Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Sevinc Telmanqızı: Elmarla "Monitor" əfsanəsi

Mirzə Xəzər 01 Mar 2008

no comments



Qətldən öncəki söhbət



Elmarin%20ad%20gunu_17%20iyul%202007_15... Onlar həmin günü həmişəki qaydada keçirmişdilər. Bella Zakirova onunla nömrənin məqalələrini müzakirə etmiş, jurnalın dizayneri Bella Nəsirova ənənəvi olaraq işə gecikmiş, yaxın dostu Zakir isə ona hansısa kitabdan danışmışdı. İlk baxışda hər şey normal idi. Adi iş prosesi, müzakirələr, ənənəvi qayğılar, ənənəvi şikayətlər və bir çay qaşığı qədər sevinclər....

“Hər şey məni o qədər yorub ki... Elə bil apardığım mübarizənin də nəticəsi yoxdur”... Deyəsən, bu da günün son akkordlarını vuran cümlələrdən olub. İş yoldaşlarının fikrincə, həmin gün ÖZÜNƏ çox da oxşamayan, sakit, qayğılı Elmar axşam saat 7-də - ölümündən iki saat əvvəl sanki hər şeyi təftiş edirmiş. “Monitor”la əməkdaşlıq edən jurnalistlərin qonararlarını təcili ödənməsi, pulunu almaq üçün redaksiyaya gəlmək istəməyənləri israrla çağırması, “Monitor”la bağlı əndişələri və mübarizəsinin təftişi... Elmar Hüseynov həmin gün özünə hesabat verməklə yanaşı, sanki çevrəsindəkilərlə də bir-bir halallaşırmış...
Maşına minib, evə gedir. Yolda yenə də işlərdən, kitablardan, həyatdan danışır. Evə çatanda mağazaya düşür, oğlu Aslana yoqurtla yanaşı, suxari də alır. İllərin sınağından keçmiş dostu Zakirlə suxari yeyir, qalanını isə onun maşınına qoyur: “Saxla, sabah birgə yeyərik”... Və bu, onun boğazından keçən sonuncu tikələr olur. Sonuncu cümlələri kimi...
...3 ildir ki, “Monitor” yoxdur. Hesabatlarda, çıxışlarda, məqalələrdə bəlkə də hər gün bu nəşrin adı hallanır, Elmar Hüseynovun əsəri kimi xatırlanır. Amma heç kəs cəsarət edib, bu nəşri bərpa edə bilmir. Niyə? Bu il Elmarı “Monitor”un kollektivi ilə yad edəcəyik. Bu sualın cavablarını da onlarla arayacağıq. “Monitor”suz Elmar və ya Elmarsız “Monitor”... Fərqi yox, onsuz da hamı üçün bu iki məfhum vəhdət təşkil edir...

“Hərdən mənə elə gəlir, Elmar çox uzaqlara gedib və nə vaxtsa qayıdacaq”

“Çox qəribə hissdir. Amma mən hərdən onun öldüyünü unuduram, yoxluğunu hiss etmirəm. Bəzən mənə elə gəlir ki, Elmar ölməyib, harasa uzaqlara gedib və qayıdacaq. Sadəcə, əlaqə saxlamırıq, amma imkan olan kimi danışacağıq. Bəzən maraqlı bir kitab, məqalə oxuyanda, gözəl filmə, verilişə baxanda avtomatik olaraq ağlıma gəlir ki, bunu mütləq Elmarla müzakirə etmək lazımdır. Növbəti fikir isə bu olur: Elmar artıq yoxdur”.
“Monitor” jurnalının ədəbi redaktoru Bella Zakirova üçün Elmar nəinki baş redaktor, eyni zamanda yaxın sirdaş, dost, intellektual və anlayışlı həmsöhbət idi. Bəlkə də buna görə söhbət zamanı “budaqdan-budağa gəzir”, Elmarı əhatə edən, ona aid olan hər şeydən danışmaq istəyir: “Kollektiv özünü onun yanında çox güvənli hiss edirdi. Bizi bir dağ kimi qoruyur, yaradıcılıqdan tutmuş məişətə qədər bütün problemlərimizi həll edirdi. Məsələn, məvaciblərimiz yüksək deyildi. Ona görə də hamının imkanı çatmırdı ki, mağazadan müəyyən əşyaları kreditə götürsün. Elmar deyirdi ki, mən sənə həmin əşyanı ala bilərəm, amma hər ay məvacibindən cüzi məbləğ tutacam ki, sənə ağır olmasın. Tutaq ki, hardansa təzyiqlər gəlirdi. Elmar birmənalı olaraq, özünü qabağa verir, bizə sözlə belə olsa, hücum edilməsini qoymurdu.”

“Biz cüzi pullarla mehriban yaşayan kollektiv idik”

B.Zakirova Elmarla bağlı redaktor kimi yox, dostu kimi danışmağa üstünlük verir. Hər fürsətdə iş yoldaşlarının problemlərini həll etməyə çalışan, bütün mövzularda söhbət etməyi bacaran Elmar kimi: “Qlobal, geosiyasi məsələlərdən tutmuş, adi ev qayğılarına qədər oturub onunla ürəkdən danışmaq mümkün idi. İmkanı olanda hamıya kömək edirdi. Təəssüf ki, həmişə belə imkanı olmurdu. Çünki jurnalin pulu çox deyildi. Baxmayaraq ki, bəzən bizi xüsusi xidmət orqanlarına işləməkdə də ittiham edirdilər. Çox cüzi pullarla yaşayan kollektiv kimi çox mehriban idik.”
Bella xanımla Elmarın mübahisələri, inciklikləri həmişə yaradıcılıq məsələləri ilə bağlı olub. Gah Elmar məqaləyə başlıq seçib, ədəbi redaktor onu bəyənməyib. Gah da ədəbi redaktor kollaj təklif edib, Elmar ona qarşı çıxıb: “Elə olub ki, belə mübahisələrə görə mən yarım gün onu danışdırmamışam. Amma nə o, nə mən uzun müddət küsülü qalmağı bacarmamışıq. Bir də görürdün mübahisədən 15-20 dəqiqə sonra yanıma gəlib, başını bulayıb, ”gör biz necə səfeh söhbətlərə görə dalaşırıq" deyirdi. Sonra təkrar müzakirəyə başlayıb, bu dəfə ortaq məxrəcə gəlirdik".

Elmarın işıq üzü görməyən son məqaləsi

Müsahibimiz Elmarın son günü ilə bağlı danışanda çox kədərlənir. Deyir, sevimli dostu, baş redaktoru həmin gün əsla özünə oxşamırmış: “Adətən işə gələndə Elmar səs-küylü, zarafatcıl olurdu. Amma həmin gün öz kabinetində oturdu, bütün gün nə səsi gəldi, nə də özü göründü. Jurnal şənbə günü çıxırdı. Amma o, öz məqaləsini bir neçə gün əvvəldən yazırdı. Bundan əvvəl isə bizimlə məsləhətləşir, fikrimizi öyrənir, tezisləri müzakirə edirdi. Bu dəfə biz bilmədik ki, onun məqaləsi nəylə bağlı olacaq. Sadəcə, məqalənin adı mənə məlum idi - ”Heydər düyünü". Bu, təxminən “Qordi düyünü” ifadəsinə paralel olaraq seçilmiş bir sərlövhə idi, amma içində nələrin olması barədə heç kim heç nə bilmirdi".
Bella xanım bəlkə də Elmarın son olaraq ürəyini açıb, dərdini paylaşdığı adam olub.
2 mart 2005-ci il, axşam saat 19.00 radələri. Evə getməyə hazırlaşan B.Zakirova son olaraq, baş redaktoru ilə dərdləşir: “Birdən mənə qayıtdı ki, Bella, bilirsən, nəsə bizim jurnal xoşuma gəlmir. Elə bil daha təsiredici olmağa başlayıb. Mən də dedim ki, bu, bir mətbu orqan üçün yaxşı haldır, niyə narazısan? Dedi ki, ”bu, məni qorxudur. Yadındadır, 2000-ci ildə “Monitor Veekli” çıxanda tirajı və satışı yaxşı idi. Həmin vaxt 10 nömrə çıxandan sonra qəzeti bağladılar." Dedim ki, Elmar, indi həmin dövr deyil. Monitor"u bağlaya bilməzlər. Çox fikirli şəkildə cavab verdi ki, “bəlkə də onda başqa şey edə bilərlər”. Elmarı heç elə görməmişdim. Bu sözdən sonra gileylənməyə başladı. Dedi, “hər şey məni o qədər bezdirib ki... Mən burada bu qədər mübarizə aparıram, artıq gücüm də qalmayıb, amma heç bir nəticəsi yoxdur. İnsan kimi yaşamaq istəyirəm”."
İnsan kimi yaşamaq istəyən Elmar bu arzusunu səsləndirəndən 2 saat sonra gözlərini əbədi olaraq yumub. İki saat sonra “Monitor”çular ağlaya-ağlaya bir-birinə zəng vurub, bu xəbəri çatdırıblar: “İndi bizim üçün ”Monitor" da çatışmır, Elmar da. Amma “Monitor” elə Elmar demək idi. Elmarsız “Monitor” olmayıb və heç vaxt ola da bilməz. O və jurnal bir bütöv idi. Ondan başqa heç kəs - lap Elmardan istedadlı, savadlı adam onu bu cür çıxara bilməz. Onun uğuru təkrarlana bilməz. Çünki “Monitor” artıq əfsanədir".
“Xarici görünüşünə görə Elmar əsla baş redaktora oxşamırdı. Qalstuksuz-kostyumsuz və təbii.. İşlə bağlı ilk dəfə onunla söhbət edəndə məndən professional qabiliyyətlərimlə yanaşı, maddi problemlərimi də soruşdu. Yəni, onda işçiyə öncə insan kimi yanaşma keyfiyyəti vardı. Hamımız üçün Elmar çox doğma idi. Ata, böyük qardaş kimi... Ona görə də onun haqqında ancaq bir ailə üzvü kimi danışa bilərəm. Adamın qohum-əqrəbası bir çox hallarda bu qədər dəstək ola bilmir. Amma Elmar bunu bacarırdı.”

