Türkiyə hökuməti Azərbaycan hakimiyyətini biabır etdi
Türkiyə hökuməti mayın 28-də Ankaradakı Cəbhəçi Əsri məzarlığında Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin məzarının üzərində qəbirüstü abidə kompleksinin açılışını keçirəcək. Maraqlıdır ki, bütün bunlar Azərbaycan hakimiyyətinin Rəsulzadəni tarixdən silmək cəhdlərinin fonunda baş verir. Şəhərdə Rəsulzadənin büstünün qoyulmalı olduğu yerdə fəvarənin tikilməsi, Bakı Dövlət Universitetindən Rəsulzadənin adının götürülməsi hakimiyyətin bu tarixə şəxsiyyətə qarşı qısqanc münasibətinin
göstəricisidir.
Tanınmış ziyalı Mehriban Vəzirin fikrincə, M.Ə.Rəsulzadəyə qarşı vətənində bu cür münasibət utancvericidir və gələcək nəsillərə çox pis örnəkdir: “Türkiyə bizə ən doğma dövlət belə olsa, Məmməd Əmin Rəsulzadəyə abidə onun öz vətənində ucaldılmalıdır. Hakimiyyət isə bunu etmir. Halbuki hakimiyyətin çox dəyərsiz və israfçı layihələri hamının gözü qarşısında reallaşdırılsa da, Azərbaycanın tarixi şəxsiyyətinə abidə qoyulmur. Bütün bunlar hakimiyyətin Azərbaycan xalqının azadlığına və müstəqilliyinə yanaşmasıdır. Belə görünür ki, Əbülfəz Elçibəyə, Məmməd Əmin Rəsulzadəyə lazimi qiymətin verilməsi indiki iqtidarın işi deyil. Arzu edək ki, günün birində Azərbaycanda bu cür tarixi şəxsiyyətlərə gərəkli dəyəri verəcək iqtidar hakimiyyətə gələrək bu işləri görəcək”.
Tanınmış ziyalı Ibrahim Vəliyevin isə sözlərinə görə, bütün bu gərəkli addımlar Türkiyədə yox, Azərbaycanda atılmalıdır: “Tarixi şəxsiyyətlərə qoyulmalı olan abidələr onların özlərinə lazım deyil. Bütün bunlar gələcək nəsillərin örnək götürməsi, Azərbaycan tarixinin yaşaması üçün lazımdır. Amma çox təəssüf ki, Azərbaycan hakimiyyəti tariximizə bu cür münasibət bəsləməklə gələcək nəsillərin keçmişiylə tanış olmasının qarşısını alır. Bütün bu addımların isə ciddi fəsadları ola bilər”.
Azərbaycan hakimiyyətinin bütün tariximizi H.Əliyev və onun ətrafına bağlamağa çalışdığını deyən professor Nurəddin Məmmədli hesab edir ki, tariximizin ən önəmli səhifələrindən biri olan cümhuriyyət dövrünü xalqa unutdurmaq cəhdləri M.Ə.Rəsulzadənin adınının tarixdən silinməsinə edilən cəhdlərdir: “Hakimiyyət Məmməd Əmin Rəsulzadənin real nüfuzunun Heydər Əliyevi kölgədə qoyacağından ehtiyatlanır. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl Məmməd Əmin Rəsulzadəyə qarşı hakimiyyət tərəfindən ciddi kampaniya aparılırdı. Amma həmin kampaniya başladıldığı kimi də dayandırıldı. Görünür hakimiyyət anladı ki, bu cür siyasət yürütməklə o, özünə qarşı olan nifrəti daha da artırır”.
Hikmət
("Azadlıq" qəzeti)
Əvvəlki məqalə: Lalə Şövkət: «Bizim vətəndaşlar bu gün özlərini öz vətənlərində inkvizisiya stoluna bərkidilmiş kimi hiss edirlər»
Sonrakı məqalə: 1992-ci il mayın 18-də Ermənistanın ələ keçirdiyi Laçın rayonunun işğalından 16 il ötür
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3324