«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin apellyasiya şikayəti təmin edilməyib
QƏNİMƏT ZAHİD HƏBSDƏ QALDI 2008-05-13 – 11:37:00
Hazırda həbsdə olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin apellyasiya şikayəti təmin edilməyib.
Baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyeva «Media forum» saytına bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyov bu gün keçirilən prosesdə Yasamal Rayon Məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə baxışının başa çatdığını bildirib və şikayətin təmin olunmadığı barədə qərar çıxarıb.
Aprelin 12-də keçirilən prosesdə prokuror hakimdən şikayətin təmin olunmamasını, Q.Zahidin həbsdə saxlanmasını istəmişdi.
Q.Zahidin apellyasiya şikayətinə aprelin 25-dən baxılırdı.
Xatırladaq ki, ötən il noyabrın 7-də «Azadlıq» qəzeti redaksiyasının yerləşdiyi «Azərbaycan» nəşriyyatının binası qarşısında Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Qənimət Zahid arasında mübahisə yaranıb və dava düşüb. Həmin gün Yasamal Rayon Polis İdarəsinə müraciət edən Vüsal Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması aldığı barədə rəy verilib. Noyabrın 11-də Qənimət Zahid Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə həbs olunub. Vüsal Həsənov da eyni ittihamla həbsə alınıb.
Qənimət Zahid Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il, Vüsal Həsənov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
«Media forum»
Əvvəlki məqalə: KEÇMİŞ KOMANDASINDAN HEÇ KİM AYAZ MÜTƏLLİBOVUN 70 YAŞINI TƏBRİK ETMƏYİB
Sonrakı məqalə: ƏLİ İNSANOV AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB