“Buna yalnız «Pirr qələbəsi» demək mümkündür»
«Azadlıq» bloku Azərbaycan iqtidarının BMT-də qəbul olunmuş qətnamə ətrafında yaratdığı hay-küyə qiymət verdi Bəlli olduğu kimi, ötən həftənin sonlarında BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət barədə” qətnamə qəbul olunub. Sənəd müzakirəyə Azərbaycan tərəfin təşəbbüsü ilə təqdim olunub və əsasən ərazi bütövlüyümüzün tanınması, Ermənistan hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən çıxarılması haqda müddəalardan ibarətdir. Rəsmi təbliğat artıq neçə gündür ki, 39 dövlət lehinə, 7 əleyhinə, 100 bitərəf olmaqla qəbul olunan bu qətnaməni Azərbaycan iqtidarının Qarabağ siyasətində ciddi qələbəsi kimi təqdim edir. Eyni zamanda açıq şəkildə qətnamənin qəbuluna qarşı çıxıb onun əleyhinə səs verən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini tənqid hədəfinə çevirib. Yaranmış vəziyyətlə bağlı bəyanat yayan “Azadlıq” siyasi bloku isə Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş ərazi bütövlüyünü şübhə altına alan dövlətlərin tənqidə layiq olduğunu bildirməklə yanaşı, rəsmi Bakının bu sənədi qələbə kimi təqdim etməsini xalqı aldatmaq cəhdi sayır. Blok səsvermənin nəticələrini xatırlatmaqla bildirir ki, dünyanın, Ermənistan xaric olmaqla, 6 dövləti açıq şəkildə, 100 dövləti bitərəf qalmaqla, 46 dövləti isə səsvermədə iştirak etməməklə Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edibsə, qələbədən danışmaq yersizdir. Bəyanat müəliflərinin fikrincə, “buna yalnız ”Pirr qələbəsi" demək mümkündür".
Blok müqayisə üçün 1992-93-cü illərdə BMT Təhlükəsizlik Şurasında ərazi bütövlüyümüzün tərəddüdsüz tanındığı, erməni qoşunlarından işğal etdikləri əraziləri dərhal boşaltmağın tələb olunduğu dörd qətnamənin qəbul edildiyini yada salır və vurğulayır ki, indiki sənədi TŞ-nin daimi üzvlərindən biri də dəstəkləməyib. Bundan başqa, bəyanat müəlliflərinə görə, ərazi bütövlüyümüzün tanınması ilə bağlı BMT Baş Assambleyasının bunaqədərki müzakirələrinin heç birində Azərbaycan belə uğursuz nəticəylə üzləşməyib. “Ən acınacaqlısı odur ki, ərazi bütövlüyümüzü tanımaqdan imtina edənlər Azərbaycanda iri iqtisadi layihələr həyata keçirən, neft-qaz kontraktlarında iştirak edən dövlətlərdir. Bu isə həm də onu göstərir ki, Azərbaycan iqtidarının indiyədək ”uğurlu neft strategiyası" barədə dedikləri, “neft əvəzinə Qarabağ” tezisi yalançı təbliğat ritorikasından, xalqı aldatmaqdan başqa bir şey olmayıb. Səsvermənin yekunları göstərir ki, Azərbaycan dünya dövlətləri içərisində mövqeyini getdikcə itirir. Bunun məsuliyyəti isə özünün avtoritar xisləti və səhv siyasəti ilə ölkəmizi izolyasiyaya sürükləyən Azərbaycan iqtidarının üzərinə düşür.
Məhz hakimiyyətin daxili və xarici siyasətdə tutduğu yanlış mövqenin nəticəsidir ki, Azərbaycan dünyada ona dost dövlətlərin sayını artırmaq əvəzinə, ildən-ilə dostlarını itirməklə məşğuldur", - deyə bəyanatda bildirilir. Blok hesab edir ki, Azərbaycanın haqlı mövqeyinin dünyanın daha böyük və əhəmiyyətli hissəsi tərəfindən müdafiəsinə nail olmaq üçün ölkə daxilində demokratik islahatlar aparılmalı, söz azadlığı, insan haqları, siyasi və mülki hüquqlar qorunmalı, həqiqi vətəndaş sülhü və milli birlik bərqərar olmalı, xarici siyasətdə isə Avroatlantik məkana real inteqrasiya xətti seçilməlidir. Bəyanat müəllifləri Azərbaycan hakimiyyətini bu baxımdan üzərinə düşən məsuliyyəti dərk etməyə, yalançı təbliğatdansa gerçək işlərlə məşğul olmağa çağırır. Blok həmçinin, Azərbaycan xalqını təhlükənin miqyasını dərk etməyə, rəsmi təbliğatın saxta tezislərinə aldanmamağa, istənilən an öz iradəsini nümayiş etdirməyə hazır olmağa səsləyir.
("Azadlıq" qəzeti)
Əvvəlki məqalə: Elxan Şahinoğlu: AZƏRBAYCANI MÜDAFİƏ EDƏNLƏR AZALIR
Sonrakı məqalə: Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsinin yeni bəyanatı
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3258