Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Beynəlxalq hüquq-müdafiə təşkilatı «Human Rayts Votç» həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb etməyə çağırır

Mirzə Xəzər 31 Yan 2008

«HUMAN RAYTS VOTÇ»: «AZƏRBAYCAN HAKİMİYYƏTİNDƏN HƏBSDƏKİ JURNALİSTLƏRİ DƏRHAL AZAD ETMƏK TƏLƏB OLUNMALIDIR» 2008-01-31 – 17:08:00

Beynəlxalq hüquq-müdafiə təşkilatı «Human Rayts Votç» qısa məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində öhdəliklərini yerinə yetirməməsi vurğulanır.

«Human Rayts Votç» demokratiya, azad və şəffaf seçkilər, insan hüquqlarının, qanunun aliliyinin təmin edilməsi məsələlərinə toxunaraq bildirir ki, prezident seçkisi ərəfəsində mətbuat azadlığı sahəsində vəziyyətin pisləşməsi, həmçinin işgəncələr narahatlıq doğurur: «Biz bu sahələrdə Azərbaycan hökumətinin konkret ciddi islahatlar aparmasını təklif edirik. İnanırıq ki, Avropa Komissiyası bu təklifləri Avropa Qonşuluq Siyasətinin Azərbaycan üzrə Fəaliyyət Planına daxil etməklə problemlərin həllində mühüm rol oynaya bilər».

«Turan» məlumatına görə, beynəlxalq insan haqları qurumu Azərbaycan hökumətinin böhtan və digər cinayət əməllərində ittihamlardan müstəqil və müxalif jurnalistlərin təqibi üçün istifadə etməsindən ciddi narahat olduğunu vurğulayıb: «Son iki ildə Azərbaycanda həbs edilmiş jurnalistlərin yarısı böhtana görə tutulub. Bu göstəriciyə görə Azərbaycan Avropa Şurası üzvləri arasında liderdir. Azərbaycan hakimiyyətindən həbsdə qalan jurnalistləri dərhal azad etmək tələb olunmalıdır.

«Human Rayts Votç» həmçinin rəsmi Bakıdan jurnalistlər Üzeyir Cəfərov, Həkimeldostu Mehdiyev və digərlərinə qarşı zorakılıq faktlarını ciddi araşdırmağın tələb edilməsini çox mühüm sayır.

Təşkilat Avropa Komissiyasının Azərbaycan hakimiyyəti qarşısında böhtanın dekriminallaşdırılması və bu yolda ilk addım kimi həmin ittiham üzrə cinayət təqibinə moratorium qoyulması şərti irəli sürəcəyinə ümid etdiyini bildirir.

(Media Forum)

MƏMMƏDƏMİN RƏSULZADƏNİN AD GÜNÜ İLƏ BAĞLI KEÇİRİLƏN AKSİYADA 14 GƏNC TUTULUB

Mirzə Xəzər 31 Yan 2008

Bu gün «Dalğa» Gənclər Hərəkatının Məmmədəmin Rəsulzadənin doğum günü ilə bağlı planlaşdırdığı aksiyaya polis müdaxilə edib.

Təşkilatın üzvü Elşən Poladlı «Media forum» saytına bildirib ki, bu gün saat 13:00-da nəzərdə tutulmuş aksiyanın başlamasına 2 saat qalmış üç nəfər «Dalğa»çı – Ramin Hacılı, Pənah Əliyev və Rövşən Nəcəfov metronun «Sahil» stansiyası yaxınlığında gül alarkən polis nəfərləri tərəfindən saxlanılaraq Səbail rayon 39-cu polis bölməsinə aparılıb.

Buna baxmayaraq aksiyanı keçirmək qərarından dönməyən digər «Dalğa»çılar əvvəlcədən planlaşdırılan yerə – Kukla Teatrı ilə üzbəüz parka gəliblər. Aksiyaçılardan bir nəfər M.Ə.Rəsulzadənin şəklini üzünə tutaraq Rəsulzadənin heykəliymiş kimi fəvvarənin yanında dayanıb. Ona yaxınlaşan başqa «Dalğa»çılar «heykəl»in ayaqları altına gül düzüb, onun xatirəsini yad ediblər.

Hərəkat üzvləri eyni zamanda fəvvarəyə də gül ləçəkləri və güllər ataraq burada əslində Rəsulzadənin abidəsinin ucalmalı olduğunu və bu gün buranın güllərlə əhatələnməli olduğunu bildirmək istəyiblər. Burada Səbail rayon polisləri 11 «Dalğa»çını, o cümələdən təşkilatın sədr əvəzi Araz Qasımovu polis bölməsinə aparıblar.

Hazırda tutulan 14 «Dalğa»çının hamısı polis bölməsindədir.

(Media Forum)

AZƏRBAYCANLI MƏHBUS LEYLA HEYDƏRİNİN AZADLIĞA BURAXILMASI ÜÇÜN 900-dən ÇOX İCTİMAİ və SİYASİ FƏAL BƏYANAT İMZALAYIB

Mirzə Xəzər 30 Yan 2008

2008-01-30 – 20:16:00

«Media forum» saytı xəbər verir ki, İranın 900-dən çox ictimai və siyasi fəalı birgə bəyanat imzalayaraq hazırda Tehranın Evin həbsxanasının 209-cu korpusunda saxlanan azərbaycanlı məhbus Leyla Heydərinin dərhal azadlığa buraxılmasını tələb edib.

Bəyanatın hazırlanmasında İrandakı azərbaycanlı fəal xanımların böyük rolu olduğu bildirilir.

L.Heydəri 5 ay əvvəl həbsdə saxlanan həyat yoldaşı, azərbaycanlı siyasi məhbus Behruz Səfərinin görüşünə gedərkən tutulub.

Qeyri-rəsmi informasiyalara görə, o, həbsxanada ağır psixi işgəncələr və təzyiqlər altında saxlanır, ardıcıl və yorucu dindirmələr zamanı dəfələrlə huşunu itirərək bayılıb. L.Heydərinin ciddi müalicəyə ehtiyacı olduğu bildirilir.

«Media forum»un məlumatına görə, bəyanatda L.Heydəri ilə yanaşı başqa milli və siyasi məhbusların da azadlığa buraxılması tələbi qoyulur.

«Media forum»

Əvvəlki məqalələr