Yaşar Ağazadə: «Bayılda birinci gün bizi elə bir otağa saldılar ki, dəhşətə gəldim»
“24 nəfərlik kamerada 35 nəfər qalırdıq”
Sonuncu əfv fərmanı ilə azadlığa çıxan jurnalistlərin arasında “Müxalifət” qəzetinin şöbə redaktoru Yaşar Ağazadə də var idi. O, ilk açıqlamasıyla həmkarlarından müəyyən qədər fərqlənmişdi. Yaşar jurnalistlərə məsləhət görmüşdü ki, həbsxanadan qorxmasınlar. Razılaşdıq ki, həbsxana həyatı ilə bağlı bizə müsahibə versin. Danışmağa sözü çox idi. - Həbsxanada olanların bir qismi oranı “məktəb”, digər qismi isə “dəhşət” adlandırır. Bəs sən necə düşünürsən? - Həqiqətən orada müəyyən müsbət və mənfi qaydalar var ki, azadlıqda bu yoxdur. Bu baxımdan türmə həyatını tamam başqa bir həyat hesab edirlər. Dəqiq deyə bilmərəm, “məktəb” sözü bunu ifadə edə bilər, yoxsa yox. Həbsxana deyəndə insanlar həyəcanlanır, narahat olur. Fikirləşirlər ki, orada əzilmə, döyülmə var, insanların hüquqları addımbaşı pozulur. Amma bu, belə deyil. Sadəcə, insanın azadlığının məhdudlaşdırılmasının özü insan həyatı üçün ciddi hadisədir və bu, narahatçılığa səbəb olur. Yəqin, məhz buna görə kənardan həbsxana dəhşətli görünür. Amma yeddi ay yarım məhbəs həyatı yaşamış adam kimi deyə bilərəm ki, dustaqlıq vahiməli bir şey deyil. - Sən də türməni müəyyən mənada “məktəb” sayırsan. Türmə insana nəyi öyrədir ki? - Ilk növbədə dostların saf-çürük olunması baxımından yaxşı bir mərhələdir. Ora düşəndən sonra dostların nə dərəcədə səninlə maraqlanması, lazım olan məqamda köməklik göstərməsi baxımından onlar arasında müqayisə aparmaq olur. Dost var ki, “siçan deşiyini” satın alır və azadlığa çıxandan sonra deyir ki, bağışla məni, sənin yanında üzüqara qaldım. Bundan başqa, türmənin özünün müəyyən qaydaları var. Bəziləri məqbul qaydalardır, onları öyrənmək olar. Istintaq təcridxanasında saxlanılanda orada hər cür cinayət törətmiş insanlar vardı. Onların əksəriyyəti ictimai-siyasi proseslərdən uzaq adamlardır. Bununla belə, onlarla normal münasibət saxlamaq mümkündür. Onlar da çalışırlar ki, bir-birinin hörmətini saxlasınlar, qayğı ilə yanaşsınlar. Bu mənada dustaqların arasında sanki bir etik norma var ki, hamı ona riayət etməyə çalışır. Həbsdəkilərin çoxu kriminal cinayət törədənlərdir. Siyasi proseslərin qurbanları da var, amma belələrinin sayı digərlərilə müqayisədə çox azdır. Kriminal cinayət törədənlərin də əksəriyyəti cəmiyyətin alt təbəqəsidir. Bir çoxları heç adını yaza bilmir, əlifba tanımır, cəmiyyətdə baş verənlərdən xəbərsizdir. Bu cür insanlarla ünsiyyətdə olmaq müəyyən mənada çətindir. Amma hər halda bizim üçün rahat keçdi, dil tapa bilirdik. - Cəmiyyətdə gedən proseslərdən xəbərsiz olduqlarını deyirsən. Sizin ora düşməyinizə reaksiyaları necə oldu? - Jurnalistlərin yazıya görə həbs edildiyini eşidəndə təəccüblənirdilər ki, belə bir şeyə görə adamı türməyə salarlar? Konkret bizim işə gəlincə, deyirdik ki, Cəlal Əliyev barədə yazı yazmışıq və bizi “Heydər Əliyevin vaxtında iqtisadiyyatın ən gəlirli sahələrinin və rüşvət çarxının başında o dururdu” cümləsinə görə tutublar. Onlar təəccüblənirdilər və dərhal Cəlal Əliyevin obyektlərini sayırdılar. Hələ mən indiyə qədər bilmirdim ki, Cəlal Əliyevin üzümçülük və qoyunçuluq təsərrüfatları da var. Mən elə bilirdim ki, onun işi taxılçılıqla yekunlaşır. Bunları mənə dustaqlar dedilər. Onların içərisində az da olsa elələri var idi ki, müəyyən vəzifələrdə işləyiblər, yaxud kommersiya fəaliyyəti ilə məşğul olublar. Bu kateqoriyadan olan dustaqlar Cəlal Əliyevi tez-tez müzakirəyə çıxarırdılar. Onları daha çox düşündürən bu idi ki, Cəlal Əliyev yığdığı milyardları kimə təhvil verəcək. Adını çəkmədiyim ağdamlı bir məhkum mərhum Aqil Əliyevdən maraqlı bir fakt danışdı. Dedi ki, Aqil Əliyev yataq xəstəsi olanda ona 1 milyon dollar pul gətiriblər. O da ağır vəziyyətdə olmasına baxmayaraq, yatağının içində həmin pulları sonacan sayıb, təhvil alıb. Ümumiyyətlə, dusatlar Əliyevlər ailəsi barədə çoxlu bilgilərə malikdirlər və bundan sonrakı yazılarımız üçün maraqlı faktlar söylədilər. - Səhv eləmirəmsə, müsahibələrinin birində demisən ki, həbsxanada vaxtının çoxunu dustaqların şikayətlərini yazmağa sərf eləmisən. - Həqiqətən də elə olub. Qeyd etdiyim kimi, çoxları adlarını yaza bilmir, savadlarının olmamasının ucbatından əziyyət çəkirlər, hüquqlarının pozuntusuna müqavimət göstərə bilmirlər. Qəribədir ki, məhkumun özü savadsızdır, heç nəyi bilmir, arxasında duran valideyni, qohum-qardaşı da bu insanlara maraq göstərmir. Hüquqlarını bilmədiklərinə görə nəyəsə etiraz edə də bilmirlər və nəticədə verilmiş cəzaya boyun əyirlər. Bu mənada biz 1 saylı istintaq təcridxanasına sanki onlar üçün göydən düşmə idik. Çıxış yolları soruşurdular. Onlara izah eləyirdik ki, bu iş üzrə Baş Prokurorluğa müraciət eləmək olar, bu iş üzrə Ombudsmana şikayət etmək olar və s. Xahiş eləyirdilər ki, həmin ərizələri yazmağa kömək eləyək. Bir günə təxminən 8-9 ərizə yazırdım, apellyasiya şikayəti hazırlayırdım. Bu cür köməyin qarşılığında onlar bizə daha da hörmətlə yanaşırdılar. - Vəkilləri olmurdu ki, bu cür məsələlərdə sən yardım edirdin? - Əksəriyyətinin vəkilləri, arxasınca gəlib-gedənləri olmur. Özləri də heç nə bilmirlər. Mən həbsxana dövründə bir şeyi də başa düşdüm ki, Azərbaycanda kütləvi savadsızlıq var imiş. Belələrinin həm ibtidai istintaq, həm də məhkəmə zamanı prosessual hüquqları pozulur. Istintaqı aparanlar baxırlar ki, özü savadsızdır, arxasınca gəlib-gedəni də yoxdur, lazım olandan artıq maddələr tətbiq eləyirlər. Məhkəmə də həmin pozuntuların üstündən keçir və daha ağır cəza verir. Bu adamlar belə hallarda nə etmək, kimə müraciət etmək lazım olduğunu bilmirlər. Belə hallar çoxdur, kütləvidir. - Türmədə