Aqil Xəlil: «Məndən döyə-döyə ifadə aldılar»
«Məndən döyə-döyə ifadə aldılar»
Aqil Xəlil: «Əli Quliyevlə Elman adlı prokuror mənimlə aqressiv davranırdılar. Məni hədələyir, psixoloji təzyiqlər göstərir və döyürdülər» “Azadlıq”ın əməkdaşı Aqil Xəlilin martın 13-də bıçaqlanması faktı üzrə başlanan cinayət işinin istintaqını jurnalistin əleyhinə çeviriblər. Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair Istintaq Idarəsi jurnalistə fiziki və mənəvi təzyiq göstərərək ondan özlərinə sərf edən ifadə alıblar. Bununla da həm “Azadlıq”a, həm də Aqil Xəlilə qarşı iyrənc kampaniyaya start verilib. Artıq hakimiyyətin nəzarətində olan telekanallar istintaq orqanının iyrənc əməliyyatını “həqiqət” şəklində ictimailəşdirib. Aqil Xəlil isə “Azadlıq”a müsahibəsində bir daha vurğulayıb ki, bütün bunlar ona qarşı aparılan iyrənc kampaniyadır: – Bütün bunlar istintaq orqanının düzüb-qoşduğu iyrənc şoudur. Aprelin 3-də Kürdəmirin prokuroru mənə zəng vuraraq prokurorluğa çağırdı. Səbəbini sruşduqda isə bildirdi ki, təhlükəsizliyinlə bağlı bəzi məsələlər var. Mən də inandım və rayon prokurorluğuna getdim. Orada isə məni Ağır Cinayətlərə Dair Istintaq Idarəsinin müstəntiqi Əli Quliyev və onunla gələn Elman adlı prokuror qarşıladı. Əvvəlcə qollarımı burub telefonumu aldılar. Sonra isə mənə qarşı mənəvi və fiziki təzyiqlər göstərməyə başladılar. – Konkret sənə etdilər və konkret kim bu işdə canfəşanlıq göstərirdi? – Kürdəmirin prokuroru otaqdan çıxmışdı. Əli Quliyevlə Elman adlı prokuror mənimlə aqressiv davranırdılar. Məni hədələyir, psixoloji təzyiqlər göstərir və döyürdülər. – Səbəb nə idi? Səndən nə istəyirdilər? – Tələb edirdilər ki, Sergey adlı şəxsi tanıdığım barədə ifadə verim. Məndən döyə-döyə belə bir ifadə aldılar. Bundan sonra isə dedilər ki, sən ya iş yoldaşın tərəfindən bıçaqlandığını, ya da özün-özünə qəsd etdiyini deməlisən. Yoxsa sənin “mavi”lərlə əlaqəli olduğunu deyəcəyik və bunu bütün telekanallar yayımlayacaq. Gecə saat 2-yə qədər məni orada saxladılar. Qeyd edim ki, valideynlərimi də çağırmışdılar. Onlara həmin şərtləri dedilər. Aprelin 4-də saat 9-da isə Əli Quliyevlə, Elman məni öz maşınlarında Ağır Cinayətlərə Dair Istintaq Idarəsinə gətirdilər. Yolda mənə təzyiq edirdilər. Deyirdilər ki, üzləşmə zamanı Sergeyi tanıdığını bildirməlisən. Ora çatan kimi isə yenə də qollarımı burub telefonumu əlimdən aldılar. – Istintaq Idarəsində daha nə baş verdi? – Orada hər yerdən təcrid olunmuşdum. Vəkilimi çağırmağa imkan vermirdilər. Mənimlə elə davranırdılar ki, sanki zərərçəkən yox, cinayətkaram. Təzyiqlər, mənəvi işgəncələr, hədələr. Bu yolla orada da məndən Sergey adlı şəxsi tanıdığım barədə ifadə aldılar. Saat 3-də isə israrlı tələblərimdən sonra vəkilim Elçin Sadıqovu yanıma buraxdılar. Vəkil gələndə, necə deyərlər, elədiklərini eləmişdilər. Yəni, məcburi ifadə almışdılar. Məcbur etdilər deyim ki, Sergeyi bir qız tanışımın vasitəsilə tanıyıram. Həmin gün gecə saat 2-yə qədər mənəvi işgəncələr davam etdi. – Istintaq orqanı isə iddia edir ki, bütün bunlar həqiqətdir… – Tam məsuliyyətimlə deyirəm ki, bütün bunlar cəfəngiyyatdan başqa şey deyil. Mən Sergey adlı adam tanımıram. Orada mənə məcburi şəkildə dedizdirdilər ki, guya onunla Lola adlı qız tanışımın vasitəsilə tanış olmuşam. Halbuki elə bir qız tanışım yoxdur. Bütün bunlar cəfəngiyyat və absurddur. Təsəvvür edin ki, həmin Sergey deyir Aqili 2005-ci ildən tanıyıram. Halbuki həmin vaxt mən hərbi xidmətdə olmuşam. Mənim o zaman telefonum da olmayıb. Telefonu əsgərlikdən sonra almışam. Sergey deyir ki, mən onunla tanış olanda jurnalist olduğumu bildirmişəm. Amma mən o vaxt heç bir KIV-də çalışmırdım. Bundan əlavə onun dediklərində xeyli ziddiyyətli məqamlar var ki, nədənsə istintaq bunları araşdırmaqda maraqlı görünmür. – Hansı ziddiyyətlərdən söhbət gedir? – Məsələn, Sergey