Azərbaycanın Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzi: SUBSİDİYALAR AQRAR SEKTORUN YARASINA MƏLHƏM OLMADI
2008-03-11 - 18:20:00
Ötən il yanvarın 8-də enerji daşıyıcılarının, o cümlədən aqrar sektorda işlək yanacaq növü sayılan dizel yanacağının qiyməti artırıldı. Kənd təsərrüfatı mallarının maya dəyərində dizel yanacağının çəkisinin 14-18 faiz (məhsulun növündən asılı olaraq) aralığında dəyişdiyini nəzərə alsaq, bu artımın aqrar sektorda bahalaşma yaradacağı gözlənilən idi.
Kənd təsərrüfatı məhsullarının bahalaşması taxılın qiymətində özünü büruzə verdi. Taxılın, eləcə də un və un məhsullarının qiyməti 50 faiz bahalaşdı. Hökumət bahalaşmanın qarşısını almaq üçün bir sıra inzibati tədbirlərə əl atsa da, buna nail ola bilmədi. Çünki enerji daşıyıcılarının qiymətinin qalxması taxılın maya dəyərini artırmışdı, bu səbəbdən də hökumətin inzibati tədbirləri uğursuzluğa düçar oldu.
Əgər hökumətin inzibati tədbirləri effekt versəydi, onda ölkə daha bir ciddi problemlə üzləşə bilərdi - bu halda taxıl istehsalçıları və dəyirmanlar ziyanla işlməyə məcbur ediləcəkdi. Bu da öz növbəsində bütöv bir seqmentin - taxıl istehsalçıları və dəyirmançıların iflasa uğrayıb sıradan çıxması ilə nəticələnəcəkdi.
Düzdür, hökumət qiymət artımlarının aqrar sektora gözlənilən mənfi təsirlərini azaltmaq üçün kənd təsərrüfatına 80 milyon manat subsidiya ayırdı və ondan istifadə qaydaları Nazirlər Kabinetinin 2007-ci il fevralın 15-dəki qərarı ilə təsdiqləndi. Ancaq qiymət artımlarının davam etməsi göstərir ki, subsidiyalar ya təyinatı üzrə yönəldilməyib, ya da vəsaitlərdən qeyri-effektiv istifadə edilib.
Nazirlər Kabinetinin qərarına əsasən, kənd təssərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizini dövlət öz üzərinə götürür - hər hektar əkin sahəsinin və çoxillik əkinlərin becərilməsinə görə 40 manat həcmində kompensasiya müəyyən edilir.
Bununla belə, subsidiyaların verilməsində indikatorlar düzgün müəyyən edilməyib. Məsələn, fermerlərə verilən subsidiyanın kənd təsərrüfatının hansı sahəsinə yönəlməsindən asılı olmayaraq hektara görə eyni məbləğ nəzərdə tutulub. Bu məntiqlə yonca əkini ilə məşğul olan fermerlə taxıl əkini üzrə ixtisaslaşan fermerə eyni məbləğdə kompensasiya verilir. Ancaq yonca əkininə çəkilən xərclə taxıla çəkilən xərc arasında çox müqayisəolunmaz fərq var. Birinci az, ikinci çox xərc tələb edir.
Üstəlik, bu məhsulların ölkə üçün əhəmiyyəti də müqayisəolunmazdır. Taxıl istehsalı birbaşa ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı olan məsələdir. Nəhayət, yonca istehsalı taxıl istehsalı ilə müqayisədə çox rentabellidir. Ancaq Nazirlər Kabinetinin sözügedən qərarında bu cəhətlər qətiyyən nəzərə alınmayıb.
Nəticə göz qabağındadır: ötən il aqrar sektora ayrılan 80 milyon manat subsidiya səmərəsiz istifadə edilib və hökumətin proqnozlarının əksinə olaraq kənd təsərrüfatı malları bahalaşmaqdadır.
Digər tərəfdən, hər hektar əkin sahəsinə görə cəmi 40 manat həcmində kompensasiya müəyyən edilməsi də başadüşülən deyil. Yerli fermerlərin real təlabatı fonunda bu məbləğ 2-3 dəfə azdır.
Bu fakt bir daha göstərir ki, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı problemlər hələ qalmaqdadır. Hökumət kənd təsərrüfatını himayəyə götürmək əvəzinə enerji daşıyıcılarının qiymətini artırmaqla bu sektorda vəziyyəti daha da mürəkkəbləşdirir. İnkişaf etmiş ölkələrdə belə (məsələn, ABŞ, Böyük Britaniya, Fransa və başqaları) hökumət kənd təsərrüfatı istehsalçılarına mütəmadi olaraq ünvanlı susbsidiyalar ayırır. Çünki aqrar sektorun dinamik inkişafı ölkənin ərzaq təhlükəsizliyinin əsas şərtlərindən biri, bəlkə də birincisidir. Ancaq çox təəssüf ki, Azərbaycanda bu məsələ hökumət üçün prioritetə çevrilməyib.
Azərbaycanın Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzi
("Media Forum" saytından götürülüb)
Əvvəlki məqalə: Yazıçı Eluca xanım Atalının "Adamdan üstün" kitabı Türkiyədə çapdan çıxıb
Sonrakı məqalə: Letter to the Editor/Opinion: Kosovo Brief
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3246