Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Seymur Həziyev: "Qurtuluş" düyünü

Mirzə Xəzər 18 İyn 2008

no comments

Xalq bərabərdir «xilaskarına» formulası və ləngərlənən beynəlxalq vəziyyət barədə

Azərbaycanda xalq hakimiyyətinin qiyam yolu ilə devrilməsindən on beş il ötür. Bu “hərbi siyasi qiyam üçbucağı”nın son aqibəti barədə onu demək olar ki, hərbləşmiş katetlərin kvadratlarının cəmi siyasi hipetenuzun kvadratına bərabər ola bilmədi. Heydər Əliyev hakimiyyətə gəlmək üçün ona bütün gücü ilə kömək etmiş Surət Hüseynov və Əlikram Hümbətovu vətən xaini elan edib həbs etdirdi. Bütün klassik dedektiv filmlərində olduğu kimi, tətikçilər məhkəmə qarşısından ipə gedir. Sifarişçi isə zərərçəkmişin vəkili qismində ilahi ədalətdən danışır. Biz bu yazıda on beş il öncə baş vermiş, bu gün haqqında rəsmi təbliğatda “qurtuluş günü” kimi qeyd olunan hərbi siyasi qiyam barədə bəhs edəcək, bu qiyamın sosial - psixoloji və hüquqi siyasi nəticələrinə toxunmağa cəhd edəcəyik.


Cənubi Qafqazda etnofaşizmə yuvarlanmış Ermənistan və Qamsaxurdiya Gürcüstanı regionun siyasi hadisələrində pozitiv mövqe tuta bilmirdilər. Etnik demokratiya bu cəmiyyətlərin daxili balansını sarsıtmışdı. Azərbaycan təcavüzlə qarşı-qarşıya olsa da, torpaqların uğrunda savaşan nizami hərbi hissələrin şəxsi heyəti öz yerində, könüllü özünümüdafiə dəstələri daxilində demək olar ki, bütün etnik azlıqlar canfəşanlıqla iştirak edirdilər. Şuşanın son şəhidi milliyyətcə yəhudi, Füzulidə yetmiş nəfər silah yoldaşını xilas etmək üçün özünü tankın altına atan əsgər isə milliyyətcə talış idi. Bütün bunları xatırlatmaqda məqsədimiz qarşıdakı abzaslarda toxunacağımız etnik separatizm məsələsində daha aydın ifadə olunmaq üçün zəmin yaratmaqdır.


Elçibəy hakimiyyəti torpaqların azad olunması üçün uğurlu döyüş əməliyyatları aparır, siyasi məsələlərdə demokratiya ön plana çəkilir, iqtisadiyyatda şəffaflıq barədə isə bu hakimiyyət devriləndən neçə il sonra Dəmir Ledi - Tetçer yazacaq: “Dünya xalqları və Azərbaycan xalqı bir də belə şəffaf hökumət görməyəcəklər, onlar milyon dollarlıq dövriyyədə qalıq bir sentin rəsmiləşməsi üçün üç gün müzakirə hesablama aparırdılar”. Azərbaycan iqtisadi siyasi azadlıqların cədvəlində Baltikyanı ölkələri ikisindən (Latviya və Estoniyadan) bir pillə öndə, Litva ilə isə eyni mərtəbədə qərar tuturdu. Qafqaz bu inteqrasiya sürətiylə mədəni dünya ilə arasındakı ciddi bir məsafənin üçdə ikisini qət eləmişdi. Əlbəttə, Azərbaycanın simasında. Kreml bu vəziyyətdən narahat idi. Qafqaz ənənəvi rus asılılığından çıxırdı. Bu uzaqlaşmanın böyük bir ağırlığı isə mədəni siyasi dünya görüşünün payına düşürdü. Insan faktoruna üstünlük verən siyasi hakimiyyət bütün ittifaqı iqtisadi böhrana salmış Moskvanın ekspromt denominasiya əməliyyatından da uğurla çıxdı. Bu artıq movzeleyi də silkələyəcək hadisə idi. Azərbaycan faiz etibarı ilə hətta Rusiyadan az itki vermişdi. Kreml hakimiyyətin uzun illər siyasi işlərdə çalışmış təcrübəli adamlardan təşkil olunmamasından istifadə edib, provokasiyalara cəhd edirdi. Başqa tərəfdən AXC hakimiyyətində adlı-sanlı kommunistlərin olmaması rus məkrinə əl-qol açmağa imkan vermir, proseslərin yönünü silahlı müdaxiləyə istiqamətləndirirdi. Çünki, AXC hakimiyyətinin uzanması regionu hər gün Kremldən uzaqlaşdırırdı. Moskva bu “pis” nümunəni tezliklə məhv etməkdə qərarlı idi. Bunun üçün nə lazımdırsa, ediləcəkdi. Yeri gəlmişkən Azərbaycan coğrafi üstünlüyünü istifadə etmirdi. Bu isə siyasi üstünlüklərə üz çevirdiyini əsaslandırmaqçün idi. Nəticədə BMT-də “Qarabağ” münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmasına 134 ölkə səs vermişdi. Iyun hərbi-siyasi çevrilişindən sonra isə müdrik siyasət bu rəqəmin düşməsinin qarşısını yalnız 34 dövlətə çatanda ala bildi. Bu dövlətlərin də 30-u IKT üzvüdür. 2006-cı ildə Gürcüstan hərbi hissələrinin birində Saakaşviliyə qarşı baş vermiş qiyam cəhdi on beş il öncə Elçibəy hakimiyyətinə qarşı atılan addımın nəzəri və praktiki təkrarı idi. Eyni plan, eyni müqəddimə. Məlumdur ki, bütün postsovet ölkələrinin hərbi sistemlərində Rusiya hərbi kəşfiyyatına bağlı zabitlər var. Və bunlar vasitəsi ilə istənilən provokasiyanı təşkil etmək olar. Ancaq Saakaşvili bu qiyam nəticəsində hakimiyyətini itirmədi. Bunun səbəbi qətiyyən gənc gürcü liderin daha təcrübəli olmasında deyildi. Nəzərə alsaq ki, Elçibəy uğurlu əməliyyatlar aparan və inzibati, eyni zamanda siyasi cəhətdən özünə bağlı olan güclü ordu hissələrinə komandanlıq edirdi, onun vəziyyəti daha yaxşı idi. Sadəcə, o zamanın beynəlxalq siyasi qurumlarındakı vəziyyət Qərbi Saakaşvilini dəstəklədiyi kimi Elçibəyi də dəstəkləməyə məcbur etmirdi. Bu məqamda hadisələrin mahiyyətinə təsir edəcək bir ilahi “qüsur” da o idi ki, bu regionda Qərbin rəqibləri həm də Elçibəyin şəxsi, milli - ideoloji rəqibləri idi. Və hər kəs Rusiyaya, Irana münasibətdə etdiklərini Elçibəyin boyun borcu sayırdı. Bu isə prinsipial məqamda Elçibəyin meydanda tək qalmasına səbəb olurdu.


Bu qiyamın iqtisadi tərəfi isə geniş mənada siyasi - strateji məqam idi. Azərbaycanın mühüm enerji resurslarının işlənməsi - dünya bazarına çıxarılması üçün təcrübəli iqtisadi tərəfdaşa ehtiyacı vardı. Doxsanların əvvəlində üç bu cür tanınmış şirkət Azərbaycanla işləmək istəyirdi. Norveçin Statoyl şirkəti, Britaniyanın BP şirkəti və ABŞ neft sənayeçilərinə aid Amoko şirkəti. Norveç neft ölkəsi kimi demokratik ənənəyə malik yeganə dünya dövlətidir. AXC hakimiyyəti isə həm neft, həm demokratiya modelini tətbiq etmək niyyətində idi. Buna görə də Norveç şirkətiylə işləməyə üstünlük verdi. Bu addım BP-nin Azərbaycan neftinə yiyələnmək niyyətinin qarşısını aldı. Rusiya isə “Qafqazda təhlükəsizlik məsələsi” planına uyğun olaraq BP-ilə anlaşdı. Neft Qərbə, siyasi yön Rusiyaya. Qərb ilk dəfə və ən iri miqyasda demokratiyanı və regiondakı təhlükəsizlik maraqlarını neft maraqlarına qurban verdi. Bu siyasət on dörd il sonra ABŞ senatından belə tənqid olundu: “Dünyanı bir neçə neftçinin şəxsi maraqları nəminə təhlükəyə atmağımıza görə hamımız məsuliyyət daşıyırıq”.


