq qalmamış, böyük-kiçik qalmamış, qohumluq qalmamış, ədəb qalmamış, mənəviyyat itmiş, cəmiyyət dağılmış, insan tayfasının icad etdiyi mənfi və mənfur nə varsa bürümüşdü şəhəri, onun həyatını salmışdı tilsimə. Allah bu fəsad mənbəyini məhv etmək qərarına gəlir. İbrahım əllərini göyə qaldırıb Rəbbə yalvardı ki, məhv etməsin, aman versin. Rəbb aman verdi. Rəbbliyini göstərdi. Dedi ki, əgər bu şəhərdən heç olmasa 10 nəfər saleh, düz adam tapılsa, o, şəhəri məhv etməyəcəkdir. Tapılmadı. Bütöv bir şəhərdə 10 nəfər saleh, düz adam tapılmadı. Bircə İbrahimin qardaşı Lut idi imanını, abrını, insanlığını saxlayan… Onca nəfər təmiz adam qalmamışdı bütöv şəhərdə… Allah Sodom şəhərinə göydən alov və kükürd yağışı tökdü: şəhər, onun sakinləri və torpaqda nə bitirdisə hər şey məhv oldu… Bu gün Ölü dənizdir şəhərin yerində… bir dənə də olsun canlı məxluq yaşamayan ölü dəniz…
Azadlıq şirindir, dadlıdır, ləzzətlidir. Müəmmalı, amma ehtişamlı, bəsit, mürəkkəb, cazibədar və bəzən də qorxuludur Azadlıq. Azadlıq Yaradan tərəfindən insana yarandığı gündən verilib. Öz azadlığının həddi-hüdudunu genişləndirmək üçün bəziləri başqalarının azadlığını qəsb ediblər, onları əsarətə salıblar. Insan əli ilə, insan beyni ilə icad edilmiş qəlibə salıblar. Azadlıq nemətdir, zərif nemətdir. Azadlığa çatmaq müşkülatdır, azadlığı itirmək asan. Azadlığın qədrini bilmək müşkül işdir, ağır vəzifədir. Azadlığı
qorumaq ağırdır, zəhmət tələb edir. Azadlığı firavanlığa, əmin-amanlığa, cəmiyyətin xilasına, mənəvi saflığa, tərəqqiyə, inkişafa, ləyaqətə çevirmək hər kəsin bacara bildiyi, nail ola bildiyi vəzifə deyildir. Buna dərrakə, təmkin, məntiq tələb olunur. Zəhmət, ağır zəhmət – zehni və cismi zəhmət tələ olunur. Mənəviyyat tələb olunur, təmizlik tələb olunur, təmiz əxlaq, təmiz niyyət, təmiz zehniyyət, təmiz mənlik, təmiz inam tələb olunur, saf ideal tələb olunur, saf fədakarlıq, təmiz fədakarlıq tələb olunur… Azadlığın
qədrini bilmək çətindir. Azadlığı qorumaq çətindir. Azadlığı firavnanlığa, xeyrə, düzlüyə, xoşbəxtliyə, xilasa, tərəqqiyə, inkişafa çevirmək ağırdır. Bunlar düzlük, düz niyyət, təmiz niyyət, təmiz fədakarlıq tələb edir. Buna görə, azadlığa nail olan xalqların bir hissəsi azadlıq və firavanlın içərisində inkişaf edir, tərəqqiyə nail olur, o biri hissəsi isə zülmət qaranlıqda səfil kimi yol axtaran insana bənzər şəkildə çabalayır... Tikmək yerinə dağıdır, tərəqqi yerinə tənəzzül edir, inkişaf etmək yerinə geriləyir...
Cəmiyyət didişir, cəmiyyət vurnuxur, dəyərlər itir, ləyaqət tapdalanır, düzlük cəza alır, təmizlik nifrətə və lənətə gəlir, ağıl dəlilik, dərrakə sərsəmlik, düz söz iftira, düz ehkam cinayət, xeyirxahlıq fırıldaq, xoş niyyət bədxahlıq hesab olunur. Əyrilik qələbə çalır, əliəyrilik qəhrəmanlığa, şöhrətpərəstlik təvazökarlığa, xudbinlik fədakarlığa, fəralilik şücaətə, inamsızlıq inama, bədxahlıq xeyrxahlığa, ədalətsizlik ədalətə, haqsızlıq haqqa, murdarlıq təmizliyə qalib gəlir. Artıq azadlıq öz əzəli və həqiqi
mənasını itirir...
Mirzə Xəzər
1995 Praqa
Diqqət: Copyright. Bu yazının yalnız və yalnız mənbə və müəllifin adı göstərilərək, ixtisar edilmədən başqa nəşrlərdə çap edilməsinə icazə verilir. Əks təqdirdə Copyright hüququ pozulmuş hesab olunacaq.
"MEYDAN DUŞÜNCƏLƏRİ"Nİ MİRZƏ XƏZƏRİN SƏSİ İLƏ DİNLƏMƏK ÜÇÜN BU LİNKƏ GEDİN:
http://www.live365.com/stations/tahira8270
____________________________
Əkslər:
Əziz Mirzə müəllim salam!!! "Meydan düşüncələri"nizdən doğan milli təəssübkeşlik hisslərim üçün Sizə minnətdaram!!!
"Milli Meydan"ımızı bundan dolğun, bundan səlis təsvir etməyi düşünə bilmərəm... "Meydan düşüncələri" hələ yolda olan milli düşüncəmiz (təəssüf ki!!!) haqqında hayqırtıdı. "Meydan düşüncələri" insanlığa çağırışdı.
İnanıram ki, mürgülü gözləri ilə "Meydan düşüncələri"-ni oxuyan vətəndaşı...hayqırtınız səksəndirəcək...oyadacaq illərin daş yuxusundan...yol alacaq o vətəndaş
o YOLA doğru...
MİLLİ DÜŞÜNCƏ YOLUNA DOĞRU!!!
Dərin hörmət və minnətdarlıq hissi ilə,
Y.A.
Əvvəlki məqalə: Mehdi Məmmədov: Azərbaycan elə bir ölkədir ki, orada heç kimin haqqı özünə qaytarılmır
Sonrakı məqalə: Məlahət Ağacanqızı: AĞILLI BÖYÜKLƏRİN AZLIĞI MİLLƏTİ İNTİHARA APARIR
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3687
