Qan Turalı: ANS efirində urapatriotizm sədaları
Avtoritar televizyonçuluğa rekviyem
Zamin Hacı bir dəfə yazmışdı ki, ANS-in hər ayın başı vətənpərvərlik damarı tutur. Keçən bazar də ayın başına təsadüf edirdi. Mirşahin kimlərəsə verdiyi hesabatında yenə də urapatriotizm sədalari səsləndirdi. Əlbəttə, vətənpərvərlik böyük hissdir, bu hissi daşımağına görə istənilən adam tənqid etmək olar. Amma eyni şəkildə vətənpərvərlik hissinin manipulyasiya aləti olduğunu söyləmək də mümkündür. Özü də vətənpərvərlik haqqında danışanlar əzici çoxluğu bu işin manipulyasisı ilə məşğuldurlar. Vaxtilə L.N.Tolstoy yazmışdı: “vətənpərvərlik əclafların sonuncu sığınacağıdır”. Urapatriotizm yoxsa həqiqi vətən sevgisi Biz bu gün Qarabağ savaşını uduzmuşuq. Torpaqlarımız işğal altındadır. Bunu hamı bilir. Lakin biz müharibəyə hazırıqmı? Sülh danışıqlarında doğrudanmı Azərbaycanın parçalanması müzakirə edilmir? “Azadlıq”ın öncüsü olduğu demokratik mətbuat ordu haqqında yazır, televiziyaların efirə verə bilmədiyi məqamları nəzərdən keçirir. “Azadlıq” qəzeti bir neçə ay bundan əvvəl ordunun aldığı ətlərdə korrupsiyadan yazmışdı və buna görə Müdafiə Nazirliyi tərəfindən məhkəməyə cəlb olunub cərimələndi. “Azadlıq” və digər qəzetlər belə hallarla dəfələrlə üzbəüz qalıblar. Biz yaxşı bilirik ki, mənşəyi bəlli olmayan əti yeyən əsgər gecəni növbədə keçirəndə heç də tox və sağlam olmayacaq. Başqa bir misal. Bu yaxınlarda Azərbaycan Silahlı qüvvələrinə məxsus olan MIQ 29 vertolyotu qəzaya uğradı. “Azadlıq” qəzeti faktın üzərinə getdi, vertolyotun köhnə olduğunu və onun alınmasında ciddi maxinasiyalara yol verildiyini cəmiyyətə açıqladı. Həlak olmuş zabitlərimizin cəsədlərinin tapılmamasına görə əlaqədər qurumları ilk növbədə isə Müdafiə Nazirliyini kəskin şəkildə tənqid etdi. Amma ANS bu zaman neynirdi? Bir neçə gün eyni kadrları göstərib “axtarış davam edir” dedi. Sual olunur: Kimdir həqiqi vətənpərvər? Sabah müharibə olsa o vertolyot düşmənin üzərinə getməli idi. ANS ofisindən bir neçə kilometr aralıda qəzaya uğrayan vertolyot uçub xüsusi bir süjet də hazırlamadı. Atəşkəs haqqında Bişkek sazişi imzalanandan sonra düz 5 min əsgər itirmişik. Onların əksəriyyəti ordudakı “dedovşina” adlandırılan nizamnamədən kənar hərəkətərin qurbanı olub. Yüzlərlə əsgər özünü öldürmək həddinə çatdırılıraq intihar edib. Orduda əsgərləri ulaq yerinə arabaya qoşurlar. Seksual zorakılıqdan tutmuş işgəncənin ən iyrənc formalarına qədər hallara bizim orduda rast gəlmək adi işdir. Bu yaxınlarda Ağır Cinayətlər üzrə məhkəmədə əsgəri minən çavuşun məhkəməsi gedirdi. Amma biz bu haqda ANS-də bir süjet də görmədik. Minilən əsgər öz vətənini və ordusunu necə sevə bilər? Bu faktları biz ANS televiziyasında görmürük, mətbuatdan oxuyuruq. Kimdir həqiqi vətənpərvər? Ordudakı real vəziyyəti göstərən “Azadlıq”mı, yoxsa “döyüş alnımıza yazılıb” deyərək Azərbaycan ordusu haqqında bütün gerçəkləri gizləyən, Azərbaycan əsgərini tox, şən, ən müasir təchizatlı göstərən ANS-mi? Bu gün ordudakı korrupsiyanı, dedovşinanı gizlədən, bütün bunları çəkib efirə verə bilməyən, amma əvəzində “Ya Qarabağ ya ölüm” kimi boğazdanyuxarı və cahil xalqın milli duyğularını istismar edənlərin gördüyü işin bircə adı var. Bu ad da urapatriotizmdir. Tarixdə bunun nümunələri çoxdur. Elə siyasətdə də Qarabağ və Güneydən başqa danışmağa sözü olmayanların kimlərə xidmət etməsini görmüşük. Səngərdən reportaj Mirşahinin səsləndirdiyi süjetdən sonra qonaq qismində Vahid Mustafayev danışmağa başladı. Onun arqumentləri isə bayağılıq və urapatriotizm cəhətdən daha maraqlı idi. Vahid Mustafayev Müdafiə nazirliyindən informasiya almağın əleyhinə çıxdı və ANS həmişə səngərlərdə olub dedi. (Biz MIQ 29 məsələsini yenidən xatırlayıb yazımıza davam edirik.) Və bizi cəbhə xəttinə çağırdı. Hər şeydən əvvəl informasiya vermək Müdafiə nazirliyinin vəzifəsidir. Bunu peşəkar jurnalistika ilə məşğul olan hamı bilir. Çünki jurnalist Vahid Mustafayevin dediyi kimi, səngərdən reportaj hazırlaya bilməz. Misal verək ki, tam aydın olsun. Tutalım ki, Azərbaycan Silahlı qüvvələri xüsusi əməliyyat hazırlayır. Bu zaman isə jurnalist bundan xəbər tutub onu qəzetə yollayır. Düşmən isə əməliyyatdan xəbər tutur, bununla da əməliyyat pozulur. Indi sual olunur: burda günahkar kimdir? Bunlar jurnalistikanın ən adi məsələləridir. Jurnalist öz ordusunun informasiyalarını casus kimi toplamamalıdır. Ordu mətbuat üçün ən ciddi sahə sayılır. Bu yaxınlarda türk qoşunları Iraqa qoşun yeridəndə Ali Qərargah mətbuatdan etibarlı mənbə əsasında informasiya yaymamağı xahiş etdi və bu xahişə əməl olundu. Vahid Mustafayev özü məlumat toplamaqdan danışdı, 50 erməninin öldürüldüyünü də dedi. Lakin hardan idi bu informasiya? Jurnalistika prinsipləri baxımından informasiyanın qaynağının göstərilməsi ciddi məsələdir. Amma havadan alınan, ya da kabinetdə istehsal olunan bir informasiya ilə xalqı aldatmaq, “bizim ordumuz güclüdür” tezisini beynilərə yeritmək absurddur. Bunun adı müstəqil jurnalistika deyil, bunun adı totalitar jurnalistikadır. Onların əsas fərqi isə budur: müstəqil jurnalistikanın məqsədi cəmiyyəti balanslı xəbərlə təmin etməkdirsə, totalitar jurnalistikanın hədəfi ideologiya naminə faktları təhrif edərək xalqın beynini bilərəkdən ideologiya ilə çirkləndirməkdir. Biz birincini edirik. Bəs siz? Üzeyir Cəfərova tənə nəyə xidmət edir? Biz Üzeyir Cəfərovu hər zaman ordu haqda ciddi məlumatları mətbuata açıqlayan görmüşük. Üzeyir bəy ordudakı real vəziyyətin işıqlandırılması baxımından min kanaldan da çox ciddi iş görüb. Lakin indi o da ANS-in tənəsinə tuş gəlir. Arqumentin cılızlığına bir baxın: Üzeyir bəy Müdafiə nazirliyini döyüşlər haqda düzgün məlumat verməməkdə qınayıb. Təkrar olsa da deyirik ki, ordu haqqında düzgün informasiya yaymaq Müdafiə Nazirliyinin borcudur. ANS-in borcu isə Üzeyir Cəfərova efir verib onun ordu haqqındakı faktlarını ictimaiyyətə çatdırmaqdır. Amma kanal həqiqəti deyənin yox, onu gizlədənin tərəfindədir. Üzeyir Cəfərov keçən ilin aprel ayında fiziki təzyiqə məruz qaldı. Ordumuzun ehtiyatda olan polkovniki armaturla ağır yaralandı. Cinayət işi bu günə qədər açılmayıb. Bu barədə ANS kanalı bircə cümləlik də xəbər vermədi. Zabitə qarşı bu təzyiqin ört-basdır edənlərlə telekanalın fərqi nədədir? Üzeyir bəy yüksək rütbəli zabit olmaqdan əlavə həm də jurnalistdir. Kim öz işini görmür? Amma Qarabağ əlilini məhkəməyə verib onun əlillik pensiyasını alanlardan hər şey gözləmək olar. Totalitar rejimin televiziyası Azərbaycanda son iki ildən başlayaq avtoritar rejimin rüşeymlərinin də dağıdılması prosesləri getməkdədir. Azərbaycan mətbuatını siyasi rejimlərin tipologiyasını əsas tutub üç yerə bölmək olar. Məlumdur ki, əsasən üç siyasi rejim var: totalitar. avtoritar, demokratik rejimlər. Rəsmi dövlət qəzetləri tam totalitardır. Bu qəzetlər əsasən rəsmi xronika, regionlar haqqında bəlağətli inkişaf məqalələri və müxalifət haqqında 37-ci il tezisləri əsasında məqalələr dərc edir. Özünü müstəqil adlandıran qəzetlər isə avtoritar rejim mətbuatına ən yaxşı nümunə sayıla bilərlər. Onlarda həm müxalifət, həm də də hökumətlə bağlı informasiyalar verilir. Lakin onların işi ancaq informasiya verməkdir. Onlar cəmiyyətin heç bir problemi haqqında yazmırlar. Dördüncü hakimiyyət olmağa cəhd göstərmirlər. Demokratik mətbuat isə məlumdur. ANS kanalı televiziyalar arasında avtoritar olan yeganə kanal idi. Lakin 2006-cı ildə kanal bağlandı və üstündən heç bir ay keçməmiş yenidən açıldı. Amma ayrı prinsiplə. O biri televiziyalar isə efirlərini boz təbliğat və bayağı şoularla doldururdular. ANS kanalının bağlanmasından əvvəl əsasən “prezident yaxşıdır, hökumət yaxşıdır, icra başçılar da pis deyil, amma su, qaz, kanalizasiyaya məsul məmurlar yaramazdır” tezisini tirajlayırdı. Açıldıqdan sonra isə telekanal öz üzərinə iyrənc bir missiya götürüb. Əvvəlki nüfuzundan istifadə etməklə demokratik müxalifəti və mətbuatı şərləmək, onu “xalq düşməni”, “vətən xaini” kimi Prezident Aparatından gələn damğalarla vurmaq ANS-in bu günkü siyasəti hesab oluna bilər. ANS-in metamarfozası hakimiyyətin mətbuatı əzmək planının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Lakin ciddi bir şübhəmizi də ANS-in mahiyyəti haqqında fikir kimi səsləndirməyi özümüzə borc bilirik. Məsələ bundadır ki, hakimiyyət müxalifətə qarşı nisbətən loyal yanaşdığı dövrlərdə ANS də bu tövrü sərgiləyib. Amma hakimiyyətin sıraları azalıb seyrələn müxalifəti əzmək planı ortaya çıxanda ANS-in də bu “şeytan ansanbl”ına böyük həvəslə qoşulduğunu da biz gördük. ANS bağlananda həmkarımız Mustafa Hacıbəyli yazmışdı ki, ANS ölkə başçısını istedadla təbliğ edən yeganə kanal idi. ANS-in efir siyasətinin bozlaşması Hakimiyyət ANS-in manevr imkanlarını məhdudlaşdırıb. Mirşahin “Azadlıq” qəzetinAi informasiya yaymamaqda ittiham edir. Lakin adicə bir fakta nəzər salaq. Müstəqil qəzetlərin istənilən birini götürək. Qənimət Zahid həbs olunan gündən mütəmadi olaraq onunla bağlı informasiyalar verirlər. Eləcə də digər qəzetlər. Mətbuatın gündəminə çevrilən və əks-sədası aylardır sürən bir həbsi - Qənimət Zahidin həbsi haqqında ANS bircə cümləlik xəbər də vermirsə, onda hansı xəbər siyasətindən danışır? Eyni susqunluğu biz Mirzə Sakitlə bağlı müşahidə etdik. Eynulla Fətullayevin məsələsi isə tamam ayrı məsələdir. Belə ki, Tatyana Çaladzenin həmin o absurd ittihamını ANS aylar öncədən səsləndirməyə başladı və indi məhbus olan baş redaktora qarşı uzunmüddətli təbliğat apardı. Və elə bu qondarma ittihamla - erməni mənafeyinə xidmət etmək ittihamı ilə Fətullayev həbs olundu. Bir daha xatırladaq ki, ANS-in ittihamları və arqumentləri AzTV və Lider ilə müqayisədə daha yaxşı hazırlanır. Lakin arxasında həqiqət durmayan istənilən arqument cılızdır. Buna görə də Mirşahin Ağayevin bütün ittihamları göydə qalır. Palçıqla günəşi suvamaq istəyən boz suvaqçıları 2008-ci il seçkilərində daha ciddi işlər gözləyir. Amma biz də onları gözləyirik. Çünki onlardan fərqli olaraq deməyə sözümüz çoxdur.
(Azadlıq qəzeti)
Əvvəlki məqalə: DİPLOMATİK MİSSİYALARIN NÜMAYƏNDƏLƏRİ YARALI JURNALİSTƏ BAŞ ÇƏKİB
Sonrakı məqalə: «AZƏRBAYCANIN İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİNDƏ VƏZİYYƏT» BARƏDƏ QƏTNAMƏ QƏBUL OLUNDU
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3254