Eynulla Fətullayev aclıq aksiyasına başlayır
Həbsdəki baş redaktorun Avropa Şurası və ATƏT qarşısında tələbləri var “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev bu gündən etibarən saxlandığı 13 saylı həbsxanada aclıq aksiyasına başlayacaq. Bu barədə dünən baş redaktorla görüşən atası Emin Fətullayev məlumat verdi. Onun sözlərinə görə, bu gün baş redaktor həbsxana rəhbərliyinə ərizə ilə müraciət edərək, aclıq aksiyası barədə xəbərdarlıq edəcək. Müsahibimiz bizi E.Fətullayevin keçirdiyi aksiyanın tələbləri ilə də tanış etdi: “Onu aksiya keçirməyə vadar edən səbəblər var. Ona görə də əsas iki tələb üzərində dayanıb: 1. Jurnalistlər və siyasi məhbuslar qeyd-şərtsiz azadlığa buraxılmalıdır 2. Avropa Şurası və ATƏT vicdan və siyasi məhbus probleminin həlli mexanizmini Azərbaycan ictimaiyyətinə təqdim etməlidir”. Baş redaktor həmçinin hüquq müdafiəçiləri Elçin Behbudov və Murad Sadəddinovla da görüşmək istədiyini bildirib. Emin bəy oğlunun səhhətinin də yaxşı olduğunu dedi. Onun sözlərinə görə, baş redaktor nə saxlandığı təcridxanadan, nə də onun rəhbərliyindən narazıdır. E.Fətullayev həbsxanada özünə qarşı hər hansı qərəzli münasibət olmadığını bildirib: “Məsələ ondadır ki, bu adam 11 adır günahsız cəza çəkir. Neyləməlidir? Son əlac kimi məcbur olub bu aksiyaya əl atsın. Onsuz da Eynulla əfv olunacağını gözləmirdi. O hesab edir ki, bu məsələdə Avropa Şurası öz mövqeyini bildirməlidir. Onun məsələsi Avropa Məhkəməsində həll olunmalı və siyasi məhbuslar üzrə məruzəçi təyin olunmalıdır”. Hüquq müdafiəçisi Murad Saddədinov isə bayram günlərindən dərhal sonra görüş üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyini bildirdi. Müsahibimiz baş redaktorun tələblərinin haqlı olduğunu söylədi: “Doğrudur, hüquq müdafiəçisi olaraq aclıq aksiyasını dəstəkləməmişəm. Onsuz da məhbusların səhhəti də, saxlanma şəraiti də lazımi səviyyədə deyil. Üstəgəl aclıq aksiyasına əl atmaları durumlarına olduqca pis təsir edə bilər”. “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu da hesab edir ki, E.Fətullayevin bu cür radikal etiraz aksiyasına əl atması başadüşüləndir. Onun sözlərinə görə, Avropa məkanına daxil olan bir ölkədə uzun müddət günahsız olaraq həbsdə olmaq ağırdır: “Həbsdə olan jurnalistlər də, Azərbaycan cəmiyyəti də düşünürdü ki, heç olmasa beynəlxalq təzyiqlər sayəsində hakimiyyət jurnalistləri azad edəcək. Lakin bu ümid boşa çıxdı. Avropa qurumlarının və beynəlxalq təşkilatların tələbləri ümumi bəyanatları səsləndirməkdən uzağa getmədi. Görürsüz ki, Fətullayevin tələblərindən biri də beynəlxalq təşkilatların həbsdə olan siyasi məhbusların, o cümlədən vicdan məhbuslarının azad edilməsi üçün konkret mexanizmləri ortaya qoymaqla bağlıdır. Əslində beynəlxalq təşkilatlar, Avropa Şurası indiyə qədər nəinki bu mexanizmi ortaya qoymalıydı, həmçinin vicdan məhbuslarının, jurnalistlərin azadlığa çıxmasını təmin etməliydi. Onlar özlərini elə aparırlar ki, sanki bizim hakimiyyətin qanunsuz əməllərinə qarşı çıxmaqda acizdilər. Halbuki ölkəmizin öhdəlikləri var. Və onları yerinə yetirmək üçün də mexanizmlər mövcuddur”. Ş.Çobanoğlu dostu və həmkarı olan E.Fətullayevin bu cür ağır aksiyaya əl atmasını istəmədiyini söylədi. Amma o, hesab edir ki, bu, yaranmış vəziyyətin ortaya çıxardığı bir aksiyadır: “Çünki aylardır Azərbaycan cəmiyyəti, elə həbsdə olan jurnalistlər də aldadılır. Bu, onlarda qəzəb yaradır. Bu mənada həmin aksiyanı başa düşmək olar. Digər tərəfdən, başa düşürük ki, həbsdə olan adam hətta perspektivi olmasa belə, başqa bir aksiya seçə bilməz. Perspektiv baxımdan bu tələblə olan aksiya Avropa qurumları üçün bir vicdan testidir. Bununla bəlli olacaq ki, onlar doğrudan da Azərbaycan cəmiyyətini aldatmaqda davam edirlər, yoxsa Azərbaycan cəmiyyətinin və vətəndaşlarının demokratikləşməsi, haqlarının qorunması üçün səmimi fəaliyyət göstərirlər”.
Sevinc
("Azadlıq" qəzeti)
Əvvəlki məqalə: Nihad: Ölkədə nə qədər işsiz var? Və yaxud yalançının yaddaş problemi
Sonrakı məqalə: Bakıda bir qrup jurnalistin acliq aksiyası davam edir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3276