Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Qasımovun 70 yaşı tamam oldu
TOFİQ QASIMOV: «HAZIRDA ELMİ İŞLƏRİMİ DAVAM ETDİRİRƏM»
2008-04-11 - 19:45:00
«Mətbuata danışmaq, müsahibə vermək fikrim yoxdur. Məni təbrik etmək istəyənlər çox sağ olsunlar. Vaxtım azdır, hazırda elmi işlərimi davam etdirirəm». Hazırda Avropa ölkələrinin birində mühacirətdə olan sabiq xarici işlər naziri Tofiq Qasımov 70 yaşı tamamlanan günün səhəri onunla əlaqə saxlayan «Media forum» saytının əməkdaşının sorğusuna belə cavab verib.
1990-cı illərin sonunda Azərbaycandan gedərək əvvəl Türkiyə universitetlərində dərs deyən, indi isə Avropa ölkələrinin birində, özünün dediyi kimi, elmi işlərini davam etdirən sabiq nazir uzun müddətdir Azərbaycan mediası ilə təmas qurmadığını, buna ehtiyac duymadığını vurğulayıb.
Azərbaycan milli azadlıq hərəkatının ünlü nümayəndəsi Tofiq Qasımovun 70 yaşı dünən tamam olub. Tofiq Məsim oğlu Qasımov 1938-ci il aprelin 10-da Ağdaşın Ləki kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və SSRİ Elmlər Akademiyası Fizika-Texnika İnstitutunun (Sankt-Perterburq) aspiranturasını bitirib. 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan
Elmələr Akadameyası Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.
1987-ci ildən siyasətlə məşğul olub. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından biridir. Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edib onun İdarə Heyətinin üzvü olub.
1990-cı ildə Azərbaycan parlamentinin deputatı seçilib. 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq vəzifəsindən gedib.
Heydər Əliyevin prezidentliyi zamanı siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb.
«Media forum»
Əvvəlki məqalə: DÜNYA AZƏRBAYCAN AYDINLARI BİRLİYİ MAHİR CAVADOVUN QURUMA ÜZVLÜYÜNƏ YOX DEYİB
Sonrakı məqalə: Ərdəbilli jurnalist Rəhim Qulamı həbs edilib
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3298
