Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Nihad: Ölkədə nə qədər işsiz var? Və yaxud yalançının yaddaş problemi

Mirzə Xəzər 25 Mar 2008

no comments

nihad

Ötən ilin yekunlarına görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 milyon 295,2 min nəfər olub və bunun 4 milyon 10,5 min nəfərini məşğul əhali təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən “APA-Economics” məlumat yayıb. 2007-ci ilin yanvar-noyabr aylarında ölkənin müəssisə və təşkilatlarında muzdla çalışan işçilərin siyahı sayı 1 milyon 363,5 min nəfər olub. Onların 852,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 456,5 min nəfəri isə qeyri-dövlət bölməsində işləyib. Muzdla işləyənlərin 20,8 faizi istehsal sahələrində, 13,3 faizi sənayedə, 4,7 faizi tikintidə, 2,8 faizi kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olublar. Beləliklə, hökumətin bizə təqdim etdiyi rəsmi statistikadan bəlli olur ki, əmək qabiliyyətli əhalinin 285 min nəfəri və yaxud 6,7 faizi işsizdir. Həmin mənbənin bir qədər əvvəl yaydığı başqa bir açıqlamada isə bildirilirdi ki, 2003-cü ildən - yəni Ilham Əliyev prezident kimi fəaliyyətə başlayandan indiyə kimi Azərbaycanda 640 min yeni iş yeri açılıb. Bu rəqəmin üstünə 285 mini də əlavə etsək, onda bəlli olur ki, 2003-cü ildə Azərbaycanda 925 min nəfər işsiz olub. 2003-cü ilin sentyabrında prezidentliyə keçmiş namizəd (indiki prezident) Ilham Əliyev seçki kampaniyası dövründə seçicilərə bildirmişdi ki, ölkədə 600 min nəfər işsiz var və yaxın 5 ildə Azərbaycanda 600 min iş yeri açılacaq. Sonradan bir neçə dövlət qurumu (Nazirlər Kabineti, Iqtisadi Inkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) bu göstəricini rəsmən təsdiqlədi. Əgər 5 il öncə Ilham Əliyevin dediyi rəqəmi ciddi qəbul etsək, onda belə çıxır ki, ölkədə 640 min yox, 355 min iş yeri açılıb. Təbii sual ortaya çıxır: Bəs yeni iş yeri kimi təqdim edilən 285 min iş yeri harda açılıb? Yox əgər 2003-cü ildən üzü bəri 640 min iş yerinin açıldığını ciddi qəbul etsək, onda belə çıxır ki, 2003-cü ildə Azərbaycanda 600 min yox, 925 min işsiz olub. Başqa sözlə desək, qaçqınların sayı qədər də ölkədə işsiz olub. Təbii sual ortaya çıxır: ölkədə 2003-cü ildə 925 min işsiz olubsa, rəsmi qurumlar niyə bu göstəricini 35 faiz azaldaraq 600 min işsizin olduğunu bildiriblər? Təbii ki, bu suallar ritorik xarakterik daşıyır. 2003-cü ildə də, indi də hakimiyyət rəqəmləri saxtlaşdırmaqla məşğuldur. Sadəcə yalançının yaddaşı olmur. Bu rəqəmlər arasında yeganə reallığa uyğun gələni budur ki, 2003-cü ildə həqiqətən də Azərbaycanda işsizlərin sayı 925 min nəfər, bəlkə də daha çox olub. Və bu problem indiyə qədər çözülməyib. Azərbaycanda işsiz problemi bu gün 5 il əvvəlkindən daha aktualdır. Az-çox açılan yeni iş yerlərinin fonunda mövcud iş yerlərinin qapadılması daha sürətlə gedir. Bu da inhisarların aktivləşməsi, kiçik və orta biznesin sıxışdırılması ilə bağlıdır. Rəsmi statistika isə problemin çözülməsinin çox asan və kəsə yolunu “tapıb”: Rəqəmləri saxtalaşdırmaqla guya işsizlik probleminin lokallaşdırıldığını subut etməyə çalışırlar. Əgər Azərbaycanda 640 min yeni iş yeri açılıbsa, hər gün yüzlərlə vətəndaş ölkəni niyə tərk edir? 640 min yeni iş yerinin açılması ilə bağlı gurultulu bəyanatlar verən irili-xırdalı bütün məmurlar bu sadə sualın qarşısında miskin məxluqlar kimi görünür. Əslində görünmürlər, bu, məhz belədir.

Nihad

("Azadlıq" qəzeti)


Əvvəlki məqalə: Zərdüşt Əlizadə: «Azərbaycan hakimiyyəti ölkədən kənarda heç nəyə qadir deyil»

Sonrakı məqalə: Eynulla Fətullayev aclıq aksiyasına başlayır

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3274

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin