FƏRHAD ƏLİYEV BU GÜN VƏKİLLƏ GÖRÜŞDƏ CƏMİ DÖRD-BEŞ DƏQİQƏ OTURA BİLİB
GÖRÜŞ YARIMÇIQ QALIB
2008-10-28, 18:29:00
Bu gün vəkil İsaxan Aşurov 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə görüşüb. Görüş barədə «Media forum»a məlumat verən vəkilin bildirdiyinə görə, keçmiş nazir söhbətə həvəs göstərməyib: «Görüş cəmi dörd-beş dəqiqə çəkdi. O, görüş otağında oturub söhbəti davam etdirə bilmədi. Sifətində şişkinlik, gözlərinin altında qaralma müşahidə etdim. Hərəkət etməyə çətinlik çəkirdi. Görüşü yarımçıq dayandırmağa məcbur oldum».
İ.Aşurov F.Əliyevin infarkt keçirməsi haqda bugünkü qəzetlərdə gedən xəbərlərə münasibət bildirərkən deyib: «Qəzetlərin bu xəbəri haradan götürdüyünü bilmirəm. Bu gün Fərhad Əliyevin üz-gözündə gördüyüm əlamətlərin infarkt əlaməti olub-olmadığını da deyə bilmərəm. Bir məsələ aydındır ki, Fərhad Əliyev xəstədir, özünün istədiyi həkim tərəfindən müayinəsi aparılmayıb. Buna icazə verilməyib, başqa həkimlər müayinə etdikdə isə bizim xahişlərimizə baxmayaraq tibbi sənədlərin surətləri təqdim olunmayıb».
Vəkil keçmiş nazirin cəzaçəkmə müəssisəsinin sanitar hissəsində olduğunu, ona dərmanlar verildiyini də vurğulayıb: «Yaxşı olardı ki, Fərhad Əliyev mülki şəfa ocağına yerləşdirilsin və onun ətraflı müayinə-müalicəsi aparılsın».
İ.Aşurov bu istiqamətdə fəaliyyət göstərəcəyini, bu vaxta qədər aparılan müayinələr zamanı hazırlanan tibbi sənədlərin surətlərini əldə etmək üçün lazımi orqanlara müraciət edəcəyini, F.Əliyevin vəziyyətinin pisləşməsinin nə ilə bağlı olması barədə sorğu ilə çıxış edəcəyini deyib: «Fərhad müəllimin özünün elə bir istəyi olmadı. O, sabah görüşməmək üçün xahiş etdi. Yəqin ki, bu, görüşə gəlməkdə çətinlik çəkməsiylə əlaqədardır. Amma oktyabrın 30-da onunla əlaqə saxlayacam və cəzaçəkmə müəssisəsinə bir daha baş çəkəcəm».
Vəkil F.Əliyevin Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsiylə bağlı Penitensiar Xidmətə müraciət edəcəyini də vurğulayıb.
İ.Aşurovun sözlərinə görə, F.Əliyev həbsxanada ingilis dilini təkmilləşdirməklə məşğuldur. Vəkil əlavə edib ki, mətbuatda onun ərəb dilinin öyrənmək haqqında yazdığı xəbərlərin heç bir əsası yoxdur.
F.Əliyev 2005-ci ilin oktyabrında həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və rüşvət alma), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israfetmə), 192.2.1-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.2-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq), 206.4-cü (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 313.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 313.3.3-ci (külli miqdarda rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
2007-ci il oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F.Əliyev 10il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun əmlakı müsadirə olunub.
Bu il iyulun 16-da Bakı Apellyasiya Məhkəməsi müttəhimlər barədə birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.
«Media forum»
Əvvəlki məqalə: Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyasının Qulamrza Əmaninin həlak olması ilə bağlı bəyanatı
Sonrakı məqalə: Müslüm Maqomayev Fəxri Xiyabanda, babası,görkəmli bəstəkar Müslüm Maqomayevin yanında torpağa tapşırılıb
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3668