Bella Nəsirova: “O, həmin gün hamıya borcunu qaytarırdı”

“Monitor”un dizayneri Bella Nəsirova Elmarla yaşıd olsa da, onun savadının, dünyagörüşünün dərinliyinə həmişə heyran qaldığını deyir. “Elmar tanıdığım tək-tük adamlardan idi ki, onunla hər mövzuda danışmaq olurdu” - deyir eks “Monitor”çu.
Müsahibimin də mərhum baş redaktorun son günləri ilə bağlı ilginc müşahidələri var: “Adətən o, bizim işə gecikməyimizə əhəmiyyət verməsə də, bəzən ciddi nizam-intizam qaydaları tətbiq edərdi. Hadisədən bir müddət əvvəl hamının saat 10-da işdə olmasını tapşırmışdı. Martın 2-də mən işə 20 dəqiqə gecikmişdim. Və gözləyirdim ki, indi Elmar buna görə danışacaq. Amma iş otağının qabağından keçəndə sakitcə mənimlə salamlaşdı, heç nə demədi. Hətta Bella Zakirova da dedi ki, Elmar bu gün təəccüblü şəkildə sakitdir. Çərşənbə günü bizdə jurnalın çıxması ərəfəsi idi və həmin gün səs-küylü keçirdi, Elmar çox danışır, planlarını, yazacağı mövzuları bizimlə paylaşırdı. Jurnalın birinci səhifəsi, üz qabığı barədə qızğın müzakirələr aparırdı. Amma həmin gün demək olar ki, öz otağından çıxmadı və bizə də heç nə demədi. Hətta günün sonuna yaxın biz ona yaxınlaşıb soruşduq ki, Elmar, bəlkə evdə nəsə olub? Dedi ki, heç nə yoxdur. Təsəvvür edin, adətən jurnalın üz qabığında, birinci səhifəsində kollaj etməyi sevən Elmar həmin gün çox həvəssiz şəkildə internetdən bir şəkil götürüb, onu səhifəyə qoymağımı tapşırdı və hətta başlıq da dedi. Sonra bizimlə oturdu, ardınca isə Zakir gəldi”.
Bella xanım deyir ki, həmin gün Elmar redaksiyadan məvaciblərini almayan ştatdankənar müxbirlərlə əlaqə saxlayıb, redaksiyaya gəlmələrini deyirmiş: “Hamıya deyirdi ki, gəlin qonararınızı almağa. Əməkdaşlarımızdan biri başqa vaxt gəlməyi təklif etsə də, Elmar israrla həmin gün gəlməsini xahiş etdi. Mən indi başa düşürəm ki, o, sanki hamıya borclarını qaytarmaq istəyir, bu dünyadan köçəndə ən azı baş redaktor kimi heç kimə borclu qalmaq istəmirdi”.
Söhbətin sonunda Bella xanım Elmarın daha bir sözünü xatırlayır: “Rəhmətlik həmişə deyirdi ki, mənə ”Monitor"u çıxarmaq üçün özüm və iki Bella lazımdır. Bu “üçlük”dən iki Bella qalıb. Amma Elmar yoxdur. Onun yeri çox görünür".