olduğun yeddi ay yarımda nahaqdan həbsə düşənlərlə qarşılaşdınmı? - Dustaqların böyük əksəriyyəti özünü günahsız hesab etsə də, onlar sanki özlərini təmizə çıxarmaq üçün belə deyir, əksəriyyəti cinayət törədiblər. Cinayət törətmədən həbsə atılanlar da var, amma digərlərilə müqayisədə belələrinin sayı azdır. Bir Laçın qaçqını var, Yeni Yasamalda ət bazarı söküləndə heç həmin hadisələrin iştirakçısı olmayıb, nəinki polisə daş atmaq, onu vurmaq. Sadəcə, proseslərə kənardan tamaşa eləyib. Hesabat verməliymişlər ki, bu hadisəyə görə beş-altı polis yaralanıb və təbii ki, kimlərsə tutulmalıdır. Həmin adamı da həbs eləmişdilər. Başqa birisi Masallının Köhnə Alvadı kənd sakini Zahid Ağayev idi ki, o, Azərbaycan-Iran istiqamətində sürücü kimi fəaliyyət göstərib. Azərbaycanlı biznesmen Şərbətov Nadir Ayatulla oğlunun sifarişilə zavod üsulu ilə qablaşdırılmış 1200-ə yaxın kisədə 40 ton kəc yükünü Irandan Azərbaycana gətirib. Astara gömrük-keçid məntəqəsində yoxlama aparılarkən kisələrin 11-nin içində narkotik tapılıb. Halbuki burada sürücü sadəcə, günəmuzd fəhlə kimi fəaliyyət göstərib. Bakıda belələri doludur. Maşına yükləyiblər, sürücü də daşıyıb. Istintaqı Dövlət Gömrük Komitəsi aparıb. Yükü sifariş verən biznesmen və yükün sahibi olan Iran firması məsuliyyətdən kənarda qalıb, sürücü isə həbs olunub. Məhkəmədə prokuror ona 13 il iş istəyib. Maraqlıdır ki, bu cinayət işində biznesmenin himayəçisi kimi milli təhlükəsizlik nazirinin müavini Əli Nağıyevin və baş prokurorun birinci müavini Rüstəm Usubovun adı çəkilir. Qeyd edim ki, Nadir Şərbətov iş adamı olmaqla bərabər bir ayağı siyasətdədir. O 77 saylı Astara Seçki Dairəsində YAP-ın təmsilçisidir. Iki il əvvəl onun qardaşı Arif Şərbətov da narkotik ticarətinə görə həbs olunub və yuxarıda adını çəkdiyim məmurlar tərəfindən azadlığı buraxılıb. Artıq mən Zahid Ağayevin hüquqlarını müdafiə komitəsi yaratmışam və məhkəmənin ədalətli qərar verməsi üçün hakimə müraciət ünvanlamışam. Bu cür misalları artırmaq olar. Demək istəyirəm ki, törətmədiyi cinayətə görə tutulanlar da az deyil. Üstəlik siyasi sifarişlə həbs olunanlar. - Bayıla aparıldığın gün yadındadır? - Mayın 18-də Yasamal rayon Polis Idarəsindəki “KPZ”dən bizi Bayıla apardılar. Orada elə bir otağa saldılar ki, dəhşətə gəldim. Elə bildim ki, “kalona” köçürülənə qədər orada qalacağıq. Otaq dəhşətli dərəcədə pinti, iyrənc idi. Ora 11 nəfərlik idi, amma içəridə 17 dustaq vardı. Dərhal müqavimət forması firləşdim ki, görəsən, nə edim? Həmin gün tutulmağıma peşman oldum. Cəlal Əliyevə qarğış edirdim. Sonradan bildim ki, bura karantin otağıymış və orada cəmi bir gecə qalacağıq. - Həmin 11 nəfərlik dəhşətli otaqda 17 nəfər necə qaldı? - Bir hissəsi sıxlaşıb yatdı, qalanı da stolun üstünə başlarını qoyub qaldılar. Analoji hal Rövşən müəllimgilin də qaldığı