Mirzə Xəzər: “Milləti millət edən qandakı qüdrətdi, Baba”
Yazmayan üçün yazmaq dərddir. Yazan üçün yazmamaq böyük dərddir. Düşünməyən üçün düşünmək zillətdi. Düşünən üçün düşünməmək böyük zillətdi. Əyri yazan üçün düz yazmaq cəzadır. Düz yazan üçün əyri yazmaq işgəncədir. Astarada Heydər Əliyev
muzeyi tikilir. Tikinti işlərinə 400 min manat vəsait xərclənəcək. Azərbaycanın hər bir şəhər və qəsəbəsində olimpiya komplekslərinin tikildiyini yada salsaq, muzey
inşaatının da tezliklə bütün şəhər, rayon və qəsəbələri əhatə edəcəyini indidən təxmin etmək mümkündür. Olsun. Azərbaycan varlı dövlətdi. Rusiyanın Ulyanovsk şəhərində Heydər Əliyevin heykəli qoyulacaq. Qeyri-adi bir xəbər deyildir. Heydər Əliyevin heykəlləri çoxdandır Azərbaycanın hər yerini bürüyüb sərhədləri aşmışdır. Bu da olsun. Azərbaycan zəngin məmləkətdi. Şair Şərahil “kənd-kəsək, çarğı-bazar abidədir, bütdür Baba” deyə yazanda məhz bunu nəzərdə tutmuşdur. Göründüyü kimi, Azərbaycanı idarə edən rejim
cansız heykəllər məsələsində çox əliaçıq və comərddir. Və aydındır ki, rejimin comərdliyi neft gəlirlərindən qidalanır. Yəni rejim öz şəxsi vəsaitini xərcləmir. Neft, şübhəsiz, böyük sərvətdir. Nigeriya da neft ölkəsidir. Nigeriya da neftdən milyardlar qazanır. Azərbaycanda neft canfəşanlığı 1994-cü ildə başlanıbsa, Nigeriyada 1970-ci ildən bəri davam edir. Beynəlxalq Valyuta Fondunun apardığı tədqiqata əsasən, 1970-2000-ci illəri əhatə edən müddətdə, yəni 30 il ərzində Nigeriya neftdən 350 milyard dollar qazanc
əldə etmişdir. Məsələyə məntiqlə yanaşılsa bu qədər qazanc əldə edilən ölkədə əhalinin firavanlıq şəraitində xoşbəxt həyat sürdüyünü düşünmək doğru olardı. Ancaq neft canfəşanlığı dövrünü yaşayan ölkələrdəki vəziyyətə məntiqlə yanaşmaq yanlışlıqdır. Belə ki, Beynəlxalq Valyuta Fondunun tədqiqatəna görə, neft canfəşanlığının başlandığı 1970-ci ildə Nigeriyada ümumi əhalinin 36 faizi yoxsul idisə, 2000-ci ildə yoxsulların sayı 70 faizə çatmışdır. Deməli, avtoritar rejimin hakimiyyəti altında inildəyən Nigeriyada
neft gəlirləri artdıqca yoxsulların sayı da artmışdır. Bəs Azərbaycan? Azərbaycanı Nigeriya ilə müqayisə etmək böyük səhvdir. Nə üçün səhvdir? Ona görə ki, Nigeriya Afrikada, Azərbaycan Qafqazda yerləşir. Misal üçün, neft satışı nəticəsində Azərbaycanın qazancı artdıqca, Bakıda göydələnlərin sayı çoxaldıqca qonşu Rusiyaya qeyri-qanuni yolla gedib orada ağır işlərdə işləyərək çörək pulu qazanan yoxsul azərbaycanlıların sayı durmadan artır. “Day.Az” saytnda dərc olunan məlumata baxılsa, yalnız Rusiyanın ikinci
böyük şəhəri olan Sankt-Peterburqda 200 min nəfər azərbaycanlı əmək miqrantı vardır. Müqayisə üçün deyək ki, eyni məlumata görə, Sankt-Peterburqa gələn yoxsul erməni əmək miqrantlarının sayı 25 min nəfərdir. Şərhə ehtiyac görmürük. Hər şey göz qabağındadır. Açıq-aydın görünür ki, Nigeriya ilə Azərbaycan arasında oxşarlıq ümumiyyətlə mövcud deyildir. Nigeriyalı yazıçı Çinua Açebe 1983-cü ildə yazırdı: “Nigeriya cəmiyyətinin bütün laylarını və təbəqələrini korrupsiya bürüyüb. Bir dövlət məmuru vəziyyətə belə yekun
vurur: “Uşağını məktəbə göndərmək üçün rüşvət verməlisən. İş tapmaq üçün rüşvət verməlisən. İşi tapandan sonra onu əlində saxlamaq üçün rüşvət verməkdə davam etməlisən. Hər bir biznes kontraktı üçün layihənin qiymətinin 10 faizini rüşvət verməlisən. Vergi verməmək üçün vergi məmuruna rüşvət ödəməlisən. Xəstəxanada xəstəyə yaxçı baxılsın deyə həkimə və yaxud tibb bacısına rüşvət verməlisən. Və həbsdən canını qurtarmaq üçün polis nəfərinə rüşvət ödəməlisən. Bu siyahının axırı yoxdur.” Göründüyü kimi, nigeriyalı
yazıçının dediklərinin Azərbaycana ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Çünki, Azərbaycan Nigeriya deyildir. Bəli, əziz oxucu, yazmayan üçün yazmaq, yazan üçün yazmamaq böyük dərddir. Şair Şərahilin bu misrası da dərddən irəli gəlir:
“Ədalət rüşvət ilə, həqqi-salam rüşvət ilə
Bu düzən şər düzəni, millətə zillətdi Baba
Qazisi çörəyə möhtac, satqını xani-vəzir
Yaltağı başlara tac, ayrı bir illətdi Baba”
Mirzə Xəzər
25.03.2008
Əvvəlki məqalə: Güney Azərbaycan məhbuslarının müdafiəsinə Stokholmda mitinq keçirilib
Sonrakı məqalə: Zərdüşt Əlizadə: «Azərbaycan hakimiyyəti ölkədən kənarda heç nəyə qadir deyil»
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3275