Xaliq Bahadır: Azərbaycan-Türkiyə: biz bir millətiksə...
Türkiyənin Bakıdakı böyükelçiliyində “Azərbaycan və Türkiyə mediası” adlı ikinci konfrans keçirilib. Konfransda çıxış eləyən YAP Mətbuat Şurasının başçısı Ə.Amaşov xeyli yalan danışıb. Türkiyənin Bakıdakı böyükelçisi Hulusi Qılıc ona borclu qalmayıb; o da bir xeyli … danışıb. Yalanların başlıca obyekti Azərbaycan xalqıdır. YAP hakimiyyətindən tutmuş xeyli uzaqlaradək Azərbaycan xalqını aldadanlar, aldatmağa çalışanlar çoxdur. Biz xalqımızı aldatma proseslərinə Türkiyənin də qatılmasını istəməzdik. Istəməzdik, ancaq Türkiyənin getdikcə bu proseslərdə dayanıqlı yer tutduğunu gördükcə bundan artıq susmağı gərəksiz sayırıq. Böyükelçinin böyük yanlışları “Türkiyə böyükelçiliyi başqa böyükelçiliklərdən fərqlənir”, – deyən H.Qılıc bildirir: “Çünki biz bir millətə, iki dövlətə xidmət edirik. Mən burada həm Türkiyənin, həm Azərbaycanın böyükelçisiyəm. Başqaları yalnız öz ölkəsi üçün işləyər. Biz Azərbaycanın bir parçasıyıq və bura bizim də vətənimizdir”. Sizi inandırıram, bu sözləri on beş il qabaq eşitsəydim, sevindiyimdən hönkür-hönkür ağlayardım. Indi bu sayaq sözlər məndə, eləcə də mənim çoxlu sayda yurddaşlarımda yalnız acı gülüş, ironiya doğura bilir. Azərbaycanla, Türklüklə bağlı böyük yalanları ilə tanınan Süleyman Dəmirəl hökumətindən bu yana biz Türkiyə hökumətlərindən qardaşlıq adına yalnız yalan görmüşük, indi də yalan görürük! S.Dəmirəlin çoxsaylı qardaşlıq yalanları ilə bağlı on il qabaq “Azadlıq”da “Kardeşliyimiz bratstva kimi” adında bir yazı da yazmışdım.
Illər keçir, Türkiyə hökumətləri dəyişir, “kardeşlik” yalanları dəyişməz qalır. Dəyişiklik varsa, o da bu yalanların daha geniş xarakter almasındadır. H.Qılıc bir millətə, iki dövlətə xidmət etdiklərindən danışır. Fakt da göstərir: “Jurnalistləri hər il NATO-nun seminarına, eləcə də Türkiyədə təcrübə keçmək üçün müxtəlif səfər proqramlarına dəvət edirik”. Soruşuruq: nə olsun? Bunlar Azərbaycan jurnalistikasında, hansı yeniliyə, hansı dəyişikliyə gətirib çıxarır? Azərbaycanın demokratik jurnalistikasının çevrəsi ildən-ilə daralırsa, bu yalançı “təcrübələr” bizim nəyimizə gərəkdir? Qılıc qılıc kimi kəskin bir yanlış da danışır: “Başqa ölkələrin böyükelçilikləri yalnız öz ölkələri üçün işləyir, biz iki ölkə üçün işləyirik”. Demək istəyir: Azərbaycanla Türkiyə üçün. Biz illərlə ABŞ, Norveç, Almaniya, bir sıra başqa böyükelçiliklərin iki ölkə üçün işlədiyini görmüşük, Türkiyə böyükelçiliyinin belə işini görməmişik. Bunlar kimlərə də olmasa Azərbaycan jurnalistlərinə tanış faktlardır.
Azərbaycan jurnalistləri uzun illər təkcə Norveç böyükelçiliyindən gördükləri sayğının, qayğının, arxadurmanın mində birini belə Türkiyə böyükelçiliyindən görməyiblər. Böyükelçi Azərbaycan mediasının yaşadığı problemlərlə, jurnalistlərin keçirdiyi aclıq aksiyaları ilə bağlı jurnalistlərin qınağına tuş gəlmələri faktına da toxunur. O, Azərbaycanın dövlət yetkililəri ilə daha yaxın ilişkiləri olduğunu vurğulayır, bu baxımdan da istədiklərini onlara daha tez çatdıra bildiklərini deyir. Yenə də yanlış. “Biz açıq qapı siyasəti yürüdürük. Biz Azərbaycanın bir parçasıyıq, mətbuata dəstək veririk. Onun gəlişməsi üçün əlimizdən gələni edirik. Bizim Azərbaycana münasibətimiz başqa ölkələrdən fərqli olaraq bütünlüklə başqadır”, – bunlar hamısı professional diplomatlıqdan uzaq olduğu açıqca görünən bir kimsənin faktlara söykənməyən gəlişigözəl sözləridir.
“Mətbuata dəstək”, “onun gəlişməsi üçün əlimizdən gələni edirik”- hanı? Bir böyükelçi bu sayaq yerli-dibli yanlışlarla Türkiyə dövlətinə yalnız utanc qazandıra bilər. “Bizim Azərbaycana münasibətimiz başqa ölkələrdən fərqli olaraq bütünlüklə başqadır”- deyən böyükelçiyə yalvarırıq: bizə başqalarından fərqli münasibət göstərməyin – normal demokratik bir dövlətin göstərə biləcəyi münasibəti göstərin! Sizin bizə başqalarından fərqli münasibətin birini 2003-ün prezident seçkisində baş baxanınız Ərdoğan sərgilədi. Onda o, milyonlarla Azərbaycan adamının hüquqlarını, maraqlarını ayaq altına alaraq seçki prosesi başa çatmadan YAP rejiminin başçısını qutladı. Buna bənzər faktlar bir deyil, beş deyil… Azərbaycan dövləti kimindir? Azərbaycanın dövlət yetkililəri ilə daha yaxın ilişkilərinin olduğunu bildirən H.Qılıc buna görə istədiklərini onlara daha tez çatdıra bildiklərini söyləyir.
Bu tezisin üzərində ayrıca dayanmağa dəyər. Azərbaycanın demokratik jurnalistikasına divan tutulur: Azərbaycan Türklüyünün dəyərli yetirmələri öldürülür, əzişdirilir, bir-birinin ardınca tutulub dustaq edilir, bununla bağlı dünyaın bir çox yerlərindən, ölkələrindən, böyükelçiliklərindən kəskin reaksiyalar olur, biz Türkiyə ölkəsindən, Türkiyə dövlətindən, Türkiyə böyükelçiliyindən yalnız susqunluq görürük! Kimə gərəkdi sizin bir çox transmilli korporasiyalar kimi Azərbaycanın dövlət yetkilililəri ilə neft alverinə bulaşmış, neft qoxuyan yaxınlıqlarınız”! Hulusi bəy, siz o yaxınlıq etdiyiniz dövlət yetkililərindən soruşmusunuzmu, nəyə görə bir millətin iki adı olur: biri türk, biri azərbaycanlı? Siz onlardan soruşmusunuzmu, 1920-ci il çevrilişindən sonra bolşeviklərin etdiyi kimi nəyə görə onlar da hakimiyyətə yiyələnəndən az sonra dilin adını dəyişərək Türk dilini Azərbaycan dili etdilər, Türkçülüyə qarşı çıxaraq azərbaycançılıq politikası yürütməyə başladılar? Bütövlükdə siz o dövlət yetkililərindən soruşmusunuzmu, onların Türklüyə, konkret desək, Azərbaycan Türklüyünə antipatiyaları haralardan, nələrdən qaynaqlanır? Siz onlardan bunları da soruşa bilərsiniz: nəyə görə neft pulları bu xalqa verilmir, nəyə görə bu xalqı daha artıq yoxsullaşdırmaq, daha artıq diz çökdürmək üçün ən kəskin metodlara əl atılır, antixalq xarakterli ekonomik politikalara baş vurulur? Hulusi bəy, bilirsinizmi 60-a yaxın mal Azərbaycan gömrüyünədək bir qiymətə gəlir, gömrükdən bu yana 500-600 faiz baha qiymətə xalqa satılır?
Bilirsinizmi ölkəyə gətirilən ət məhsullarının deklorasiya qiyməti 56 qəpik, bir kiloqaram yağın qiyməti 98 qəpikdir? Bunu biləndən sonra mağazalarda xalqa satılan ətin, yağın alışıb-yanan qiymətlərini görmüsünüzmü? Bilirsinizmi Azərbaycan uşaq ölümünə görə Afrikanın ən geridə qalmış ölkələri ilə bir sırada durur? Bilirsinizmi Azərbaycana gətirilən 394 adda ərzaq məhsulundan 250-si keyfiyyət normativlərinə uyğun deyil. Bütün bunların millətin gen fondunu dağıtmağa yönəlmiş işlər olduğunu anlayırsınızmı? Azərbaycanın təhsil, sağlamlıq sitemlərinin bütünlüklə rüşvət, korrupsiya içində olduğunu bilirsinizmi? Bilirsinizmi Azərbaycan dövləti korrupsiya göstəricilərinə görə Afrikanın ən korrupsioner ölkələri ilə bir sırada durur? Bütün bunların bir millətin varlığına necə qorxu törətdiyini, onun güvənliyini əlindən aldığını anlayırsınızmı, Hulusi, bəy?
Yaxınlıq etdiyiniz dövlət yetkililərindən bir daha bu sayaq düşmənçiliklərin haradan qaynaqlandığını soruşursunuzmu? Azərbaycana xeyli uzan olan Norveç dövləti, onun Bakıdakı böyükelçiliyi illərdir Azərbaycanda demokratik seçki keçirilməsi, demokratik prinsiplərin özünə yer etməsi üçün ardıcıl, prinsipial çarpışma aparır. Bilirsiniz nəyə görə, Hulusi bəy? Azərbaycanın, Azərbaycan xalqının sağlam, uğurlu gələcəyi, gəlişməsi üçün! Türkiyə hökuməti olaraq siz nə edirsiniz? Dəyərli türk oğullarını düşmən gözündə görən, ölkəni darmadağın eləyərək feodalizm keçmişinə sürükləyən bir hakimiyyətlə sıcaq ilişkilər qurmaqla onun gücünü artırır, xalqı daha çox yenməsi işində ona yaxından yardımçı olursunuz! Gənc bir Azərbaycan jurnalisti ilə bağlı acınacaqlı olaylara Norveç başda olmaqla bütün demokratik dünya operativ reaksiya verdi. Bütün bu sayaq hüquq pozuntularında olduğu kimi siz Türkiyə olaraq yenə də susdunuz.
Bu gün Azərbaycan televiziyalarında sizin yaxınlıq etdiyiniz dövlət yetkililərinin göstərişiylə Türk əxlaqı, Türk mənəviyyatı ilə bir araya sığmayan verilişlər verilir, qondarma telefilmlər göstərilir, gənc Türk jurnalisti, perspektivli bir gənc Türk siyasətçisi dünyaya kişi fahişəsi olaraq tanıdılır, bununla bağlı bir sıra uzaq ölkələrdən Azərbaycana protestolar gəlir – Türkiyə olaraq siz susursunuz. Bu susqunluğun Türklüklə bir araya sığmadığını, sizdə deyildiyi kimi, Türklüyə HƏQARƏT olduğunu duyurmusunuz?! Bugünün başda duranları olaraq Türkiyəyə belə böyük bir HƏQARƏT yaşatdığınızı anlayırsınızmı? Türklər tarix boyunca haqqın tapdandığı yerdə ölsələr belə susmayıblar. Türklər yalnız öz mənliklərini deyil, özgə mənliyini qoruyan kimsələr olaraq da tarixə pozulmaz damğalarını vurublar – hanı sizin o türklüyünüz?! “Bir ölkədə demokratiya olmayanda o ölkədə ciddi sıxıntılar yaşanır” – deyirsiniz. Düz deyirsiniz, ancaq Türkiyə dövləti olaraq Azərbaycanda yaşanan böyük sıxıntılarla bağlı suçunuzu bilsəydiniz, daha yey olmazdımı?!.
Xaliq Bahadır (“Azadlıq” qəzeti)
Əvvəlki məqalə: Göyçay, Ağdaş, Zərdab, Ağsu, Ucar və bir çox rayonların əhalisi çörəksiz qalıb
Sonrakı məqalə: Salam, Mirzə müəllim