karantin otağında olub. Ertəsi günü bizi kameraya göndərdilər. Orada şərait karantin otağıyla müqayisədə bir az yaxşı idi. Biz də həmin kameraya köçürüləndən sonra oradakı dustaqların sayı 35 oldu. Amma ora cəmi 24 nəfərlik idi. Bizə hörmət eləyib yer verirdilər, özləri gecəni oyaq qalırdılar. Işgəncələr Əleyhinə Komitənin sədri Bayıla gələndə ona şikayət elədik ki, 24 nəfərlik kamerada 35 dustaq saxlanılır. Təcridxananın rəisi Misir Əliyevə müraciət olunandan sonra balans qorundu, yəni 24 yerə 24 dustaq qaldı. - Bəs problem həllini tapana qədər necə keçinirdiz? - Orada “burada heç kimin yeri yoxdur” prinsipi var. Yəni, kim harada istəyirsə, yata bilər. Axşam düşəndə 24 nəfər uzanırdı, 11-nə yer çatmırdı. Onlar da kameranın ortasındakı stolun ətrafında astadan söhbət eləyirdilər. Gecə yarı kimsə oyanırdı, yerini oyaq qalanlardan birinə verirdi. Gecəni heç yatmayana da gündüz şərait yaradılırdı ki, o da yuxusunu ala bilsin. Beləcə, dustaqlar bir-birini yola verirdilər. Əslində, bu, istintaq təcridxanasının rəhbərliyindən asılı olan problem deyil. Hətta biz bir dəfə onlara müraciət eləyəndə dedilər ki, neyləyək, dustaqları evimizə aparaq? Olan yerimiz budur. Düzdür, spekulyasiya eləyirdilər. Orada “burjuy xata” deyilən ayrıca kameralar var. Yeri gəlmişkən, dustaqlar kameraya “xata” deyir. Həmin o “burjuy xata”larda on nəfərlik yerdə beş nəfər saxlanılır. Əsasən, imkanlı adamlar orada qalır, çünki şəraiti daha rahatdır. Bunu nəzərə almasaq, bu problem istintaq təcridxanasının rəhbərliyindən asılı olan məsələ deyil. Dustağın sayı çoxdur, o da məcburdur ki, içəri doldursun. Amma kim necə yatacaq, ayaqyolunda növbə yaranacaq - bütün bunlar nəzərə alınmır. - Kamerada şərait necə idi? - Bizim qaldığımız kamera təxminən 40 kvadrat metrlik idi. Təlimata görə, hər dustağa 2,5 kvadrat metr sahə düşməlidir. Bunu nəzərə alanda o kamera heç 24 nəfər üçün də deyildi, qalmışdı ki, 35 nəfər üçün. Təsəvvür edin, 40 kvadrat metrlik yerdə 24 yatacaq yeri, stol-stullar, küncdə də ayaqyolu var. Ortada gəzinti üçün yer yox idi, kameranın ventilyasiya sistemi yoxdur. Yayda kamerada təxminən 38-40 dərəcə istilik var idi. Kameraya “ventilyator” qoymuşduq. Bunun üçün də təcridxananın rəisi Ədliyyə Nazirliyindən zorla icazə almışdı ki, dustaqların istidən ürəkləri partlayır. Yəni temperatur qaydaları gözlənilmir. Halbuki qaydalara görə, kameralarda yay-qış 18 dərəcə istilik olmalıdır. Yayda dəhşətli dərəcədə isti idi, amma qışda Bayılda olmamışam. Normativə görə, kameralarda daimi su olmalıdır. Amma Bayıldakı yeddi korusdan yalnız birində daimi su var. Digər korpuslara gündə cəmi üç dəfə su verirlər. Bu da antisanitariyaya gətirib çıxarır. - Dustaqlara verilən yemək necə, səni qane edirdi? - Gündə üç dəfə yemək verirlər. Müşahidə elədik ki, dustaq üçün nəzərdə tutulan qida rasionunun təxminən 30-40 faizini verirlər. Bu da dustağın normal yaşamasına kifayət edəcək miqdardadır. 