Göyçay, Ağdaş, Zərdab, Ağsu, Ucar və bir çox rayonların əhalisi çörəksiz qalıb
Bakıda isə çörəyin talonla satılacağı barədə xəbərlər yayılıb
Deyəsən, Birləşmiş Millətlər Təşkilatının Asiya və Afrika ölkələrində aclıq olacağıyla bağlı xəbərləri həqiqətə çevrilir. Belə ki, Pakistan, Misir, Hindistan və Afrika ölkələrində çörək və düyü qıtlığıyla bağlı aksiyalar başlayıb. Və artıq Azərbaycan da bu sıraya qoşulmaqdadır. Baş verənlərin fonunda istisna edilmir ki, yaxın vaxtlarda ölkədə çörəklə bağlı kortəbii aksiyalar keçirilə bilər. Çünki indi çörək məsələsi sözün əsl mənasında problemə çevrilib.
Ölkə başçısının Dövlət Taxıl Ehtiyatı Fondunun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətinə verməsi də heç nəyi dəyişmədi. Əksinə, taxıl məhsullarının qiyməti bir neçə dəfə artdı. Dünən 350 qramlıq çörəyin 40 qəpiyə satılmasına qərar veriblər. Unun qiymətindən isə danışmaq müşkül məsələdir. Ona görə ki, artıq ticarət obyektlərində un satışına rast gəlmək mümkün deyil. Bununla bağlı mağaza sahibləri bildirirlər ki, taxıl qıtlığının yaranmasıyla əlaqədar un tapmaq çətinləşib. Paytaxtda bu hadisələr baş verdiyi bir ərəfədə isə regionlarda vəziyyət daha da ağırlaşıb. Belə ki, dünən Göyçay, Ağsu, Ağdaş, Ucar, Zərdab və digər rayonlarda əksər ailələr çörəksiz qalıb. Çörək istehsalıyla məşğul olan müəssisələrin sahibləri deyiblər ki, un qıtlığına görə onlar əhalinin tələbatının yalnız 30 faizini ödəmək gücündədirlər. Bu da çörək növbələrinin yaranmasına gətirib çıxarıb. Əhalinin yerli rəhbərliyə müraciətləri nəticəsiz qalıb. Şikayətçilərə deyiblər ki, möhtəkirlər unu anbarlara yığaraq gizlədirlər. Buna görə də çörək məsələsiylə bağlı Göyçay rayonunda vəziyyət xüsusilə ağırdır. Rayonda bizə dedilər ki, un tapmaq problemdir.
Elə bizim özümüz də bunun şahidi olduq. Mağazalarda un və çörək tapmaq müşkül məsələ idi. Bəzi kəndlərdən isə vətəndaşlar un və çörək dalıyca rayon mərkəzinə gəlsələr də, əliboş qayıtmalı olublar. Bir neçə gün bu cür davam edəcəyi təqdirdə isə rayonlarda kortəbii etiraz aksiyalarının başlayacağı istisna deyil. Və artıq əhali dünən etirazlarını açıq şəkildə dilə gətirməyə başlayıb. Regionlarda yaranan çörək qıtlığı Azərbaycanın üçüncü böyük şəhəri olan Sumqayıtda da açıq hiss olunub. Doğrudur, bu şəhərdə hələ ki, tam çörək qıtlığı yaranmayıb. Bununla belə, 30 qəpiklik 350 qramlıq çörəyin 60 qəpiyə satılması vətəndaşları çətin vəziyyətdə qoyub. Indi onlar nə edəcəklərini və hansı addım atacaqlarını bilmirlər. Sumqayıtdan cəmi 30 kilometr aralıda yerləşən Bakıda isə müxtəlif şayiələr dolaşmağa başlayıb. Bəziləri güman edirlər ki, Azərbaycanda hakimiyyətin idarə olunmaması artıq pik nöqtəyə çatıb. Ölkənin idarə edilməməsi isə belə bir vəziyyətin yaranmasıyla nəticələnib. Ictimaiyyət arasında dolaşan şayiəyə görə isə hakimiyyət çörəyi talonla satmağa hazırlaşır. Artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən ciddi iş planı hazırlanıb və güman ki, bu günlərdə talon sistemi tətbiq ediləcək. Bütün hallarda aydın olan odur ki, Azərbaycan ağır fəlakətlə üz-üzə qalıb. Ölkə rəhbərliyinin verdiyi vədlər özünü doğrultmur. Respublikada isə çörək qıtlığı hər an özünü açıq şəkildə büruzə verir. Güman ki, bunun qarşısı alınmasa, ölkəni kortəbii etiraz dalğası bürüyəcək.
Şahin Əziz (“Azadlıq” qəzeti)
Əvvəlki məqalə: Qarabağ Azadlıq Təşkilatı ilə İsrailin Azərbaycandakı səfirliyi arasında narazılıq böyüyür
Sonrakı məqalə: Xaliq Bahadır: Azərbaycan-Türkiyə: biz bir millətiksə...