Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

DİPLOMATİK MİSSİYALARIN NÜMAYƏNDƏLƏRİ YARALI JURNALİSTƏ BAŞ ÇƏKİB

Mirzə Xəzər 14 Mar 2008

no comments


2008-03-14 - 20:26:00


«Belə əməllər inamsızlıq və qorxu atmosferi yaradır. Biz çox narahatıq ki, Azərbaycanda jurnalistlər belə şəraitdə işləmək məcburiyyətində qalır». Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Robert Zessner «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilə dünənki basqını jurnalistlərə şərh edərkən belə deyib. Zessner sözlərinə görə, Almaniya səfiri Per Kristofer Stankina bu işlə xüsusi maraqlanır.


Bu gün jurnalistə Norveçin Azərbaycandakı səfiri Yon Ramberq də baş çəkib. O, jurnalistlərlə söhbətində Azərbaycan hakimiyyətinin bu cinayəti törədənləri taparaq cəzalandıracağına ümid etdiyini bildirib.


ATƏT-in Bakı ofisinin işçisi Marko Roçça da A.Xəlilə baş çəkəndən sonra jurnalistlərə açıqlama verib: «Biz baş verənlər haqda tam məlumatlandırılmışıq. Fevralın 22-də jurnalistə basqından sonra onunla bağlı bütün hadisələri diqqətlə izləyirik. Təəssüf ki, bizim çoxsaylı çağırışlarımıza baxmayaraq jurnalistə basqın etmiş şəxslər indiyədək həbs olunmayıblar».


Roçça jurnalistə dünənki basqından sonra bu şəxslərin, nəhayət ki, həbs ediləcəyinə və məhkəmə qarşısında duracaqlarına ümid bəslədiyini vurğulayıb: «Jurnalistə son basqın çox ağır hadisədir və ümid edirik ki, hökumət buna layiqincə diqqət yetirəcək».


Bu gün Avropa Şurası Bakı ofisinin nümayəndələri də xəstəxanada olublar.

Dünən iş yerindən çıxıb evə gedərkən Bakı Apellyasiya Məhkəməsinin yaxınlığında dörd naməlum şəxsin hücumuna məruz qalıb bıçaqlanan «Azadlıq» qəzetinin reportyoru Aqil Xəlil hazırda Kliniki Tibbi Mərkəzdə müalicə alır.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma) cinayət işi açılıb. Baş prokurorun göstərişi ilə fakt üzrə başlanan cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsi İstintaq İdarəsinin icraatına verilib.

Bu il fevralın 22-si saat 17 radələrində Bakıdakı 6-cı mikrorayon ərazisindəki Zeytun bağında A.Xəlil bir qrup şəxsin hücumuna məruz qalmışdı. Həmin vaxt ağac kəsən şəxslərin şəklini çəkməyə cəhd edən jurnalistin barmağını sındırmışdılar. Jurnalist onu döyənlərin iki nəfər olduğunu bildirmişdi.


"Media Forum"

Əvvəlki məqalə: «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil hazırda reanimasiya şöbəsindədir

Sonrakı məqalə: Qan Turalı: ANS efirində urapatriotizm sədaları

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3253

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin