Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Xaliq Bahadır: Işğal altındakı Azərbaycan

Mirzə Xəzər 05 İyn 2008

no comments

Söhbət ermənilərin işğal etdiyi Qarabağ bölgəsindən getmir. Söhbət Əliyevlərin işğal etdiyi qalan Azərbaycandan gedir. O yandakı işğal siyasəti ilə bu yandakı işğal siyasəti arasında çox az ayrıntı var. O yanda ermənilərin birdən-birə, qanlı qırğın yolu ilə divan tutduğu xalqa bu yanda Əliyevçi rejim yavaş-yavaş, ingilis siyasətinə uyğun divan tutur. O yandakı işğal siyasəti ilə buralardakı işğal siyasəti arasındakı ayrıntı belədir. Əliyevçi rejimin dayaqlarından biri kimi tanınan ata Buş demişdi: “Bir xalqı işğal edəndə elə etməlisən ruhu da inciməsin”. Bunun açması belədir: xalqı aldada-aldada işğal etməlisən. Əliyevlər Azərbaycanı Buş ustanovkasına uyğun olaraq aldada-aldada işğal eləyiblər. Seçki məcəlləsindəki son dəyişiklik daha aldatmaya gərək qalmadığını, buna görə də işğal siyasətinin açıq xarakter aldığını göstərir. Böyük neft pulları, üstəlik, dünyanı dolaşan korrupsiya kabusu demokratiya imitasiyasını gərəksiz edir. KQB generalı ata Əliyev professiyasına uyğun professionallıqla demokratiya imitasiyasına geniş meydan verir, özü də bu meydanda başlıca oyunçu rolunu oynayırdı. Onda gerçək bir aktyor bacarığı olduğundan, o öz rolunun öhdəsindən yüksək ustalıqla gəlir, demokratik dünya buna görə onun keçirdiyi bütün saxta seçkiləri - seçki imitasiyasını “demokratiya yolunda irəliyə doğru daha bir addım” adlandırırdı. Ata Əliyevdə olan aktyorluq bacarığı oğul Əliyevdə yoxdur. Oğul ata kursunu saxlasa da, onun bacardıqlarını bacarmır. Uzun sürən demokratiya imitasiyası üçün mütləq yüksək siyasi aktyorluq bacarığı, bundan daha artığı, demokratik dünyanı aldatmaqdan ötrü siyasi jonqlyorluq gərəkdir. Bunların hamısı ata Əliyevdə var idi, oğul Əliyevdə bunların biri də yoxdur. Buna görə də o ortaya indiki seçki qanunu kimi bütünlüklə antidemokratik bir qanun çıxardı. Başqasını bacarmadı! Elə ölkənin qazancı da bundadır. Indiyədək təmiz ingilis dilində demokratik dünyanı Azərbaycan xalqının geridə qalmış, demokratik düşüncə elementlərindən uzaq bir xalq olduğuna inandırmağa çalışan Ilham Əliyev kimin kim olduğunu indiki antidemokratik seçki qanunu ilə açıq-aydın göstərdi. Indi bu qanunu hansı dilə çevirirsən-çevir, Əliyevçi rejimin nə rejimi olduğunu göstərəcək. Bu qanunun GÖZƏLLIYI onun hər hansı imitasiya elementindən uzaq olmasındadır: bu hamı üçün anlaşıqlı bir qanundur; siyasi hakimiyyəti IŞĞAL qanunu! Başqa bir yandan bu, YAP rejiminin qanunauyğun olaraq gəlib çıxdığı bir dönəmdir. On beş il xalqı, ölkəni aldada-aldada gələn, on beş illik yalanlar üzərində yüksələn bir bir hakimiyyət bundan artıq yalan, aldatma üzərində dayana bilməz. O, SSRI idi: böyük ideologiya gücünə - kommunizm idealları adına, formal olsa belə, sovet xalqı olaraq tanınan böyük bir bütünü, eləcə də dünyanın yarısını 70 il aldada bildi. YAP-ın korrupsiya ideologiyası ilə çox uzağa getmək olmaz. Görünür, bunu bildiklərindən indiki seçki qanunu kimi BULDOZER qanununa əl atmalı oldular. Onların indilikdə başqa çıxış yolu olmadığından biz bu qanunu alqışlayırıq! Yalnız qondarma gənclər qurumu ilə yox, hamılıqla IRƏLI, yoldaş YAPçılar! Bu seçki sizin antimilli, antidemokratik, ən başlıcası, korrupsioner ideallarınıza uyğun ən yaxşı seçki olacaq - indiyədək keçirdiyiniz seçkilərin ən yaxşısı. Açıq-aydın, demokratiya imitasiyasından uzaq bir seçki! Böyük Türk filosofu Rumi deyirdi: “Ya olduğun kimi görün, ya göründüyün kimi ol”. On beş illik yalan rejimi indi olduğu kimi görünməyə çalışır. Alqışlayırıq!

Xaliq Bahadır

("Azadlıq" qəzeti)


Əvvəlki məqalə: Leyla Yunus: «Biz indi Özbəkistanın 1999 və 2000-ci illərini yaşayırıq»

Sonrakı məqalə: Beynəlxalq Amnistiya Təşkilatı bəyanat yayaraq həbsdə saxlanan yüzlərlə güneyli fəala işgəncə verilməsindən narahat olduğunu qeyd edib

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3332

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin