Mətanət Kərimli: Bizi qınıyanlara sözüm var
Azərbaycanda bu dəqiqə günün ən aktual mövzusu insan hüquq və azadlıqları, söz azadlığı və demokratiyadır. Bu, təbiidir. Çünki, inkişaf etmək üçün ilk növbədə cəmiyyətdə demokratik dəyərlər formalaşmalıdır.
Bugün yerli mətbuatı səhifələdikdə görürük ki, müxalifət iqtidarı qeyri-demokratiklikdə suçlayır. Bu, reallıqdır. Əgər əsl demokratiya olsaydı, indi hakimiyyət başında bəlkə də tamam başqa siyasi qüvvələr olardı.
Amma iqtidar heç vaxt sükanı əldən verməz və bu səbəbdən də demokratiyaya əngəllər törədir. Çünki, demokratiya heç də hamının xoşuna gələ bilməz. Hamı cəmiyyətdə sərbəst olsa, fikrini açıq şəkildə ifadə etsə, onda müəyyən qüvvələrin nüfuzu aşağı düşər.
Ümumiyyətlə nəinki hakimiyyət, heç cəmiyyətimiz də demokratiyaya tam hazır görünmür. Versiya.az saytında yerləşdirilmiz bəzi köşə yazıları bunu bir daha sübut etdi. Yəqin söhbətin nədən getdiyini dərhal başa düşdüz. Neçə vaxtdır bizi qınayırlar ki, Tatyana Ələsgərlinin “Düşmənimiz erməni xalqıdır, yoxsa erməni dövləti” başlıqlı yazısını niyə saytımıza yerləşdirmişik.
Əvvəla onu deyim ki, mən əvvəldən bir azərbaycanlı kimi bu məqalənin yazılmasının əleyhinə çıxmışam. Çünki, mən əslən şuşalıyam və bir qarabağlı kimi bucür fikirlərin səslənməsinə öz daxilimdə etiraz edirəm. Amma Azərbaycan təkcə Şuşadan və ya Qarabağdan ibarət deyil axı. Azərbaycan təkcə biz azərbaycanlıların Vətəni deyil. Burada ləzgilər, avarlar, talışlar, o cümlədən ruslar da yaşayırlar və bu torpağı öz Vətənləri hesab edirlər. Odur ki, onlar da bizim kimi tam hüquqlu vətəndaş sayılır və bizim kimi onların da azad şəkildə fikir yürütmək hüququ vardır. Mən heç bir zaman hansısa Azərbaycan vətəndaşının yazdığı fikri məhdudlaşdıra və ya senzura edə bilmərəm. Konkret Tatyana xanımın məqaləsinə gəldikdə isə onu deyə bilərəm ki, sizlər kimi mən də orada yazılanlarla heç də razı deyiləm, amma plüralizmin, demokratiyanın elə əsas məğzi də odur ki, hamı bir fikirlə razı ola bilməz. Mənim üçün əsas demokratiiyadır, o üzdən mən həm Tatyana Ələsgərlinin məqaləsini sayta buraxıram, həm siz oxuculara imkan yaradıram ki, həmin məqaləylə bağlı fikirlərinizi “Şərh yaz” bölməsində yazasınız. Bax bu, əsl demokratiyadır, heç kimin sözü kəsilmir, hamı sərbəst şəkildə öz fikrini bildirir. Yoxsa Azərbaycan Milli Məclisindəki kimi fərqli fikir bildirənin mikrofonun söndürürlər. Bu, məsələnin bir tərəfi.
Məsələnin ikinci tərəfi isə məhz oxucularımızla bağlıdır. Belə ki, oxucuların əksəriyyətinin şərhlərini diqqətlə oxudum. Bəziləri məsələyə soyuqqanlı yanaşır, digərləri Tatyana Ələsgərlini təhqir edir (ona donuzsifət deyən oxucuya aiddir), bir başqa oxucularımız isə bizləri qınayırlar. Əvvəla bu şərhlərdən də görünür ki, bir çox insanlarımız hələ də demokratiyanın nə olduğunu anlamırlar. Əslində mən gözləyirdim ki, Tatyana xanımın yazısından sonra bizə cavab yazılar göndəriləcək və biz həmin yazıları saytımızda
yerləşdirəcəyik. Amma gəlin görək nə baş verdi?! Sadəcə təhqirlər yağdırıldı. Bəziləri bunu vətənpərvərlik hissi kimi qələmə verə bilər, amma mən bunu mədəniyyətsizlik kimi görürəm. Mənimlə razılaşmayanlar da ola bilər, amma o da reallıqdır ki, “Qarabağ, Qarabağ” deyənlərin əksəriyyəti sabah müharibə başlasa, qaçıb gizlənəcəklər. Şübhəsiz ki, mən bunu böyük əksəriyyətə aid etmirəm.
Amma hər şeyə soyuqqanlı yanaşmaq gərəkdir. Tatyana xanım rusdur. Ondan Qarabağ sevgisi gözləmək də yersizdir. Amma biz azərbaycanlıyıq axı, biz gərək nə qədər vətənpərvər və eyni zamanda mədəni xalq olduğumuzu nümayiş etdirək.
Azərbaycana bugün vətənpərvər insanlar lazımdır, millətçilər deyil. Çünki millətçi fikirlər ölkəni parçalamağa yönəlir. Azərbaycan üçün hər bir azərbaycanlı, avar, ləzgi, talış və burada yaşayan qeyri millətlər eyni dərəcədə gərəklidir. Bir-birimizi ayrı-ayrı millətlərə bölsək, onda 5-10 ilədn sonra Azərbaycan yenə xanlıqlara bölünəcək. Odur ki, bizim düşmənimiz ermənilərdir. Mən də bu fikri dəstəkləyirəm. Erməni iyi gələn hər bir şey bizə yaddır. Amma Azərbaycanda yaşayan və buranı özünə Vətən hesab edən hər bir insan bizim milli sərvətimizdir. Gəlin bu milli sərvətimizi parçalamayaq.
http://www.versiya.az/?p=1112
Əvvəlki məqalə: Xaliq Bahadır: Ən bacarıqsız hökumət - Əliyev hökuməti
Sonrakı məqalə: ƏZİZ MİRZƏ MÜƏLLİM! SİZİN AZƏRBAYCAN XALQINA ETDİKLƏRİNİZİ HƏLƏ DƏ BİZ AZƏRBAYCANLILAR ANLAMADIQ. BAĞIŞLAYIN BİZİ!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3390