Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ELMAR HÜSEYNOV ANILDI

Mirzə Xəzər 03 Mar 2008

İctimaiyyət nümayəndələri və jurnalistlər mərhum baş redaktorun məzarını ziyarət etdilər

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən üç il keçdi. Dünən ölkə ictimaiyyətinin nümayəndələri, jurnalistlər, qeyri-hökumət təşkilatlarının, ictimai-siyasi birliklərin üzvləri 2005-ci il martın 2-də yaşadığı binanın girişində qətlə yetirilmiş Elmar Hüseynovun məzarını ziyarət etdilər. Anım mərasiminə Müsavat Partiyasının başqanı İsa Qəmbər, “Azərbaycan Naminə” Forumun prezidenti, politoloq Eldar Namazov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu və digər tanınmış şəxslər qatılmışdı.

Mərhum jurnalistin xatirəsini yad edənlər arasında ABŞ-ın ölkəmizdəki səfiri Enn Dersi, Böyük Britaniya səfirliyinin əməkdaşları və xarici ölkə təşkilatlarının nümayəndələri də vardı.

İctimaiyyət nümayəndələri və Böyük Britaniya səfirliyi adından E.Hüseynovun məzarı üzərinə xatirə çələngi qoyuldu. Mərhum jurnalistin ruhuna dualar oxundu.

Sonra “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu çıxış edərək qətlin sifarişçilərinin və icraçılarının tapılıb cəzalandırılmasını tələb etdi: “Üçüncü ildir ki, jurnalistlər və ictimaiyyətin nümayəndələri Elmarın qətl günündə onun məzarını ziyarət edir. Sizi əmin edirəm ki, qətlin üstündən 300 il də keçsə, müstəqil Azərbaycan dövləti yaşadıqca Elmar hər zaman yad ediləcək”.

Daha sonra mərasim iştirakçıları adından Rövşən Hacıbəyli bəyanat oxudu. Bəyanatda deyilir: “Bu gün tanınmış jurnalist, ”Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 3 il keçir. Lakin cəsur jurnalistin qatili və bu qətlin sifarişçiləri hələ də tapılmayıb. Belə nəticə gözlənilən idi, çünki Elmarın qətli hakimiyyətə xeyir idi və bu xeyri gətirən insanların hakimiyyət tərəfindən tapılması və cəzalandırılması məntiqsiz olardı. Avtoritar rejimlər bir qayda olaraq vətəndaş cəmiyyətinin və xalqın rəyindən çəkinir, onu eşitmək istəmir, onu yayan KİV-ləri susdurmağa çalışır. Jurnalistlər susmadıqda isə hakimiyyət onlara qarşı ən amansız addımlar atmaqdan çəkinmir. Bu halda hər cür basqılarla, həbslərlə üzləşən jurnalistlər ölüm təhlükəsi altında işləyirlər. Susmayan jurnalist Elmarı da xain güllələr susdurdu. Lakin Elmarın qətlindən sonra da mətbuata qarşı təzyiqlər səngimir. Hakimiyyət ifadə azadlığına qarşı səlib yürüşünü davam etdirir. Bu arada xeyli jurnalist döyülüb, ölüm təhlükəsi ilə üzləşib, Azərbaycanın cəsur yazarlarından bir neçə nəfəri hazırda həbsdədir. Biz bu gün hakimiyyətdən xalqın təməl hüququ olan söz azadlığına qarşı apardığı siyasəti dayandırmağı, Elmar Hüseynovun qətlinin açılmasını, jurnalistlərə qarşı fiziki basqınlarda iştirak edənlərin cəzalandırılmasını, həmçinin həbsdə olan jurnalistlərin azad olunmasını bir daha tələb edirik. Eyni zamanda, Azərbaycan içtimaiyyətini bu istiqamətdə mübarizəsini gücləndirməyə çağırırıq”.

Mərasimdə çıxış edən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov Mətbuat prospektində Elmara abidə qoyulması məsələsinə toxundu. O, Yasamal rayonu ərazisində heykəl qoymaq üçün münasib yerin tapıldığını və yerli icra hakimiyyəti ilə danışıqlar aparıldığını söylədi: “Biz yerli icra hakimiyyətinə müraciət etmişik. Onlar bizə dövlət səviyyəsində məsələyə razılıq veriləcəyi təqdirdə heykəlin qoyulması işində problemin olmayacağını söyləyiblər. Hesab edirik ki, Elmara ucaldılan abidə eyni zamanda azad sözə ucaldılmış abidə olacaq. Bu məqsədlə biz dövlət başçısı İlham Əliyevə müraciət hazırlamışıq. Bu gün həmin müraciəti imzalamağınızı xahiş edirik. Günün sonunda müraciəti ünvanına çatdırmaq fikrindəyik”.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva azad sözə dəstək verdiyi üçün ABŞ səfirinə və digər diplomatlara minnətdarlığını bildirdi: “Mən çox minnətdaram ki, xanım Enn Dersi bu gün bizimlədir. Başqa diplomatlar da buradadır. Onlara minnətdaram ki, vətəndaş cəmiyyətinə qoşularaq Elmar Hüseynovun xatirəsini yad edirlər”.

A.Abdullayeva səfir Enn Dersyə müraciət edərək “Bir zaman bəyanat vermişdiniz ki, qatillər aşkarlanmalı və onların adları açıqlanmalıdır. Sizin bəyanatınızı dəstəkləyir və onun qanının yerdə qalmamasını tələb edirik. Həbs edilən jurnalistlər azadlığa buraxılmalıdır. Təqiblərə son qoyulmalıdır”-dedi. Anım mərasimi yekunlaşandan sonra tədbir iştirakçıları E.Hüseynova abidə ucaldılması ilə bağlı dövlət başçısı İ.Əliyevə ünvanlanan müraciəti imzaladılar.

Əfqan MUXTARLI, Leyla İLQAR

(“Yeni Musavat” qəzeti)

Əvvəlki məqalə: Sevinc Telmanqızı: Elmarla "Monitor" əfsanəsi

Sonrakı məqalə: Yaşar Ağazadə: «Bayılda birinci gün bizi elə bir otağa saldılar ki, dəhşətə gəldim»