«KİM ETİRAZ EDİRDİ, DƏYƏNƏK İŞƏ DÜŞÜRDÜ» (Polisdə saqqallarının zorla qırxıldığını deyən dindarlar)
2008-08-27, 17:16:00
Bir qrup dindar avqustun 27-də «Media forum» saytının redaksiyasına gələrək polis əməkdaşlarının hərəkətlərindən şikayətlənib. Saytın əməkdaşı ilə söhbət edən Fikrət Aydəmirov, Rövşən Məmmədov, Səməd Nəbiyev Səbail rayon 8-ci polis bölməsinin, İbrahim Eyvazov, Elman Qurbanov, Nadir İdrisov, Cəlal Seyidov, Hüseyn Əhmədov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının onlara qarşı qanunsuzluq etdiyini bildiriblər. Onların sözlərinə görə, avqustun 25-də müxtəlif yollarla – evdən, işdən, küçədən polisə aparılblar. Onlara Əbu Bəkr məscidində avqustun 17-də baş vermiş partlayışla bağlı izahat alınacağı deyilib.
F.Aydəmirov bildirib ki, Səbail rayon 8-ci polis bölməsinə gətirildikdə ən əvvəl sənədlərini alıblar: «İçəri daxil olanda Əbu Bəkr məscidinin camaatı olan qardaşların saqqallarının qırxıldığını gördüm. Saqqallı şəklimi çəkdikdən sonra məni bərbərin qarşısında oturtdular. Polis əməkdaşlarına başa salmağa cəhd etdim ki, artıq 10 ildir saqqal saxlayıram, şəxsiyyət vəsiqəmdəki şəklim də saqqalladır. Nə qədər etiraz etsəm də, saqqal saxlamağın dini mənalarını izah etməyə çalışsam da, buna əhəmiyyət verilmədi».
Saqqalı qırxıldıqdan sonra 3-4 saat bölmədə saxlandığını və daha sonra ondan izahat alındığını deyən F.Aydəmirov əl izlərinin götürüldüyünü də bildirir: «Səhər saat 11-dən axşamüstü saat 4-dək bölmədə saxlandım. Daha çox psixioloji təzyiq olurdu. İnancımızla, saqqalla bağlı təhqirlər səsləndirir, hətta deyirdilər ki, lazım gəlsə, əl-qolunuzu bağlayıb saqqalınızı qırxacağıq. Mən də bildirirdim ki, nə qədər qırxsanız da, yenə saqqal saxlayacam. Çünki bizim peyğəmbərimizin xarici görünüşü belə olub. Biz peyğəmbərin qoyduğu yolla gedirik».
Rövşən Məmmədov da F.Aydəmirovla eyni vaxtda 8-ci polis bölməsinə gəldiyini, ondan izahat alındıqdan sonra saqqalının qırxıldığını deyib: «Həm saqqaldan əvvəlki, həm də sonrakı vəziyyətim fotoya alındı».
İbrahim Eyvazov Rusiya vətəndaşıdır. Hazırda onu bir sual maraqlandırır ki, Nəsimi Rayon Polis İdarəsində saqqalı məcburi qırxıldıqdan sonra Rusiyaya necə gedəcək: «Bütün sənədlərimdə şəkillərim saqqallıdır. İndiki vəziyyətim də belə. Qorxuram ki, Rusiya ərazisinə daxil olanda məni ölkəyə buraxmasınlar... Məni narahat edən ən əsas məsələ o idi ki, polis idarəsində mülki geyimli bir şəxs bütün saxlanılan qardaşlarımızın arasında gəzə-gəzə bizi təhqir edir, söyüşlə bizi təxribata çəkirdi. Polis əməkdaşları bizi bərbərin yanına gətirərkən əllərində dəyənək var idi. Kim etiraz edirdi, dəyənək işə düşürdü. Hətta namaz vaxtı ibadətimizi yerinə yetirmək istəsək belə, buna icazə vermədilər».
Elman Qurbanov iş yerindən Nəsimi Rayon Polis İdarəsinə aparıldığını, digər dindarlarla birgə müxtəlif formalarda təhqirlərə məruz qaldığını deyib: «Hətta İbrahim ayaqlarının ağrıdığını bildirsə də, polis əməkdaşları ona oturmağa icazə vermədilər. Bu ölkədə digər dindən olan vətəndaşların, hətta xarici ölkə vətəndaşlarının hüquqları qorunur, amma bizə belə münasibət var».
Səməd Nəbiyev də avqustun 25-də Səbail rayon 8-ci polis bölməsinə gətirildiyini, zorla saqqalının qırxıldığını, təhqir olunduğunu deyib: «Mən heç bir qanunsuz hərəkətlərə yol vermirəm, ölkənin konstitusiyasına və qanunlarına hörmətlə yanaşıram. Bəs nə üçün mənim hüquqlarım başqaları – həmçinin qanun-qaydanın keşiyində durmalı olan polis tapdayır?»
Asif Tağıyev Qarabağ müharibəsi iştirakçısı olduğunu, vaxtilə polisdə çalışdığını deyib: «Mən polisdə işlədiyim müddətdə belə haqsızlıq, polis adına yaraşmayan ləyaqətsiz hərəkət görməmişdim. Polis cinayətkarların deyil, öz dini, etiqadı ilə məşğul olan zərərsiz din adamlarının arxasınca düşüb onları incitməklə məşğuldurlar. Biz dinlə məşğuluq, öz övladlarımızı da əxlaqlı böyüdürük. Səhər Gürcüstandakı hadisə bizim də başımıza gələ bilər. Qarabağı əxlaqlı insanlar xilas edəcək».
Şikayətçilər dövlət başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıblar. Onlar konstitusiya hüquqlarının müdafiəsini xahiş edirlər.
Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Arif «Media forum»a bildirib ki, Səbail rayon 8-ci polis bölməsi və Nəsimi Rayon Polis İdarəsində kimlərinsə saqqalının qırxdırılması haqda deyilənlər yanlışdır: «Həmin bölmədə Əbu Bəkr məscidində törədilmiş partlayışla bağlı dindirilmələr aparılıb. Bəzi adamlar narazılıq edir, inzibati qaydada polisə gəlmək istəmirlər. Ancaq bilirsiniz ki, bu, böyük işdir, axtarış ölkə üzrə aparılır».
Media Forum
Əvvəlki məqalə: Həyat yaşanandan sonra...
Sonrakı məqalə: QUBAD İBADOĞLU: «150 MİN AVROYA AVTOBUS ALIRIQ, ƏMƏKHAQQI və PENSİYALARI 15 MANAT ARTIRIRIQ»
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3576