Əsgər atası oğlu barədə çıxarılan hökmün yanlış olduğunu bildirir
Məhkəmə Hüquq şurasına Ədliyyə Naziri Fikrət Məmmədov cənablarına Azərbaycan Respublikasındakı Kütləvi İnformasiya vasitələrinə Şirvan şəhəri Xanlar küçəsi 41-də yaşayan Əliyev Firuddin tərəfindən
Açıq məktub
Hörmətli Nazir!. Hörmətli Media mənsubları! Bu ölkədə yaşayıb onun bütün qanunlarına əməl etmək, vətənə xidmət göstərmək, düşmənlə üz-üzə təmas xəttində durub keşik çəkmək biz kasıbların boynuna düşür. Amma ölkə qanunlarına əməl etməməmk, onun təbii sərvətlərini mənimsəmək, qanını sovurmaq, ədalətsiz məhkəmələrdə bizə divan tutmaq dövlətin bəzi məmurlarına, müstəntiqlərinə və nəhayət varlanmaq eşqi ilə daim alışıb yanan hakimlərinə aiddir. Ay millət, ay hökumət, Hörmətli Prezident, ürəyim partladı axı, mən bu dövlətdən bircə ədalətli məhkəmə istəyirəm. Vəssalam. Dərdimi sizə bildirmək istəyirəm. Yazmadığım instansiya qalmadı. Bilirəm ki, prezidentə 100 minlərlə məktub yazılır, bunları oxumaq da mümkün deyil. Əslində məhkəmələr ədalətli olsaydılar heç prezidentə məktub da yazılmazdı. Məktubları oxuyan məmurlar isə robot kimi ancaq eyni funksiyanı yerinə yetirir. Şablon cavablar verirlər. Mənə bir qulağ asın. Axı belə olmaz. Bu nə ölkədir. Nə deyirlər onu edirik. Barı ədaləti əldən qoymayın. İşıqpulu, qazpulu, supulu, müstəntiqpulu, hakimpulu, yetər qardaşlar. Pulum yoxdursa ədalət olmayacaq?. Mənim oğlumu qaytarın özümə, ailəsinə. Yoxsa biz bu ölkənin vətəndaşlığından imtina edirik. Bizə vətəndaş kimi yox, vətənin daşı kimi, yəni əşya kimi yanaşırlar.
Məhkəmələr mənim oğlum barəsində ədalətsiz qərar çıxarıblar. Oğlumu ordu sıralarına göndərdim ki, vətənə olan borcunu yerinə yetirsin. Əvəzində qəddar və mərhəmət hissini itirmiş hərbi müstəntiqlərin apardığı qərəzli istintaq nəticəsində oğlum Əliyev Ramiq Firuddin oğlu 8 il azadlıqdan məhrum edildi. Onun “günahı” təlimata uyğun hərəkət edərək gecə vaxtı mühafizə etdiyi posta düşmən istiqamətindən basqın edən, qaranlıqda kimliyini müəyyənləşdirə bilmədiyi əsgəri güllə ilə vurması olub. Təbii ki, mühafizə etdiyi posta yaxınlaşan əsgərin Azərbaycan Ordusunun əsgəri olduğunu bilməyib. (Axı bu əsgərin gecə vaxtı postda nə işi var idi ?). Güllə beton dirəyə dəyərək istiqamətini dəyişmiş və əsgəri öldürmüşdür. Qaranlıqda posta düşmənin təmas xəttindən basqın edən, “dayan” komandasına cavab verməyən, şəxsin kimliyini necə müəyyənləşdirmək olardı. Mənim oğlum həyatının gənc yaşlarında, cinayət törətmədiyi halda artıq iki ildir ki, həbsxanada yatır. Oğlumun komandirləri bildirirlər ki, Ramiq təlimata uyğun hərəkət edib. Bəs necə olur ki, hərbi müstəntiq və prokuror oğlumu səkkiz il həbsə göndərir. Oğlumun başına gələnləri araşdırsanız, hərbi prokurorluğun və tribunalın haqsız olduğunun şahidi olarsınız.
Məsləhətləşdiyimiz hərbi ekspertlər və hərbiçilər oğlumun düzgün və təlimata uyğun hərəkət etdiyini bildirirlər. Amma qəribə burasıdır ki, hərbi müstəntiq bildiyi kimi araşdırma aparıb və hətta güllənin betona dəyib istiqamətini dəyişərək əsgərə dəydiyini istintaq materiallarına daxil etməyib. Görünür hansısa istəyinə çatmadığı üçün güllənin yeri olan beton dirəyin fotoşəkillərini istintaq materillarından çıxarıb. Daha sonra hadisə yerində ikinci şəxs olub (bu şəxs erməni də ola bilərdi?!) və onun haqqında da istintaq materiallarında heç nə göstərilməyib. Müstəntiqin bu hərəkəti özü-özlüyündə şübhə doğurur və onun istintaqı qərəzli aparmasından xəbər verir. Məhkəmələrdə isə deyilənlər heç biri təfsilatı ilə araşdırılmadı. Bir-birinin ardınca bütün instansiya məhkəmələrin ədalətsizliyi bizi üzdü. Ali Məhkəmədə isə hərbi hakim Oqtay Maqsudovun iştirakı ilə məhkəmə prosesi iki dəqiqə çəkdi. Hakim vəkilə imkan vermədi ki, cinayət işində maddənin düzgün tətbiq edilməsini sübut etsin. İndi də bizə bildirirlər ki, Ali Məhkəmənin plenumuna müraciət edin. Axı nə xeyri?!. Avropa məhkəməsi daha yaxşı qərar çıxarar. Indi belə çıxır ki, bzim işimizə Avropa məhkəməsində əcnəbilər baxacaq. Bu bizə baş ucalığı gətirməyəcək. Əvvəllər Kremlə yazırdıq, indi isə Strasburqa. Kim nə deyər bizdə olan qeyrətə , qeyrətimiz bəllidir hər millətə. Allah xofu olmayan müsəlman hakimin çıxardığı qərarı xristian alman və yaxud fransız dəyişsə gör nə biabırçılıq olacaq.
Əlbəttə mənəvi biabırçılıqdan söhbət gedir. Amma yox bizimkilər üçün əsas şey puldur. Pul yerindədirsə mənəviyyat olmasa da olar. Heç bilmirəm Azərbaycanda göz yaşlarına inanan qalıbmı?. Son ümidim yalnız sizədir. Bunlar adi sölər deyil insan taleyidir. Oğlumu kriminal etmək üçün əsgər göndərməmişəm. Xahiş edirəm məktubumu çap edin. Qabqaqcadan məktubumu çap edənlərə minnətdarlığımı bildirirəm.
Hörmətlə: Əliyev Firuddin Əsgər Anası: Əliyeva Məleykə
Telefon: 050 520 40 16
P.S. Bildirim ki, məsələ Ombudsman apparatında, şəxsən Elmira Süleymanova tərəfindən araşdırılmışdır. Ali Məhkəməyə məktub da göndərilmişdir. Amma nəticəsi olmadı.
Əvvəlki məqalə: Prezidentliyə keçmiş namizəd Qüdrət İsaqov həbsdə olan jurnalistlərin azad olunmasına çağırır
Sonrakı məqalə: “Tolişe Sedo” qəzetinin baş redaktorunun oğlu vəkildən imtina edib