Terri Devidson: “Eskudero Amerika hakimiyyətinin adından danışa bilməz”
ABŞ SƏFİRLİYİ KEÇMİŞ SƏFİRİN DAVRANIŞINA MÜNASİBƏT BİLDİRDİ
ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Stenli Eskudero ilə bağlı qalmaqal səngimir. Nardaranlılara məxsus 30 sot torpağı mənimsəyib, istirahət mərkəzi tikdirmək istədiyinə görə qəsəbə sakinləri onu məhkəməyə veriblər. Hazırda onun işi Ali Məhkəmədə araşdırılır.
Amma S.Eskuderonun adı zaman-zaman gündəmə yalnız biznes fəaliyyəti ilə bağlı deyil, həm də siyasi çıxışlarına görə gəlir. “Xalq qəzeti”nə verdiyi müsahibəsində keçmiş səfir hakimiyyəti mədh edib müxalifətin ünvanına isə nalayiq sözlər işlədərək, demokratik qüvvələri şarlatan adlandırıb.
S.Eskudero həmçinin Amerikada keçirilən seçkilərin demokratikliyini şübhə altına salan fikirlər səsləndirib. O, heç ABŞ-da da Azərbaycandakı kimi seçki keçirilmədiyini söyləyib.
Onun söylədiyi bu fikirlər, eləcə də sadə vətəndaşların şəxsi mülkiyyətini qəsb etməsi Azərbaycan ictimaiyyəti tərəfindən mənfi qarşılanır.
Azərbaycan müxalifətinin rəhbərliyində təmsil olunan şəxslərin sözlərinə görə, S.Eskuderonun indiki fəaliyyəti və bəyanatları onun zamanında diplomatik fəaliyyətini şübhə altına salır.
Bəs Amerika səfirliyinin bir zamanlar ABŞ-ı Azərbaycanda təmsil edən S.Eskuderonun davranışına münasibəti necədir?
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson qəzetimizə verdiyi açıqlamasında S.Eskuderonun Amerika səfirliyi ilə heç bir əlaqəsi olmadığını bildirdi. T.Devidsonun sözlərinə görə, S.Eskudero ABŞ hakimiyyətinin adından danışa bilməz.
Qeyd edək ki, 1997-2000-ci illərdə Amerikanın Azərbaycandakı səfiri olub.
2000-ci ildə təqaüdə çıxıb və həmin ildən Azərbaycanda biznes qurub.
Leyla İLQAR ("Yeni Musavat" qəzeti)
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: Bu məmləkətdə niyə gecələr yatmırlar?
Sonrakı məqalə: Məlahət Ağacanqızı: BIZ NECƏ MİLLƏTİK!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3676