Aclıq edən siyasi məhbuslar bütün hədə və təzyiqlərə rəğmən aksiyanı sona qədər davam etdirəcəklərini bildirirlər
Məsuliyyət Ilham Əliyevin üzərinə düşəcək
Siyasi məhbuslar Ruslan Bəşirli, Rasim Əkbərov və Müşfiq Mədətova təzyiqlər davam edir. Xatırladaq ki, hər üç məhbus martın 28-dən “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redktoru Eynulla Fətullayevə dəstək olaraq cəza çəkdikləri 1 saylı kalonda aclığa başlayıblar. Həbsxana rəhbərliyi isə onları aclığı dayandırmayacaqları təqdirdə Qobustana göndəriləcəkləri ilə hədələyir. Lakin siyasi məhbuslar həbsxana rəhbərliyini nəzərinə çatdırıb ki, hər bir halda aksiyanı davam etdirməkdə israrlıdırlar. Dünən əldə etdiyimiz məlumatlara görə, siyasi məhbusları yenə də hədələyiblər. Bu dəfə məsələ daha qəti şəkildə qoyulub. Lakin siyasi məhbuslar geri çəkilmək fikrində olmadıqlarını bildiriblər. Eyni zamanda bəyan ediblər ki, hər hansı xoşagəlməz hadisə baş verəcəksə, bunun məsuliyyəti dövlət başçısı Ilham Əliyevin üzərinə düşəcək. Məlumatı verən mənbə onu da bildirib ki, srağagün vəziyyəti olduqca pisləşdiyinə görə tibb məntəqəsinə yerləşdirilən Rasim Əkbərovun səhhəti hələ normallaşmayıb. Bununla belə milli qəhrəman aksiyanı davam etdirir. Ruslan Bəşirlinin isə təzyiqi bir qədər də aşağı düşüb. Xatırladaq ki, srağagün həkim müayinəsindən sonra məlum olub ki, “Yeni Fikir” sədrinin təzyiqi 70/30-dur. Mənbə deyib ki, Ruslan Bəşirlinin səhhəti normal olmasa da, o, aksiyanı dayandırmaq niyyətində deyil. Digər siyasi məhbus Müşfiq Mədətovun da vəziyyəti dünən pisləşib. Onun da təzyiqi aşağı düşüb. Lakin siyasi məhbus hələ ki, aksiyanı davam etdirməkdə israrlıdır. Mənbənin sözlərinə görə, artıq siyasi məhbuslara həkim nəzarəti var.
"Azadlıq" qəzeti
Informasiya şöbəsi
Əvvəlki məqalə: DÜNYA AZƏRBAYCAN AYDINLARI BİRLİYİ HÖKUMƏTDƏN HƏBSDƏKİ JURNALİSTLƏRİN BURAXILMASINI TƏLƏB EDİR
Sonrakı məqalə: "Azadlıq" qəzeti: Analoqu olmayan yalanın sonu
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3285