deyir ki, o, mənə dalbadal bir neçə bıçaq zərbəsi vurub. Amma ekspertiza rəyində də göstərilir ki, mənə bir bıçaq zərbəsi dəyib. Başqa məqam. Sergey deyir ki, Aqil bıçaqlanandan iki gün sonra, yəni, martın 15-də onun hər iki nömrəsinə zəng vurmuşam. Amma həmin vaxt mənim bir nömrəm olub. Ikinci nömrəni martın 19-da almışam. Gedib “Azercell”ə sorğu göndərib yoxlatdıra bilərlər. Daha sonra Sergey deyir ki, məni görüb, yanına çağırıb. Məni görübsə, niyə nə geyindiyimi xatırlamır? Doğrudur, o mənim əynimdə gödəkcə olduğunu deyir. Amma məsələ burasındadır ki, həmin gödəkcə ekspertizaya verilib. Çox güman ki, onu Sergeyə göstəriblər. Əgər o, məni görübsə, niyə başımda papaq olması, nə rəngdə şalvar geyindiyim yadında deyil? Yaxud da Sergey iddia edir ki, mən ondan siqaret istəmişəm. Məni tanıyanların hamısı bilir ki, siqaret çəkmirəm. Görürsünüz nə qədər ziddiyyət var. Amma istintaq bütün bunlara əhəmiyyət vermir. Əksinə mənə təzyiqlər olunur. Qeyd edim ki, martın 15-də kirayə yaşadığım evdə olublar. Orada bütün əşyaların şəkillərini çəkiblər. Bir-iki əşyanı isə gözlərilə aparmaq istəyiblər. Görünür, şəkillərini çəkdikləri əşyaları Sergeyə göstərəcəklər ki, o, mənim evimi təsvir edə bilsin. Guya ki, mənim evimdə olub. – Yaxınlarına da təzyiqlər olunurmu? – Əlbəttə. Bir müddət əvvəl rayon rəhbərliyi validiyenlərimə təzyiq edirdi ki, oğlunuzu götürüb Prezident Aparatına gedin. Orada deyin ki, oğlumuz səhv edib. “Azadlıq” qəzeti mafiyadır, Aqil də bilmədən bu mafiyanın toruna düşüb. Sonra da şikayətinizi geri götürün. Amma mən və ailəm bütün bunları qətiyyətlə rədd etdik. Hansı vasitələrdən istifadə edirlərsə etsinlər, mən yolumdan dönən deyiləm. Məni həbs etsələr də, şantaja məruz qoysalar da, başımı kəssələr də yenə mövqeyimdən geri çəkilməyəcəyəm. Məndə olan məlumata görə, əmilərimdən biri nələrinsə müqabilində mətbuata müsahibə verib. Mənim və “Azadlıq”ın əleyhinə danışıb. Əgər bu doğrudan da belədirsə, mən ondan imtina edəcəyəm. Ümumiyyətlə, hansı yaxınım bu cür addımlar atsa, ondan imtina edəcəyəm. Mən bilmirəm bunu edəcəklər, yoxsa yox. Çünki ailəmdən başqa heç kimə arxayın deyiləm. Ailəm mənimlədir. Qohumlarımın isə bundan sonra hansı mövqedə olacaqlarını deyə bilmərəm. Amma bu hakimiyyətin “dəyirmanına su töksələr” onlardan imtina edəcəyəm. – Səni yenidən dindirməyə çağırıblar? – Mən bundan sonra istintaqa getməyəcəyəm. Çünki aparılan istintaq hərəkətləri qondarmadır. Mənə qarşı iyrənc üsullarla əl atıblar. Hakimiyyət öz “mavil”ərini üzümə qoyur. Amma heç nəyə nail ola bilməyəcəklər. Çünki hamı gözəl bilir ki, bu “mavi”lər mənimlə yox, siyasi hakimiyyətlə bağlı olan ünsürlərdir. Bu üzdəniraqlar zaman-zaman hakimiyyətin dadına çatıblar. Qoy istintaq öz “mavi”ləri ilə əl-ələ verib, işləsin. Mən daha ora getməyəcəm. Mənim bıçaqlanmağımın səbəbləri bəllidir. Məni “Zeytun bağı”nda ağacların soyqırıma məruz qaldığını ifşa etdiyimə görə döydülər, sonra da bıçaqladılar. Hər şey göz qabağındadır. Əgər istintaq bütün bunları vecinə almırsa, mən niyə ora getməliyəm? Artıq baş prokuror Zakir Qaralova müraciət ünvanlamışam. Işin Bakı Şəhər Baş Polis Idarəsinə qaytarılmasını tələb edirəm. Bundan əlavə tələb etmişəm ki, məni döyənlərdən biri Dağbəyi Allahverdiyev və onun qardaşı Natiq Allahverdiyevlə istintaq hərəkətləri aparılmalı və onlar məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda mənə işgəncə müstəntiq Əli Quliyevlə Elman adlı prokuror barədə ölçü götürülməsini tələb edirəm. Son olaraq bir daha bildirmək istəyirəm ki, rejim bu üsullardan istifadə edib məni susdura bilməyəcək. Başımı kəssələr də mən öz sözümü deyəcəm.
Azad (“Azadlıq” qəzeti)
Əvvəlki məqalə: Aqil Xəlilin vəkili Elçin Sadıqov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quliyevi məhkəməyə verib
Sonrakı məqalə: Xaliq Bahadır: Azərbaycan işğal altında