Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid saxlandığı 1 saylı Bayıl İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb

Mirzə Xəzər 01 Apr 2008

no comments

QƏNİMƏT ZAHİD ACLIĞA QOŞULDU. AKSİYAÇILARDAN BİRİNİN VƏZİYYƏTİ PİSLƏŞDİ
2008-04-01 - 12:20:00


Bu gündən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid saxlandığı 1 saylı Bayıl İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. «Media forum» saytına bu haqda məlumat verən Q.Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyevanın sözlərinə görə, baş redaktor dünən aclıq aksiyasına başlaması ilə bağlı rəsmi ərizəni təcridxana rəhbərliyinə təqdim edib.


Saytın əməkdaşı ilə söhbətində A.Mürsəliyeva bildirib ki, Q.Zahid ondan yalnız su istəyib: «Bu gün ona su və siqaret apardım. Özü xəbər yollamışdı ki, heç bir ərzaq göndərməyim, aclığa başlayacaq. Yalnız su istəmişdi».

Q.Zahid jurnalistlərin aksiyasına dəstək məqsədilə aclığa başlayıb. «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydcan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev martın 26-dan saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirir. Ötən il bəzi ağır cinayətlərdə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa buraxılmasını tələb edir, beynəlxalq təşkilatların siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.

Martın 27-dən bir qrup jurnalist E.Fətullayevə dəstək məqsədilə «Yeni Müsavat» qəzetinin redaksiyasında aclıq aksiyası keçirməyə başlayıb. Bu günə kimi fəaliyyətini dayandırmış «Gündəlik Azərbaycan» qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu, «Yeni Müsavat» qəzetinin redaktoru Zahid Səfəroğlu, «Gündəlik Azərbaycan» qəzetinin əməkdaşları olan Elşən Balaxanlı (hazırda «Yeni Müsavat»da çalışır) və Natiq Cavadlı (hazırda «Bizim yol»un əməkdaşıdır) dəstək aksiyasını davam etdirirlər.

Dünən Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva və «Gündəlik Azərbaycan» qəzetinin əməkdaşı Aynur Elgünəş Helsinki Vətəndaş Assambleyası Azərbaycan Komitəsinin ofisində aclıq aksiyasına qoşulublar.

Aksiya iştirakçılarından N.Cavadlının bu gün səhər vəziyyəti pisləşib. Bu barədə «Media forum» saytına E.Balaxanlı məlumat verib. Onun sözlərinə görə, N.Cavadlıda güclü mədə ağrıları baş qaldırıb: «Nə qədər təkid etsək də, aksiyanı dayandırmaq fikrində deyil. Hazırda hamının ümumi vəziyyəti eynidir. Halsızlıq, yuxusuzluq baxımından narahatçılığımız var».

E.Balaxanlının sözlərinə görə, aksiyaya qoşulmaq üçün çoxlu vətəndaş müraciət edir. Əksəriyyəti ölkənin bölgələrindən olan bu vətəndaşlar aksiya haqqında qəzetlərdən oxuduqlarını və məhz bunun üçün Bakıya gəldiklərini bildiriblər: «Onların ünvanını, əlaqə telefonlarını götürdük. Bildirdik ki, əgər vətəndaşların da aclıq aksiyasına qoşulması barədə qərar qəbul edilərsə, onlarla əlaqə saxlayacağıq».

Bu gün saat 15.00-da aksiya keçirilən qərargahda qəzet redaktorları, jurnalist qurumları və QHT təmsilçilərinin iştirakıyla iclas keçiriləcək və aksiya ilə bağlı yeni qərarlar qəbul ediləcək.

«Media forum»

Əvvəlki məqalə: Mart qırğınlarının 90-cı ildönümü tamam oldu

Sonrakı məqalə: DÜNYA AZƏRBAYCAN AYDINLARI BİRLİYİ HÖKUMƏTDƏN HƏBSDƏKİ JURNALİSTLƏRİN BURAXILMASINI TƏLƏB EDİR

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3283

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin