Nardaran sakinləri ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər
[ 02 Oktyabr 2008 13:37 ] Bu gün Nardaran qəsəbəsinin bir qrup sakini ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, Nardaran sakinləri qəsəbənin “Səfixanı” adlanan 30 hektar torpaq sahəsinin məhkəmənin qərarı ilə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Bakıda yaşayan Stenli Eskudero tərəfindən alınmasına etiraz ediblər. Səfirliyin binası qarşısına toplaşan kənd sakinlərindən 5-i ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusunun nümayəndəsi ilə görüşmək istədiklərini bildiriblər. Sakinlərin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə nardaranlıların məktubunu və piketin qətnaməsini səfirliyin nümayəndəsinə təqdim edib. Qətnamədə S. Eskuderonun hərəkətləri qanunsuz adlandırılıb və onun Azərbaycandan çıxarılması tələb olunub. Aksiya zamanı heç bir insident baş verməyib. Qeyd edək ki, Nardarandakı “Səfixanı” adlanan ərazidəki 30 hektar torpaq sahəsi S. Eskudero tərəfindən 2006-cı ildə məhkəmənin qərarı ilə kənd camaatının əlindən alınıb. Sakinlərsə bu hadisədən 1 il sonra xəbər tutublar. Məhkəmə qərarı Salman Cəbrayılov adlı qəsəbə sakinin iddiası əsasında çıxarılıb. Nardaran sakinləri isə uzun illərdən bəri əkib becərdikləri torpaq sahəsinin ələ keçirməsinə qarşı çıxaraq, məhkəmə qərarının dəyişdirilməsini tələb edirlər. Bakı.
Ramil Məmmədli – APA
______________________________________________________________________________________
Nardaranlılar piket keçirdilər
13:05 02-10-2008
Onlar ABŞ-ın keçmiş səfirini mülkiyyət hüququnu pozmaqda günahlandırırlar
Bu gün bir qrup Nardaran sakini ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Lent.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, sakinlər ABŞ-ın keçmiş səfiri Stenli Eskuderonun nardaranlılara məxsus 30 hektar torpaq sahəsini mənimsəməkdə günahlandırırlar. Onlar “Nardaranlıların ata-baba torpağından əl çəkin” şüarı ilə səfirliyin binasına yaxınlaşıblar. Lakin əraziyə cəlb edilmiş polis əməkdaşları nardaranlıların burada toplaşmasına imkan verməyiblər.
Bununla belə, Nardaran sakinlərinin bəyanatı səfirliyin əməkdaşlarına təqdim olunub. Bəyanatda Stenli Eskuderonun Nardaranda aldığı 30 hektar torpaq sahəsinin qanunsuz olaraq onun istifadəsinə verildiyi bildirilir. Aksiya iştirakçıları səfirlikdən bu məsələnin araşdırılmasını və torpaq sahəsinin əvvəlki sahiblərinə qaytarılmasını xahiş edir.
LENT.AZ
Əvvəlki məqalə: Nardaran sakinləri piket keçiriblər, Stenli Eskuderonun əleyhinə şüarlar səslənib
Sonrakı məqalə: Nardaranlılar Bakıda mətbuat konfransı keçirdilər, Eskuderonu hədələdilər