100 faizin hamısını versələr, bu, dustağın “xan kefində” dolanması demək olar. Səhərlər adətən mannı, günorta toyuq və ya mal ətindən borş, axşam noxud, düyü supu, balıq qızartması, kartoşka soyutması verirlər. Borşun içində həmişə toyuğun bel sütunu olur. Niyəsə döşü, budu heç vaxt olmur. Hərdən də kis-kas borşu verirdilər - pişik üçün nəzərdə tutulandan. Borşun içində qənd boyda yumru ətlər olur, özü də həmişə suyun üzündə dayanır. - Meyvə də verirlər? - Yox, meyvə-tərəvəz verilmir. Amma menyuda var. - Bəs şirələr? - Onu da vermirlər. Yalnız bazar günü səhər adama iki dənə qaynanmış yumurta verirlər. Qəşəng, iri yumurtalardır. Elə bil ki, satışda olanlardan deyil. - Sən həbsdə olduğun dövrdə ümumilikdə səkkiz jurnalist həbsxanada idi. Türmədə heç həmkarlarını görürdün? - Bayılda Rövşən müəllimlə bir müddət eyni kamerada olduq. Amma qalan həmkarlarımdan gördüyüm olmadı. Əli Insanovu tez-tez görürdük. Nə vaxt biz vəkillə görüşə gedirdiksə, görürdük ki, o da vəkillərilə görüşdədi. Hüseyn Abdullayev bizdən bir az əvvəl buraxılmışdı, amma eşitdik ki, onu orada bir az sıxışdırırlarmış. - Dustaqlardan heç işgəncədən şikayətlənəni oldumu? - Əsasən, polis idarələrindəki işgəncədən şikayətlənirdilər. Amma həbsxanada döyülmə hallarına rast gəlmədim. Penitensiar Xidmətin əməkdaşları işgəncə versin, döysün, təhqir eləsin - bu kimi hallar baş vermədi. Onların dustaqlarla normal münasibətləri var. Çalışırlar ki, dustaqlara ziyan yetirməsinlər. Əksinə, dustaqlardan onlara qarşı sərt münasibət görmüşəm, amma onlar tərəfindən dustaqlara münasibətdə hər hansı pislik görməmişəm. Bizə isə xüsusi münasibətləri var idi. Çünki niyə tutulduğumuzu yaxşı bilirdilər. Əksinə, bizə ürək-dirək verirdilər ki, darıxmayın, bu gün-sabah buraxılacaqsınız. Hətta biri muştuluq almağa gəlmişdi ki, sizi televizorda görmüşəm, deyirdilər ki, 22 iyul - Milli Mətbuat Günündə curnalistləri buraxacaqlar. Təbii ki, biz də onlara normal münasibət bəsləyirdik. Onlarlıq nə var ki? Polis orqanlarında işgəncələrdən şikayətlənən çox idi. Deyirdilər ki, cinayəti etiraf etmək, yaxud kiminsə adını, yerini demək üçün polislər, müstəntiqlər tərəfindən döyülüblər. Bir dustaq var idi Ədalət Vəliyev, qız qaçırmışdı. Yasamal Rayon Polis Idarəsində onu o qədər döymüşdülər ki, məcbur olub qızı zorla qaçırdığını demişdi. Ceyhun adlı müstəntiqin gözləri qarşısında ona dəli paltarı geyindiriblər. Sonradan eşitdim ki, məcburi etirafa görə ona 5 il cəza veriblər. - Deyilənə görə, türmənin özünün qayda-qanunları var. Nədən ibarətdir bu qayda-qanunlar?
Aytən Məmmədova
("Azadlıq" qəzeti)
Əvvəlki məqalə: ELMAR HÜSEYNOV ANILDI
Sonrakı məqalə: Içərişəhərin məhvi davam etdirilir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3239