Heydər Əliyevin hakimiyyətə gəlişində Moskvanın rolunu hələ qiyamın ilk günlərində Əliyev parlamentə Rəhim Qazıyevə cavab verərkən təsdiqləmişdi: “Burada Rusiyanın məni dəstəkləməməsi barədə deyilənlərin heç bir əsası yoxdur, mən axşam Yeltsinlə danışmışam, o Bakıda baş verənləri dəstəkləyir”. Bakıda qiyam var idi. Legitim hakimiyyət devrilirdi. Heydər Əliyev isə bu açıqlaması ilə Kremlin pərən-pərən düşmüş adamlarını öz ətrafına çağırırdı. Mütəllibova yaxın Bakı və Şirvan elitasından başqa bütün sovet nomenklaturası şəxsi işlərinin açılması təhlükəsindən ehtiyatlanaraq keçmiş KQB generalının tərəfinə keçdilər. Heydər Əliyev neft siyasətində də narazını seçdi. BP AXC hakimiyyətindən razı deyildi. Çünki legitim hakimiyyətdən bütün sərvətləri almaq çətin idi. Bu qiyam Azərbaycanı həm neft, həm demokratiyası olan ikinci ölkə olmaq taleyini yaşamaq perspektivindən ayırdı. Heydər Əliyevin siyasəti isə ən sekulyar və modern şərq ölkəsini Ərəb ölkələri modelinə və Holland sindromuna doğru çəkirdi.


Iyun “qurtuluşu”na qədər xalq imperiya yıxmış, torpaq azad etmişdi. Cənubdakı soydaşlarının müstəqillik əldə etməsi üçün daha bir azadlıq hərəkatı astanasında idi. Bu mənada Iran da Heydər Əliyevlə rahat anlaşmışdı. Məlum qurtuluşdan sonra isə yeddi rayon ardıcıl işğal olundu, iki dəfə silahlı vətəndaş qarşıdurması yaşandı. Nəhayətdə Azərbaycan Xalqı ictimai-siyasi proseslərin reysindən çıxarıldı. Heydər Əliyev rəsmi total təbliğatını “Xalq-Heydər, Heydər Xalq” şüarı ilə həyata keçirirdi. Heydər Əliyev hakimiyyəti də xalqla belə paritet bölmüşdü. Formal konstitusyon hakimiyyət xalqa, faktiki iqtisadi hakimiyyət isə xilaskara çatdı. Əbülfəz Elçibəy rəhbərlik etdiyi xalq hərəkatının resursları ilə xalqın gücünü nümayiş etdirdi. Heydər Əliyev isə xalqın xilasını özünə bağladı. Azərbaycan xalqının yaxın tarixini bu qiyam özülləri üzərində quraraq Heydər Əliyev əslində mutant sistemi üçün anormal keçidlərə zəmin yaratdı. Elçibəy isə bütün bu tarixi hadisələrin fonunda üzləşdiyi tənqid və təqiblərə rəğmən “Xilası bir şəxsdən asılı olan xalq məhvə məhkumdur” sözü ilə yadda qaldı.


P.S. Əlikram Hümbətov və Surət Hüseynov Azərbaycanda Kremlin birinci demarşında həbs olundular, ikinci demarşında azadlıq aldılar. Bütün etnik qruplar isə on beş il öncə də, bu gün də bərabər yaşayırlar. Dəyişən isə odur ki, hakimiyyət qiyamçılar tərəfindən tutuldu.


("Azadlıq" qəzeti)

Əvvəlki məqalə: EMİN HÜSEYNOV: «MÜALİCƏ EFFEKT VERMƏSƏ, XARİCƏ GEDƏCƏM»

Sonrakı məqalə: Belçika paytaxtı Brüsseldə Dünya Azərbaycanlıları və Demokratik Dünya Azərbaycanlıları konqreslərinin birlik qurultayı yekunlaşıb

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3343

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin