Lalə Şövkət: «Bizim vətəndaşlar bu gün özlərini öz vətənlərində inkvizisiya stoluna bərkidilmiş kimi hiss edirlər»
«Bu rejim ona verilmiş etimad limitini bitirib»
Lalə Şövkət: «Bizim vətəndaşlar bu gün özlərini öz vətənlərində inkvizisiya stoluna bərkidilmiş kimi hiss edirlər» Suallarımıza “Azadlıq” blokunun liderlərindən
biri - professor Lalə Şövkət cavab verir.
- “Azadlıq” bloku prezident seçkisi ərəfəsində qeyri-müəyyənlik içində görünür. Bir tərəfdən ayrı-ayrı funksionerlər bəyan edir ki, blok prezident seçkilərini boykot etmək niyyətindədir. Digər tərəfdən də məlumat var ki, blokda təmsil olunan partiyalar seçkidə iştirak üçün aktiv hazırlıqlar aparır. Blok bu məsələni konkret nə vaxt həll edəcək?
- Seçkiqabağı demokratik şərait yaradılsa, o halda “Azadlıq” bloku seçkiyə gedəcək. Prezident seçkilərində iştirak etmək üçün ölkədə söz azadlığı təmin olunmalıdır, sərbəst rəqabət olmalıdır, istisnasız olaraq həbsdəki bütün jurnalistlər azadlığa buraxılmalıdır, vətəndaşların konstitusion hüququ olan sərbəst toplaşma azadlığı təmin olunmalıdır, siyasi partiyaların normal fəaliyyəti, onların elektron KIV vasitəsilə xalqla ünsiyyəti, əhali ilə görüşləri, mitinqlərin keçirilməsi üçün şərait yaradılmalıdır, seçki prosesi hakimiyyətin monopoliyasından çıxmalıdır və s. Azərbaycan Avropa Şurası və ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əks halda azad və ədalətli seçkilərin keçirilməsi mümkün deyil. “Azadlıq” bloku da xalqı aldatmayacaq və bu tamaşada iştirak etməyəcək. O ki qaldı partiyaların seçkiyə hazırlığına, qeyd etmək lazımdır ki, seçkilərdə iştirak hər bir siyasi partiyanın qarşısına qoyduğu məqsəddir. Hər bir siyasi partiya bir seçki başa çatandan dərhal sonra növbəti seçkiyə hazırlaşmağa başlayır. Ona görə də bu müstəvidə görülən iş daimi xarakter daşıyır. Partiyalar daim seçkilərə hazırlıq prosesində olur. Amma seçkidə iştirak edib-etməmək məsələsi konkret şərtlərdən çıxış edərək birbaşa seçki öncəsi həll olunur. Hazırkı məqamda biz istəmirik ki, xalqın ümidləri puç olsun. Çünki müxalifətin seçkidə iştirakı xalqa ümid verir. Əgər seçki total saxtakarlıqlarla, repressiyalarla, mitinqlərdə qocaların, uşaqların döyülməsilə nəticələnirsə, xalqın bu partiyalara və onların liderlərinə inamı itir. Insanlar böyük bir depressiyaya düşürlər. - Bununla belə, bir sıra müxalifət nümayəndələri prezident seçkilərində iştirak edəcəklərini bildiriblər. Onlar nəyə ümid edirlər? - Hər bir siyasətçinin özünün şəxsən qərar qəbul etmək hüququ var. Lakin mən düşünürəm ki, bəzilərində bu, son qərar deyil. Hazırkı şərtlər altında demokratların bu seçki görüntüsündə iştirak etməsi demokratiya ideyasının özünün gözdən salınması olacaq. Bu, sivilizasiya fonu yaradacaq və bununla da hakim rejimə legitimlik qazandıracaq. Nəticəsini əvvəlcədən bildiyi halda buna gedən siyasətçinin özü üçünsə bu, nəticə naminə yox, oyun naminə olacaq. Iki cür siyasətçilər var. Bir qisim siyasətçi həqiqətən əsl siyasətlə məşğul olmaq istəyir. Digər qisim isə özlərinin mövcudluğunu göstərmək istəyir. Ikincilər mənə Antonioninin filmindəki topsuz tennis oynayanları xatırladır.
- Belə qəbul olunub ki, boykotlar tez-tez böyük siyasətə də təsir göstərir. Necə düşünürsüz, “Azadlıq” blokunun seçkini boykot etməsi hansısa müsbət dəyişikliklərə gətirib çıxara bilərmi?
- Boykot etiraz aksiyasıdır. Avtoritar rejimlərin hökm sürdüyü bir çox ölkələrdə bu praktikadan tez-tez istifadə olunub. Məsələn, keçən il Pakistanda müxalifət fövqəladə vəziyyət ləğv olunmayacağı halda, parlament seçkilərini boykot edəcəyini bəyan etdi. Son nəticədə hakimiyyət güzəştə getdi və seçkilərdə də müxalifət qələbə qazandı. 2005-ci ildən bəri bizdə faktiki elan olunmamış fövqəladə vəziyyət hökm sürür: mitinqlər, yürüşlər və piketlər qadağan olunub, söz azadlığı boğulur, ölkənin aparıcı jurnalistləri həbs olunub, bir neçə müstəqil qəzet bağlanıb, müxalifətin bir hissəsinin qərargahı əlindən alınıb, müxalifətin regionlarda tədbir keçirməsinə imkan verilmir, telekanallara çıxışı bağlıdır və s. Bu gün ölkədə praktiki olaraq heç bir siyasi rəqabət yoxdur. Amma açığını deyim ki, bizim boykot aksiyamıza cavab olaraq hakimiyyət tərəfindən hər hansı müsbət dəyişikliklər gözləmirik. Hakim rejimin bugünkü əhval-ruhiyyəsi, neft dollarlarının yaratdığı eyforiya, ümumiyyətlə, onların siyasi psixologiyası hazırkı mərhələdə hansısa güzəştlərə gedəcəklərinə ümid vermir. Amma gec də olsa, istənilən halda onlar bu addımı atmağa məcbur olacaqlar. Çünki bu janrda çox davam etmək olmaz.
- Prezident seçkilərində cəmiyyətdə o qədər tanınmayan adamlar da namizədliyini irəli sürürlər. Sizcə, bu nə ilə əlaqədardır? - Məşhurlaşmaq üçün. Rusiyadakı son prezident seçkilərində Boqdanovu yadınıza salın. O özü də etiraf etdi ki, nəhayət, küçədə insanların onu tanıyacağına görə çox şaddır. Ona bundan artıq heç nə lazım da deyildi. Görünür, bizdə də belədir. Amma bu özünü siyasətçi sayan üçün həddindən artıq azdır.
- Milli Məclisə təqdim olunan Seçki Məcəlləsinə dəyişikliklərdə seçki kampaniyasının dörd aydan iki aya, təbliğat-təşviqat mərhələsinin isə 60 gündən 20 günə endirilməsinin arxasında, sizcə, nə dayanır?
- Demokratiyanın, siyasi rəqabətin, plüralizmin, insan haqlarının boğulması siyasətinin davamı olduğundan bu, mənim üçün gözlənilməz olmadı. Amma bunun özündə də bir müsbət məqam var. Bu, faktiki hakimiyyətin öz zəifliyini etiraf etməsidir. Hakimiyyət sözdə özünü ən güclü, az qala hər şeydə və hər yerdə lider hesab edir, müxalifəti isə zəif, məhv olmuş, heç bir dəstəyi olmayan qüvvə sayır. Bununla belə, bizə bu üç ildə təbliğat kampaniyası üçün 60 gün də verməyə qorxur. Bu, hakimiyyətin mahiyyətini açan çox ciddi etirafdır. Deməli, nəinki xalq onların dediklərinə inanmır, heç özləri də özlərinə inanmırlar. - Necə düşünürsüz, hakimiyyət bugünkü psixologiyasını dəyişərək gələcəkdə hansısa demokratik islahatlara gedəcəkmi? - Psixologiyanı dəyişmək çətindir, amma mümkündür. Pàinsipcə, dünya siyəsətində hər şey çoxdan deyilib. Azərbaycanda biz bu gün montaj prinsipini müşahidə edirik. Özü də tez-tez montajı mümkün olmayan şeylərin. Demokratik ritorika və sovet idarəçilik üsulu, kağız üzərində liberal iqtisadiyyat, amma gerçəkdə vəhşi kapitalizm və s. Hakimiyyət Stalin kimi idarə etmək, amma Abramoviç kimi yaşamaq istəyir. Bu yaxınlarda kimsə bunu çox yaxşı ifadə eləmişdi, amma bu söz başqa ölkənin barəsində deyilmişdi. Amma belə olmur. Nəhayət, nə vaxtsa bu, qısaqapanmaya və yanğına gətirib çıxaracaq.
- Ayrı-ayrı ekspertlər tez-tez deyirlər ki, Azərbaycan müxalifətinin liderləri zəif və səmərəsizdir. Bu halda onlar siyasi səhnəni tərk etməlidirlərmi?
- Əgər ölkədə söz azadlığı, müstəqil KIV, müstəqil maliyyə mənbələri, müstəqil məhkəmə sistemi, siyasi plüralizm, hakimiyyətlə cəmiyyət arasında sivil münasibətlər yoxdursa, müxalifət partiyaları da səmərəli ola bilməz. Diktatura rejimində müxalifət partiyalarından səmərəlilik tələb etmək ən azı qeyri-ciddi səslənir. Bu, təxminən ona bənzəyir ki, gözlərinizi, əllərinizi, ayaqlarınızı bağlayıb zirzəmiyə salırlar, hətta rinqə də buraxmadan zəif olduğunuzu deyirlər, oyunda iştirak etməməkdə günahlandırırlar. Siyasətçi üçün ictimai məkanın olması vacibdir. Əgər bu məkanı bağlayırlarsa, siyasətçi dissidentə çevrilir. O ki qaldı siyasi səhnəyə, əgər yeni güclü, nüfuzlu, prinsipial, düzgün, azadlıq və demokratiya uğrunda mübarizədən qorxmayan qüvvələr meydana gəlsə, biz getməyə hazırıq.
- ABŞ-ın dövlət katibi Kondoliza Rays və ondan da dərhal sonra bu ölkənin prezidenti Corc Buşun ölkəmiz barədə söylədikləri böyük rezonans doğurdu. Sizin bu məsələyə münasibətiniz necədir?
- Aprelin 28-də ABŞ-ın dövlət katibi Kondoliza Rays demokratiyanın vəziyyəti, o cümlədən Cənubi Qafqazdakı vəziyyət barədə danışaraq belə deyib: “Cənubi Qafqazda - Azərbaycanda, müəyyən qədər Ermənistanda və daha az isə Gürcüstanda görülməsi vacib olan işlər var ki, Qafqazın bu hissəsi də demokratik standartlara yaxınlaşdırılsın”. Rays bununla yanaşı, onu da qeyd edib ki, bir sıra ölkələrin irəlilədiyi bir vaxtda elə ölkələr də var ki, öz problemlərinin çirkabında boğulurlar. Azərbaycan da bu ölkələr sırasına daxildir. Biz müxalifət olaraq 15 ildir ki, bunu deyirik. Bu baxımdan gec də olsa, Azərbaycandakı reallıqlara obyektiv qiymət verildi. O ki qaldı ABŞ prezidenti Corc Buşun Ümumdünya Mətbuat Azadlığı günündəki bəyanatına, o, daha konkret idi. Onun sözlərinə görə, dünyada jurnalistlərin ən çox həbs olunduğu ölkələr Çin, Kuba, Iran, Eritreya və Azərbaycandır. O bu ölkələri “jurnalistlər üçün həbsxana” adlandırıb. Əlbəttə, bu, dünya siyasətinin tonallığıdır və aksentləri müəyyən edir. Bu həm də onun göstəricisidir ki, Azərbaycandakı hakim rejim ona verilmiş etimad limitini bitirib. Çünki əvvəllər belə şey olmamışdı. Azərbaycan ən totalitar və diktator rejimlərin hökm sürdüyü beşliyə düşüb. Əgər tibbi dildə danışsaq, deyə bilərəm ki, dəqiq diaqnoz qoyulub. Indi ümid müalicəyə qalıb. Başqa sözlə, Qərbin sözdən əmələ keçməsi üçün real addımlara. Yaddan çıxarmaq olmaz ki, gecikmiş müalicə səmərəsiz olur. Qayıdışı olmayan nöqtələr var ki, bundan sonra tamam başqa metodlardan istifadə etmək lazım gəlir, hansı ki, Birləşmiş Ştatların özünə də, Avropaya da, Azərbaycana da baha başa gələ bilər. Qərbin məhz etinasız siyasət yeritdiyi hallarda biz avtoritar və totalitar rejimlərin reinkarnasiyasının şahidi olmuşuq. Bu cür siyasət bu gün bütün dünya üçün bağışlanmaz səhv olacaq. - Hazırkı şəraitdə müxalifət hakimiyyətə nə ilə müqavimət göstərə bilər? - Özünün demokratik prinsiplərə sadiqliyilə. Prinsiplərə söykənirsənsə, müdafiə edir və uğrunda mübarizə aparırsansa, o zaman onların əhəmiyyəti olur.
- Amma müxalifət heç mübarizə aparmaq imkanında da görünmür...
- Müxalifət repressiya və qadağalarla əzilsə də, məhv olmayıb. Məsələ bizim təbliğ etdiyimiz ideyalarda deyil. Məsələ bu ideyalar uğrunda prinsipial mübarizə apara bilən siyasətdədir. Tarixin dərsi belədir ki, istənilən hərəkətin nəticəsi elan olunmuş ideyalardan yox, insanlardan asılıdır. Diktatura rejimində əsl siyasətçinin əsas vəzifəsi xalqının gizli çəkdiyi, deyə bilmədiklərini açıq şəkildə deməkdir. Tarix də göstərir ki, ölkə məhz bu deyilənlərlə dəyişir. - Sizin üçün həyatda əsas nədir? - Sözsüz ki, azadlıq. Hər şey azadlıqdan başlayır. Ağıl da, müdriklik də, ləyaqət də, rifah da, xalqın xoşbəxtliyi də. - Siyasətçiyə sonuncu sual kimi: Sizcə, harada qələbə qazanıb, harada uduzmusuz? - Mənim qələbə və məğlubiyyətlərim ölkəmin qələbə və məğlubiyyətləridir. Çünki mən özümü bu torpağa çox sıx bağlı hesab edirəm. Bizim vətəndaşlar bu gün özlərini öz vətənlərində inkvizisiya stoluna bərkidilmiş kimi hiss edirlər. Əslində isə insan öz ölkəsində özünü yumşaq kresloda olduğu kimi rahat və təhlükəsiz hiss etməlidir. Bax mənim məqsədim buna nail olmaqdır və biz haçan buna çatsaq, bu mənim həyatda ən böyük qələbəm olacaq.
Aytən Məmmədova
("Azadlıq" qəzeti")
Əvvəlki məqalə: ƏLİ İNSANOV AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB
Sonrakı məqalə: Türkiyə hökuməti Azərbaycan hakimiyyətini biabır etdi
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3323