Azərbaycanın bölgələrindəki naməlum şəhid məzarları dağılır
[ 30 Avqust 2008 15:00 ]
Qarabağ. Teymur Zahidoğlu – APA. Ağdam, Bərdə, Tərtər və digər cəbhəyanı rayonlarındakı qəbiristanlıqlarda saysız-hesabsız naməlum şəhid məzarları var. APA-nın Qarabağ bürosunun məlumatına görə, bu məzarlarda uyuyanların əksəriyyətinin dəfn mərasimi müəyyən şəxslər tərəfindən lentə alınıb. 1994-cü ilin sonlarınadək naməlum şəhidlərdən bir neçəsinin nəşi həmin çəkilişlər vasitəsilə müəyyən edilərək doğmaları tərəfindən köçürülüb.
Burada qalan naməlum şəhid qəbirləri isə baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üzləşib. İmkanlı adamlar naməlum şəhidlərlə eyni qəbiristanlıqda dəfn olunmuş yaxınlarının qəbirləri üzərində sərdabələr ucaltsalar da, onların məzarlarının dağılmasına biganədirlər. Hətta bu sərdabələrin tikintisində istifadə olunan sement-betonu şəhid məzarlarının sinədaşı üzərində qarışdıranlar da tapılıb. Naməlum qəbirlərin bəzisinin daşını isə hətta yerindən qoparıb kənara atıblar.
Bərdə şəhər məscidinin axundu, müharibə iştirakçısı Ramazan Hüseynov APA-nın yerli bürosuna belə getsə, naməlum şəhidlərin məzarlarının tamamilə yoxa çıxacağını bildirib. O, naməlum qəbirlərlə bağlı maraqlı bir faktı da açıqlayıb. R. Hüseynovun sözlərinə görə, müharibənin qızğın vaxtlarında bir şəhidi naməlum kimi dəfn eləyiblər. Sonradan bir nəfər onların yanına gələrək qardaşını axtardığını bildirib. Ondan qardaşının əlamətlərini soruşublar: “Həmin şəxs Neftçala rayonunun Qazaxbərə kəndindən idi. Getdi anasından soruşdu qardaşının əlamətlərini. Anası deyib ki, oğlunun sinəsinə döymə ilə “Səlimə” yazılıb. Mən də həmin mərhumun qəbrini qardaşına göstərdim. Meyiti çıxarıb apardılar. Səlimə həmin şəhidin orta məktəbdə bir partada oturduğu və sevdiyi qızın adı olub. Anası dedi ki, oğlunu tapdığına görə Səliməyə minnətdardır və onu ömrü boyu özünə gəlin hesab edəcək”.
Əlavə edək ki, bu qəbirlərdə dəfn olunanların adları itkin siyahısındadır.
APA
Əvvəlki məqalə: Qafqaz Müsəlmanları İdarəsi müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verib
Sonrakı məqalə: Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 15 il ötür
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3581
