Zərdüşt Əlizadə: «Azərbaycan hakimiyyəti ölkədən kənarda heç nəyə qadir deyil»
“BMT-dəki müzakirələr ikinci Lissabon sammitidir”
«BMT-də qəbul olunan sənəd bəlkə də real nəticələr verərdi, əgər səsvermənin yekunları bu cür biabırçı olmasaydı»
Hakimiyyət yenə də ənənəsinə sadiq qalaraq rəsmi KIV-də BMT-də Qarabağla bağlı keçirilən müzakirələrin yekununu Azərbaycanın “diplomatik uğuru” kimi qələmə verir. Halbuki səsvermənin nəticələrinə diqqət yetirsək görərik ki, Islam Konfransı ölkələri istisna olmaqla heç bir dövlət Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verməyib. Politoloq Zərdüşt Əlizadənin də fikrincə, rəsmi təbliğatda BMT-dəki səsvermənin nəticələriylə bağlı söylənilənlər reallığa uyğun deyil: - BMT-də Azərbaycanın ərazi bütövlüyülə bağlı keçirilən müzakirələr ikinci Lissabon sammitidir. O vaxtı Lissabonda da Azərbaycanın ərazi bütövlüyü rəsmi sənədlərdən çıxarıldı. Indi də BMT-də qəbul edilən qətnamənin mənası sıfra yaxındır. Son on ildə dünyada baş verən hadisələr göstərir ki, beynəlxalq hüquq get-gedə öz əhəmiyyətini itirir və dünyda hər şeyi qüvvələr nisbəti həll edir. Buna bariz nümunə kimi Kosovonu göstərmək olar. Ona görə də Azərbaycan hakimiyyəti beynəlxalq hüquq müstəvisində guya əldə etdiyi qələbəni şişirdib xalqa yedirmək əvəzinə, Qarabağ problemini gerçəkdən həll etmək üçün lazimi, zəruri olan tədbirlər görməlidir. Amma hakimiyyət bunda maraqlı deyil. “BMT-dəki səsvermənin nəticələri Azərbaycan üçün biabırçıdır” - BMT-dəki müzakirələri Lissabon sammiti ilə müqayisə etdiniz. Hakimiyyətin Lissabon sammitiylə bağlı yürütdüyü yanlış təbliğatın sonralar biz acı nəticələrini gördük. Bəs BMT-dəki son müzakirələrlə bağlı aparılan təbliğatın hansı fəsadları ola bilər? - Lissabon sammitinin əsas fəsadı ondan ibarət oldu ki, Azərbaycan xalqı iki il müddətində əldə olunmamış qələbəni bayram etməyə başladı. Nəticədə Qarabağ üçün görülməli olan işlərdən diqqət yayındırıldı. Indi də BMT-nin qətnaməsinin eyni cür bayram edilməsi Qarabağ münaqişəsinin mahiyyətindən bizi uzaqlaşdırır. Bu isə addım-addım işğal altında olan torpaqların bizdən alınması deməkdir. Hakimiyyət elə təsəvvür yaratmağa çalışır ki, Ilham Əliyev və Elmar Məmmədyarov Qarabağın Azərbaycana qaytarılması uğrunda böyük işlər görüblər. Əslində isə bunların heç biri həqiqətə uyğun deyil. - Xarici Işlər Nazirliyinin sözçüsü bəyan edir ki, Azərbaycan tərəfi BMT-dəki səsvermə nəticəsində bitərəf qalmış və ya ərazi bütövlüyümüzün əleyhinə çıxan dövlətlərə qarşı fərqli siyasət yürüdəcək. Sizcə, bu adi bəyanatdır, yoxsa həqiqətən də Azərbaycan hakimiyyəti həmin dövlətlərə qarşı real addımlar atacaq? - Məgər Azərbaycanın belə bir addım atmağa imkanı var? Bu bəyanat Molla Nəsrəddinlə bağlı məşhur bir lətifəni xatırladır: “Molla Nəsrəddin bir gün xurcununu itirir. Sonra gəlib kənd əhlinə deyir ki, xurcunumu tapmasaz, mən bilirəm nə edəcəm. Mollanın xurcunu tapılandan sonra ona sual verirlər ki, bəs xurcun tapılmasaydı, nə edəcəkdin? O da deyir ki, təzə xurcun tikəcəkdim”. Azərbaycanın BMT-dəki müzakirələr zamanı bitərəf qalmış 100 və əleyhinə səs verən 8 ölkəyə qarşı heç bir təsir imkanları yoxdur. Əgər həqiqətən də Azərbaycanın bu ölkələrə təsir etmək imkanı varsa, elə ondansa əsas problemi olan Qarabağı həll etsin. Azərbaycan hakimiyyəti öz xalqına qarşı müharibə apara bilər, onun hüquqlarını kobud şəkildə tapdalayaraq, onu əzə bilər. Amma Azərbaycan hakimiyyəti ölkədən kənarda heç nəyə qadir deyil. “Qarabağda neft olsaydı, bəlkə hakimiyyət torpaqlarımızın azadlığı üçün çalışardı” - Hakimiyyət rəsmiləri dəfələrlə bəyanatlarında qeyd ediblər ki, Qarabağ probleminin həlliylə bağlı ATƏT-in Minsk Qrupundan başqa ayrı müstəvidə işlərin görülməsinə ehtiyac yoxdur. O zaman BMT-də Qarabağla bağlı müzakirənin təşkilinə nə ehtiyac var idi? - BMT-də qəbul olunan sənəd bəlkə də real nəticələr verərdi, əgər səsvermənin nəticələri bu cür biabırçı olmasaydı. - Hakimiyyət rəsmilərinin özlərinin etirafına görə, onlar BMT-də səsvermənin nəticəsində həmsədr ölkələrin bitərəf qalacağı gözləyirlərmiş. Amma həmsədr ölkələrin səvermədə Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs vermələri bir növ sürpriz olub. Əgər Fransa, Rusiya və ABŞ-ın bu məsələylə bağlı mövqeyi əvvəlcədən məlum idisə, nəyə görə Azərbaycan müzakirənin keçirilməsində israr edib? - Bu müzakirələr hakimiyyətə təbliğat üçün lazım idi. Guya hökumət Qarabağ üçün əlindən gələni edir. Artıq 15 ildir ki Əliyevlər rejimi Azərbaycan xalqını əzməklə, onun mənəviyyatını pozmaqla məşğuldur. Hakimiyyətə Qarabağ lazım deyil. Yox əgər Qarabağda da neft olsaydı, bu olardı başqa məsələ. O zaman bəlkə hakimiyyət Qarabağın azadlığı üçün çalışardı. Amma təəssüf ki, Qarabağda neft yoxdur...
Xəyal Şahinoğlu
("Azadlıq" qəzeti)
Əvvəlki məqalə: Mirzə Xəzər: “Milləti millət edən qandakı qüdrətdi, Baba”
Sonrakı məqalə: Nihad: Ölkədə nə qədər işsiz var? Və yaxud yalançının yaddaş problemi
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3273
