Mikloş Haraşti: «Jurnalistin döyülməsini və ona təcavüz faktlarını araşdırmaq əvəzinə prokurorluq ləkəyaxma kampaniyasına başlayıb»
MİKLOŞ HARAŞTİ YENİ BƏYANAT VERDİ: «MƏN HÜQUQ-MÜHAFİZƏ ORQANLARINI QARAYAXMA KAMPANİYASINI DAYANDIRMAĞA ÇAĞIRIRAM»
2008-04-11 - 20:24:00
Bakıya səfəri aprelin 9-da başa çatmış ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti bu gün bəyanatla çıxış edib.
«Turan» agentliyinin məlumatına görə, bəyanatda deyilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları bir neçə müstəqil jurnalistə qarşı ittihamları saxtalaşdırıb.
M.Haraşti misal kimi həbsdə olan jurnalistlər Eynulla Fətullayev, Qənimət Zahid və Mirzə Sakitin işlərini göstərib: «Bu jurnalistlər terror, vergidən yayınma, narkotik saxlanması və xuliqanlıq kimi saxta ittihamlara görə cəza çəkirlər. Jurnalist Aqil Xəlilin işi də hüquq-mühafizə qurumlarının tənqidçi jurnalistikaya qarşı mübarizədə qanunsuz iştirakı kimi təhlükəli meyli nümayiş etdirir».
«Jurnalistin döyülməsini və ona təcavüz faktlarını araşdırmaq əvəzinə prokurorluq ləkəyaxma kampaniyasına başlayıb» deyə xüsusi nümayəndə qeyd edib: «Mən bu əxlaqsız kampanyianı biabırçı dərəcədə genişləndirən telekanalları həmkarlarına qarşı təbliğatda alət olmamağa çağırıram. Mən həmçinin hüquq-mühafizə orqanlarını qarayaxma kampaniyasını dayandırmağa və jurnalistə qarşı zorakılıqda təqsirli olanları məsuliyyətə cəlb etməyə çağırıram».
M.Haraşti aprelin 9-da Bakıda keçirdiyi mətbuat konfransında oxşar açıqlamalar vermişdi. Xüsusi nümayəndə Respublika Prokurorluğunda aparılan istintaqdan yayımlanan materialları nəzərdə tutaraq söyləmişdi: «Jurnalistə qarşı aparılan biabırçı kampaniyanı dövlət mediasında seyr etdik. Müstəqil dövlətdə müstəqil medianın göstərməsi qadağan olunan kadrlar nümayiş etdirildi. Mərkəzdən hazırlanmış və idarə olunan kadr efirə verildi. Qanunun aliliyi mövcud olan ölkədə belə şeylər baş verməməlidir».
A.Xəlili yazısına görə təhlükəsizlik xidməti əməkdaşlarının döydüyünü, sonra mülki şəxslərin onu bıçaqladığını xatırladan M.Haraşti yayılan kadrların şəxsi toxunulmazlıq hüququ və etik qaydalara zidd olduğunu bildirmişdi.
A.Xəlil fevralın 22-si 6-cı mikrorayondakı Zeytun bağında döyülüb. Reportyor bildirib ki, həmin vaxt bağda torpaq sahəsinin satılması üzrə sözləşmə anını fotokameraya çəkirmiş. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi və Binəqədi Rayon Prokurorluğu təhqiqat aparıb.
Martın 13-ü A.Xəlil işdən evə gedərkən Bakı Apellyasiya Məhkəməsinin binası yaxınılığında hücuma məruz qalıb və döş qəfəsindən bıçaq zərbəsi alıb. Bu hücumla bağlı qaldırılmış cinayət işi sonradan A.Xəlilin Zeytun bağında döyülməsi faktı ilə eyni icaraatda birləşdirilib və Respublika Prokorurluğuna verilib.
Aprelin 7-də Baş Prokurorluq istintaq barədə rəsmi məlumat yayaraq jurnalistin peşə fəaliyyəti ilə bağlı deyil, şəxsi - qeyri-ənənəvi intim münasibətlər zəminində vurulduğunu, hadisəni törədən Sergey Strekalin adlı şəxsin həbs olunduğunu bildirib. Həmin gün və sonrakı gün bir neçə telekanal, o cümlədən dövlət televiziyası Sergey Strekalinin istintaqa ifadələrini yayımlayıb.
("Media Forum")
Əvvəlki məqalə: Ərdəbilli jurnalist Rəhim Qulamı həbs edilib
Sonrakı məqalə: Lalə Şövkət: Bu gün elə təsəvvür yaranır ki, Azərbaycan idarə olunmur
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3297