Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Ələkbər Məmmədov: “Cəzasızlıq mühiti hökm sürdükcə, belə hallar davam edəcək”

Mirzə Xəzər 21 İyl 2008

no comments

MÜDAFİƏ NAZİRLİYİ ZƏHƏRLƏNƏN ƏSGƏRLƏR BARƏSİNDƏ SUSUR

mudafie

Qəzetimizin dünənki sayında Bərdə və Şəmkir korpuslarının hərbi hissələrində 200-dək əsgərin dizenteriyaya tutulması barədə məlumat verilib. Hərbçilərin dərhal Gəncə, Sarıcalı, Saatlı və Əhmədbəylidəki hospitallara yerləşdirildiyi bildirilir.


Hərbçilərin keyfiyyətsiz ərzaqdan bu xəstəliyə tutulduğu, zəhərləndiyi deyilir. Qeyd edək ki, bu barədə redaksiyamıza ehtiyatda olan hərbçi, polkovnik-leytenant Üzeyir Cəfərov ehtiyatda olan bir qrup zabitlə döyüş bölgəsinə səfər etdikdən sonra açıqlama verib. Ü.Cəfərovun bildirdiyinə görə, valideynlərin şikayətindən sonra Bərdədəki hərbi birləşməyə məxsus hərbi hissələrin anbarlarında ötən həftə 1 tona yaxın vaxtı ötmüş, keyfiyyətsiz ərzaq məhsulları aşkarlanıb və məhv edilib. Elə əsgərlərin də həmin ərzaqları qəbul etdikdən sonra xəstələndikləri güman edilir.


Dünən hərbçilərimizin durumu, hadisəyə görə məsuliyyət daşıyanların kimliyi barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mövqeyini öyrənmək istədik. Lakin xidmət rəhbəri Eldar Sabiroğlunun iş yerində olmadığını dedilər. Cənab Sabiroğlunun mobil telefonuna da zəng çatmadı. Ancaq əslində nazirlik özü məsələyə aydınlıq gətirməli, ictimaiyyəti məlumatlandırmalı, cavabdehlər barədə açıqlama verməliydi.


Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov bildirdi ki, bu, birinci hal deyil: “Ötən illərə nəzər yetrsək, belə hadisələr çox olub. Qalada yerləşən hərbi hissələrin birində də kütləvi zəhərlənmə olmuşdu. Hətta ölüm halları ilə nəticələnən belə hadisələr vaxtaşırı baş verir. Təəssüflər olsun ki, bu kimi hallar davam edir. Əsas səbəb də əsgərlərə keyfiyyətsiz ərzağın verilməsi, natəmizlik, antisanitariyadır. Dizenteriyanın yayılmasının əsas səbəbi baxımsızlıqdır”.


Bu hadisənin davamlı şəkil almasının əsas səbəbinə gəldikdə, Ə.Məmmədov dedi ki, bunun əsas səbəbi baş verə biləcək hadisələrin qarşısını vaxtında almayan zabitlərin cəzasız qalmasıdır: “Cəzasızlıq mühiti hökm sürdükcə, belə hadisələr davam edəcək. Hər hansı bir hadisə, o cümlədən son zəhərlənmə faktı ilə əlaqədar ordu rəhbərliyindəki cavabdeh şəxslər məsuliyyətə cəlb olunsa, gələcəkdə belə halların qarşısı alınar”. Ə.Məmmədova görə, ayrı-ayrı şəxslərin himayə olunması cəzasızlıq mühitinə şərait yaradır.


Həmsöhbətimiz təşkilat olaraq bu faktla maraqlanacağını bildirdi: “Amma inanmıram ki, məni və təşkilat üzvlərini həmin hərbi hissəyə buraxsınlar. Hətta bizi orda həbs edə bilərlər. Əgər bu hadisə baş veribsə, kimliyindən asılı olmayaraq aidiyyəti qurumlar məsələyə müdaxilə etməlidir. Amma təəssüf ki, bu kimi faktlar ictimaiyyətdən gizlədilir. Təbii ki, bizim təşkilat hadisəni diqqətdə saxlayacaq və müvafiq addımlar atacaq. Biz kənardan da olsa, məlumatları toplamağa aidiyyəti qurumlar qarşısında məsələ qaldırmağa çalışacağıq. Müharibə şəraitində olan bir ölkənin əsgərlərinin belə münasibətlə üzləşməsi yolverilməz haldır. Stalinin vaxtında hərbçilərə qarşı analoji münasibət diversiya adlandırılır və cavabdehlər güllələnirdi. Fakt budur ki, adıçəkilən hərbi hissələrin fəaliyyəti iflic olub. Əgər həyəcan siqnalı olsa, həmin hərbi hissə döyüş tapşırığını sonadək yerinə yetirə bilməz”.


Hərbi ekspert onu da bildirdi ki, havaların kəskin istiləşməsi də ordunun xüsusi rejimə keçməsini zəruri edir: “Yəni müəyyən temperaturun olduğu halda hərbi təlimlərin keçirilməsi müdafiə naziri tərəfindən qadağan edilməlidir. Əks təqdirdə, biz orduda günvurma nəticəsində əsgər itkiləri ilə üzləşə bilərik. Adətən belə məhdudiyyətlər ağır hadisələr baş verəndən sonra tətbiq edilir”.

VÜQAR

("Yeni Musavat" qəzeti)

Əvvəlki məqalə: TƏBRİZDƏ DÖRD FƏAL TUTULUB

Sonrakı məqalə: Vəfa Quluzadə: “Azərbaycanda Amerika obyektləri var və təbii ki, hərbi əməliyyatların gedişində Azərbaycan da (Irandan) qapaz alacaq"

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3372

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin