Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Aqil Xəlilin vəkili Elçin Sadıqov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quliyevi məhkəməyə verib

Mirzə Xəzər 08 Apr 2008

AQİL XƏLİLİN VƏKİLİ MÜSTƏNTİQİ MƏHKƏMƏYƏ VERİB 2008-04-08 – 13:33:00

Azadlıq və toxunulmazlıq, habelə ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia edən vəkil Elçin Sadıqov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quliyevi məhkəməyə verib. Nəsimi Rayon Məhkəməsinə üz tutan vəkil müstəntiqin cəzalandırılmasına, kompensasiya ödəməsini tələb edir.

Media Hüquqları İnstitutundan «Media forum»a bildiriblər ki, «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin hüquqlarını müdafiə edən E.Sadıqov məhkəməyə şikayət ərizəsini aprelin 8-də təqdim edib. O, A.Xəlil aprelin 4-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilərkən vəkil hüquqlarını gerçəkləşdirməyə imkan verilməməsindən, 12 saatdan artıq qapalı şəraitdə saxlanılmasından narazı qalıb.

Şikayət ərizəsində qeyd olunur ki, E.Sadıqov jurnalistin vəkili olaraq dindirmədə iştirak etmək üçün istintaq idarəsinə dəvət edilib. Vəkil bildirilən vaxtda – saat 14:30-da idarəyə gəlsə də, onu gözlədiblər. Saat 17:30-da dindirmə prosesinə qatılan E.Sadıqova şahidlərə və jurnalistin döyülməsində şübhəli qismində dəvət olunan şəxsə suallar verməyə imkan yaradılmayıb. Dindirmə prosesi bütünlüklə videoçəkilişə alınsa da, vəkilin sual vermək üçün israr edərkən çəkiliş dayandırılıb. Dindirmə prosesi gecə 2:00-dək davam edib. Prokurorluqda olduğu 12 saat ərzində vəkilə yalnız ayaqyoluna getməyə imkan yaradılıb. Elçin Sadıqova harda olması barədə yaxınlarına bilgi verməyə də şərait yaradılmayıb.

12 saat prokurorluqda saxlanılmasını qanunsuz, əsassız və həbsə bərabər hesab edən E.Sadıqov iddia edir ki, müstəntiq Əli Quliyev ona münasibətdə ölkə konstitusiyasının, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» konstitusiya qanununun, Cinayət Prossesual Məcəllənin, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinin ciddi pozuntusuna yol verib.

Vəkil Nəsimi Rayon Məhkəməsindən xahiş edib ki, aprelin 4-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 12 saat saxlanılmasını, vəkil hüquqlarını gerçəkləşdirməyə əngəllər yaradılmasını qanunsuz hesab edən, pozulmuş hüquqlarına görə təzminat ödənilməsini nəzərdə tutan qərar qəbul etsin. Vəkil həmçinin müstəntiq Əli Quliyev barəsində xüsusi qərar qəbul edilməsini istəyir.

A.Xəlil fevralın 22-si 6-cı mikrorayondakı Zeytun bağında döyülüb. Reportyor bildirib ki, həmin vaxt bağda torpaq sahəsinin satılması üzrə sözləşmə anını fotokameraya çəkirmiş. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi və Binəqədi Rayon Prokurorluğu təhqiqat aparıb.

Martın 13-ü A.Xəlil işdən evə gedərkən Bakı Apellyasiya Məhkəməsinin binası yaxınılığında hücuma məruz qalıb və döş qəfəsindən bıçaq zərbəsi alıb. Bu hücumla bağlı qaldırılmış cinayət işi sonradan A.Xəlilin Zeytun bağında döyülməsi faktı ilə bir icaraatda birləşdirilib və Respublika Prokorurluğuna verilib.

Dünən Baş Prokurorluq istintaq barədə rəsmi məlumat yayaraq jurnalistin peşə fəaliyyəti ilə bağlı deyil, şəxsi – qeyri-ənənəvi intim münasibətlər zəminində vurulduğunu, hadisəni törədən Sergey Strekalik adlı şəxsin həbs olunduğunu bildirib.

A.Xəlil və «Azadlıq» qəzeti istintaqın gəldiyi nəticəni rədd edir.

«Media forum»

Əvvəlki məqalə: Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMEK) Güney Azərbaycan siyasi və təriqət məhbuslarının son durumu barədə məlumat yayıb

Sonrakı məqalə: Aqil Xəlil: «Məndən döyə-döyə ifadə aldılar»