Beynəlxalq Valyuta Fondu: “Azərbaycan fəlakət astanasındadır”
Hökumətin yarıtmaz iqtisadi fəaliyyətinin fəsadları 2012-ci ildən başlayaraq üzə çıxacaq
Beynəlxalq Valyuta Fondu Azərbaycanda iqtisadi tənəzzülün başlayacağı vaxtı müəyyən edib. Fondun hesablamalarına görə, 2012-ci ildən başlayaraq Azərbaycanda Ümumi Daxili Məhsulun həcmi kəskin şəkildə aşağı düşəcək.
Qeyd edək ki, Azərbaycanda iqtisadi tənəzzülün qaçılmaz olacağı barədə proqnozlar hələ bir müddət əvvəl dünya iqtisadiyyatının vəziyyətinə dair hesabatda da əksini tapmışdı. Fondun hesablamaları bu proqnozdan irləri gəlir və Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatının statistik metodologiyasına əsaslanır. “2012-ci ilə qədər də Azərbaycanda ÜDM-in həcmi sürətlə aşağı düşəcək. Amma 2012-ci ildə birdən-birə 1,7, 2013-cü ildə isə daha 2,6% azalacaq”, - deyə BVF-nin məlumatında deyilir.
Fondun hesablamalarına görə, əgər 2007-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 23,4% olubsa, 2008-ci ildə 18,6%-i ötməyəcək. 2009-cu ildən isə sürətlə azalacaq - 2009-cu ildə 15,6, 2010-cu ildə 4,8, 2011-ci ildə 1,6% təşkil edəcək.
BVF mütəxəssislərinin proqnozlarına görə, Azərbaycan MDB məkanında yeganə ölkə olacaq ki, iqtisadiyyatı uzunmüddətli perspektivdə böhranlı dövrə daxil olacaq. Bu proqnozlar ölkə iqtisadiyyatının neft sektorundan asılılığı ilə əlaqələndirilir. Bəllidir ki, Azəri-Günəşli-Çıraq yatağındakı neft ehtiyatlarının məhz 2012-ci ilə qədər pik həddə çıxarılacağı gözlənilir. Görünür, BVF bundan sonra belə zəngin yataqların işlənə biləcəyinə inanmır. Bundan başqa Fond Azərbaycanda qeyri-neft sektorunun milli iqtisadiyyatın inkişafında lokomotiv ola biləcəyinə də ümidsiz yanaşır.
Beləliklə, BVF Azərbaycanın iqtisadi böhran astanasında olduğunu bəyan edir. Cəmi 4 ildən sonra hökumət rəsmiləri Azərbaycanda “analoqu olmayan iqtisadi fəlakət” barədə danışmağa məcbur olacaqlar - Azəri-Günəşli-Çıraq yatağından neft hasilatı məhz 2012-ci ildən azalmağa doğru gedəcək ki, bundan sonra hökumətin ayıb yerlərini örtməyə əncir yarpağı sadəcə tapılmayacaq. Bununla da ölkədə iqtisadi fəlakət başlayacaq.
Qeyri-neft sektoru yerində saydığından bu fəlakətin uzunmüddətli olacağı şübhəsizdir. Adicə bir fakta diqqət yetirək ki, hazırda büdcədə qeyri-neft sektorunun payı cəmi 27, ixracatda 8, sənayedə 83 faizdir. Və bu göstəricilər getdikcə azalmağa doğru gedir. Yəni Azərbaycan iqtisadiyyatı bütövlükdə neftin əsirinə çevrilib. Neft azalanda isə iqtisadiyyatın çöküşü qaçılmaz olacaq - büdcə kəsiri kəllə-çarxa çatacaq, sosial layihələrə pul tapılmayacaq, məbləği 3 milyard dollara çatan xarici kreditləri geri qaytarmaq problemi yaranacaq, büdcəni doldurmaq üçün mənbə olmayacaq və s.
Bu da son nəticədə ona gətirib çıxaracaq ki, ölkədə yoxsulluq və işsizliyin miqyası daha da genişlənəcək, əhalinin həyat səviyyəsi kəskin pisləşəcək, iqtisadiyyat tez-tez inflyasiya qiymət sıçrayışları ilə üzləşəcək və s. Hökumətin yeritdiyi iqtisadi siyasətin məntiqi sonluğu məhz belə olmalıdır.
Indi neft pullarını səxavətlə sağa-sola xərcləyən hakimiyyət bir az sonra maliyyə mənbələri tapmaq üçün xarici donorların qapısında yetim uşaq kimi boynunu bükəcək. Bütün bunları görmək üçün böyük savad və istedada ehtiyac da yoxdur, sadəcə Azərbaycan hökumətindən bir qədər ağıllı olmaq tələb olunur. Ancaq hökumət ağıllanmaq əvəzinə getdikcə reallıq hissini daha çox itirir - böyük neft pullarını mənimsəmək üçün dövlət strukturları sanki yarışa giriblər.
BVF də Azərbaycanı gözləyən iqtisadi fəlakətləri görür və xəbərdarlıq edir. Xəbərdarlıqdan nəticə çıxarıb-çıxarmamaq isə hökumətin işidir. Ancaq təəssüf ki, bunun acısını hökumətdən daha çox, sıravi azərbaycanlılar çəkəcək. Neft pullarından fayda əvəzinə ziyan görən azərbaycanlılar (sürətli inflyasiya və alıcılıq qabiliyyətinin getdikcə zəifləməsi) neft pulları tükənəndən sonra daha rəzil duruma düşəcəklər. Necə deyərlər, neft kiçik xalqlar üçün zənginlik yox, fəlakət mənbəyidir.
Iqtisadiyyat şöbəsi
("Azadlıq" qəzeti)
Əvvəlki məqalə: Moskvalı sahibkar Telman Ismaylov “Antalyaspor” futbol komandasını alırmı?
Sonrakı məqalə: BİZ DÜŞMƏNÇİLİK NİYYƏTİLƏ YAZMIRIQ (Cavabların cavabı)
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3377