Qusarda vəhhabilərlə Azərbaycanın daxili qoşunları arasında silahlı toqquşma baş verib
Bir nəfər əsgər ölüb, biri isə yaralanıb
Hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerindədir Hüquq-mühafizə orqanları Qusar rayonu ərazisində sələfilərə (Vəhhabilərə) qarşı əməliyyat keçirib. Əməliyyatda Azərbaycan Dövlət Sərhəd Xidmətinin bir əsgəri öldürülüb, biri isə yaralanıb. Bəzi məlumatlara görə onlar Daxili Qoşunların əsgərləridir. Qusar rayon Prokurorluğundan məlumatı təsdiqləyiblər, ancaq ətraflı məlumat verilməyib. Hüquq-mühafizə orqanları rəhbərlərinin hadisə yerində olduğu bildirilir. Məlumatlara görə, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən Vəhhabilərlə sərhədçilər arasında silahlı insident olub. Bildirildiyinə görə, kəndə giriş-çıxış bağlanıb. Qarşı tərəfdən itkilərin olması barədə məlumat yoxdur. Trend News-un bölgə müxbirinin rayonun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, insident Vəhhabilər Azərbaycana qanunsuz keçmək istəyərkən baş verib. Qusar rayon prokuroru Vamiq Əsədov isə bildirib ki, hadisə zamanı Daxili Qoşunların bir əsgəri öldürülüb. Prokuror hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyib. O, hadisənin kim tərəfindən törədildiyinin məlum olmadığını, hadisəni törədən şəxsin qaçdığını deyib. Daxili Qoşunların mətbuat xidmətindən həmin ərazidə əməliyyat keçirildiyi təsdiqlənib. Lakin hadisə ilə bağlı məlumat verilməyib. Yada salaq ki, avqustun 17-də Bakıdakı Əbu-Bəkr məscidində partlayış baş vermişdi. Əsasən, sələfilərin (Vəhhabilər) namaz qıldığı məsciddə törədilən partlayışda 2 nəfər ölüb, 19 nəfər yaralanıb. Məhz bundan sonra Vəhhabilərin üzərinə kütləvi hücumlar başlayıb. Əvvəlcədə Zaqatala və Balakəndə Vəhhabilərlə bağlı xüsusi əməliyyat keçirilib. Onlar polis idarəsinə aparılıb və müxtəlif təzyiqlərlə üzləşib. Daha sonra Bakının müxtəlif polis idarələrinə dəvət olunan dindarların zorla saqqalı qırxılıb. Iki gün əvvəl isə Aşurbəy məscidində və Şəhidlər Xiyabanındakı məsciddə bəzi dindarlara və xüsusilə də Vəhhabilərə cümə namazı qılmağa imkan verilməyib.
Informasiya şöbəsi
("Azadlıq" qəzeti, 31.08.2008)
Əvvəlki məqalə: Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 15 il ötür
Sonrakı məqalə: Türkiyənin prezidenti Abdulla Gülün İrəvana gedəcəyi təsdiqləndi
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3584
