Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Xaliq Bahadır: Azərbaycan işğal altında

Mirzə Xəzər 08 Apr 2008

Dönə-dönə yazdığımızı bir daha yazmalı oluruq: Azərbaycanın bir parçası olan Qarabağı ermənilər IŞĞAL eləyiblərsə, qalanını Əliyevlər, Əliyevçi rejim IŞĞAL eləyib! Qarabağda ermənilərin gördüyü IŞĞAL işlərini bunlar burda görürlər. Qarabağda ermənilərin yürütdükləri IŞĞAL siyasətini bunlar burda yürüdürlər. Bunu ölkənin hər yerində görmək olar. Eləcə də Bakıdan 180 km aralıdakı Sabirabadda. Iki yoldaş (bir iqtisadçı, bir jurnalist) Sabirabad cəbhəçilərilə görüşə getmişdik. Bizi qarşılayan cəbhəçilər yaxınlıqda dayanmış bir maşını göstərərək: “Polislərdi”,- dedilər. Baxdıq, bu, “POLIS” maşını olaraq tanınmayan polis maşınlarından idi. Deməli, bizi güdür, izləyirdilər.

Cəbhəçilər bunu da bildirdilər: “Üç gündür sizə görə bizi əsir-yesir eləyiblər”. Biz Sabirabada gedəndən üç gün qabaq bizim Sabirabada gedəcəyimiz bəlli olub. Beləliklə də, DIN-in, MTN-in yerli qurumları “fövqəladə vəziyyət” rejiminə keçiblər. Cəbhəçiləri dönə-dönə çağırıb istintaqa çəkiblər: kimlər gəlir, niyə gəlir, nə istəyirsiz? Görün necə gözəl işləyirlər! Müxalifətçilərin özləri, bütün telefonları, yaxınları belə kontrol altındadır. Bundan ötrü milyonlarla manat büdcə pulları xərclənir. I.Əliyev böyük sevinc içində bildirir: “Azərbaycanda müxalifət yoxdur”. Müxalifət yoxdursa, dövlət büdcəsindən bir belə pullar nəyə görə xərclənir? Sabirabada gedəndən qayıdanadək mülki geyimli polislər bizi qarabaqara izlədilər. O gün biz onları alacaqları rüşvətdən-soyğunçuluqdan eləmişdik. Bunlar yol qıraqlarında çeşidli metodlarla (kimi kol dalında, kimi mülki maşının arxasında) gizlənərək “yol hərəkəti qaydalarını qorumaq” adı altında soyğunçuluq eləyən polislərin başqa tip kolleqalarıdır. Qanunu pozmasaq da, onlar bizi yolda neçə yol saxlayıb… pul istədilər!

Sabirabada bazar günü getmişdik. Gözümü açandan Sabirabadı axar-baxarlı, aşıb-daşan, qaynar görmüşəm. Əski çağlarda Suqovuşan adlanan bu şəhər bütün bölgə adamlarının böyük qovuşaq yeri olub. Sabirabadın bazar günləri dillə deyiləsi deyil. Elə bil hər bazar Sabirabadda bayram olardı. Qadınlı-kişili hamı ən yaxşı paltarını geyinər, qalstuk taxanlar (bunlar daha çox, nənəmin dediyi kimi, “rayonun böyükləri”, bir də müəllimlər idi) ən gəzəl, ən parlaq qalstuklarını taxıb şəhərə çıxardılar. Beləcə, Sabirabadın bazar günləri başqa cür olardı: küçələr adamla dolu; gedən-gələn, deyən-gülən… Bizim indi, özü də bazar günü gördüyümüz Sabirabadı Tanrı göstərməsin! Şəhər elə bil suyu sovulmuş dəyirmandı: küçələr bomboş, gələn yox, gedən yox. Dost-tanışdan kimi soruşuram: “Rusiyaya gedib”- deyirlər. Sonra elə bil gedəni qınaqdan qorumaq üçün bunu deməyi də özlərinə borc bilirlər: “Çörək dalınca!”

Bu, Əliyevçi rejimin doğurduğu DƏHŞƏTLI faktlardan biridir: Sabirabad kimi keçmişi varlı, çörəkli bir rayonun adamları axın-axın ÇÖRƏK dalınca Rusiyaya gedir! Bunu belə də yozmaq olar: onlar Azərbaycan prezidenti Ilham Əliyevin amansız zülmündən baş götürüb qaçır, qaçıb-qurtularaq Rusiya prezidenti Vladimir Putinə sığınır, Putinə PƏNAH aparırlar!!! Hələ yazın ilkin çağıdı, başqaları bir yana, şəhərin baş küçəsi də bir maşın keçməklə toz-dumana bürünür. Şəhər belə gündə, adamlar yoxsulluq içində, deyilənə görə, icra başçısı adı bəlli parkda 500 min manatlıq… MUSIQILI fontan tikdirir. Icra başçısı gürcüstanlıdır. Deyilənə görə, onu Sabirabadın icra başçısı postuna I.Əliyevin Rusiyadakı gürcüstanlı biznesmen dostu gətirib çıxarıb.

Rusiyalı biznesmen Sabirabada dostunu başçı qoydurur. Yuxarıdan aşağıya dövlət strukturları biznes strukturlarına çevrilir. Güc strukturları qarabaqara müxalifəti izləyir. Ölkənin bütünlüklə IŞĞALI üçün müxalifət də IŞĞAL edilməlidir!

(“Azadlıq” qəzeti)

Əvvəlki məqalə: Aqil Xəlil: «Məndən döyə-döyə ifadə aldılar»

Sonrakı məqalə: «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil AzTV, «Space», «Lider» və ATV telekanallarına, həmçinin İstintaq İdarəsinə qarşı məhkəmə iddiaları qaldırır