Zakir Rzayev: “Əfsanələr yayırdılar ki, guya Elmarın Mayamidə villası var”

“Ensiklopediyanı, lüğəti, kitabları açın, oxuduğunuz və bildiyiniz bütün gözəl sözləri onun adının qabağına yazın. Mən bundan başqa nə deyə bilərəm ki...” Bu isə “Monitor”un yayımçısı Zakir Rzayevdir. Doğrudur, mətbuat səhifələrində bəzən onu mərhum baş redaktorun sürücüsü kimi təqdim edirlər. Amma o, bu təqdimatdan şərəf duysa da deyir ki, onun sürücüsü olmayıb. “Dostu olaraq lazım gələndə harasa birgə getmişik, mən onu maşınla aparmışam. Hərdən onun barəsində əfsanələr yayırdılar ki, guya Elmarın Mayamidə villası var. O da mənə deyirdi ki, Zakir, görəsən sənin villanın yanındakı villamı deyirlər? Bunlara gülürdük, çünki Azərbaycanda hamı onun imkanlarının necə olmasının fərqində idi. Mən nə onu tanımazdan qabaq, nə də ondan sonra elə adam görməmişəm. Heç inanmıram ki, bundan sonra da tanıyım”.
Zakir Elmarla ilk tanış olduğu günü də indiki kimi xatırlayır. Deyir, onu bir nəfər Milli Parkda Elmarla tanış edib: “Gördüm ki, uzaqdan tanışım gəlir, yanında da ayı kimi iri bir adam. İlk baxışda kobud insan təəssüratı bağışlayır, amma tanıdıqca görüntünün necə aldadıcı olduğunu bilirsən. Möhkəm zarafatcıl idi. Bir dəfə bu xarici görünüş söhbəti düşəndə zarafatla dedi ki, Allah qoysa, çoxlu pulum olanda Zakirə yaxşı kolstyum alıb geyindirəcəm, özüm isə idman stilində yanında gəzəcəm. Qoy elə bilsinlər ki, mən Zakirin cangüdəniyəm. Vuranda da Zakiri vursunlar”.

“Çörəyi də axırıncı dəfə mənimlə kəsdi”

Zakir bunu deyib, duruxur. Vaxtilə bunu şirin zarafat kimi qəbul etsə də, indi onunçün bu söhbət “qara yumor” kateqoriyasına aiddir: “Elmarın qətlindən sonra özümü qınadığım məqamlar olub. ”Kaş ki, mən də onunla bloka girəydim" deyirəm hərdən. Amma bu, qismətdir, onu öldürmək istəyənlərin belə məqsədi vardısa, harda olsa, bunu edəcəkdilər. Həmin gün həyətin qabağı da, blok da qaranlıq idi. Həm də o maşından düşəndə mənim fikrim yayınmışdı. Çünki birgə suxari yemişdik və artıq qalanı maşının arxa oturacağına qoymaqla məşğul idim".
“Axırıncı dəfə çörəyi də mənimlə kəsdi” deyir Zakir. Baş redaktor mağazadan oğluna yoqurt alarkən, suxari də alıbmış. Zakirlə onu yeyiblər, qalanını isə səhər yemək üçün maşına qoyublar: “Yolda gedərkən həmin vaxt oxuduğum Fazil İskəndərin kitabındakı bir hissəni onunçün danışdım. Mənə həmin müəllifin başqa bir kitabını məsləhət gördü. Bu vaxta kimi nə o kitabı tapa bilmişəm, nə də tapsam belə, onu oxuya bilmərəm. Sonra dedim ki, mən də 40 yaşımdan sonra kitab oxumağa başlamışam. Dedi, ”luçşe pozdno çem nikoqda". Yuli Sezar kimi bir adam idi. Səninlə danışa-danışa min cür fikri beynində dolaşdırır, eyni vaxtda bir neçə iş görürdü".
Bu, Elmardan sonra pərən-pərən düşmüş “Monitor”çulardan sadəcə üçü idi. Onlar üçün “Monitor” da Elmarın özü kimi əfsanə kimi qaldı. Əfsanəni təkrar yaratmaq olurmu? Bax, bu sualın cavabını təkcə “Monitor”çular yox, heç kəs tapa bilmir.


Sevinc TELMANQIZI
("Yeni Musavat" qəzeti)


Əvvəlki məqalə: Xaliq Bahadır: Özünü satanlarla dövləti satanlar

Sonrakı məqalə: ELMAR HÜSEYNOV ANILDI

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3235

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin