Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Elman Mustafazadə: Hollandiyada açilan Azərbaycan məktəbi cəmi iki ay fəaliyyət göstərə bilib

Mirzə Xəzər 22 Fev 2008

HOLLANDİYADA AÇILAN AZƏRBAYCAN MƏKTƏBİ CƏMİ İKİ AY FƏALİYYƏT GÖSTƏRƏ BİLİB (Diaspor nümayəndəsi Elman Mustafazadənin açıqlamaları) 2008-02-20 - 16:42:00 «Avropada azərbaycanlı uşaqlar üçün iki həftəsonu məktəb fəaliyyət göstərir: biri İsveçrənin Bern, digəri Hollandiyanın Amsterdam şəhərində. Hollandiyadakı məktəb Azərbaycan hökumətinin xətti ilə – Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin köməyi ilə açılıb. Lakin son günlər bu məktəb maliyyə problemləri üzündən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb». Bu sözləri «Media forum» saytına 2006-cı ilin noyabrın 18-də yaradılmış Benilüks Azərbaycanlıları Konqresinin icraçı direktoru Elman Mustafazadə deyib. Hollandiyada yaşayan E.Mustafazadənin bildirdiyinə görə, məktəb ötən ilin sentyabrında yaradılıb: «Açılış mərasimində Azərbaycanın Hollandiyadakı səfiri iştirak etdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təbrik məktubu göndərdi, məktəbi kompüter və digər texniki avadanlıqla təchiz etdi. 15 şagirdimiz vardı, Heydər Əliyev Fondu məktəbə gərək olandan da artıq dərslik, çanta, digər təhsil ləvazimatı göndərdi. Benilüks Azərbaycanlıları Konqresi məktəb binası üçün 6 aylıq kirayə haqqını da vermişdi. Yalnız uşaqların dərsə gəlib-getməsi, tədrisin başlanması qalmışdı». Diaspor nümayəndəsi deyir ki, əksər Avropa ölkələrində, eləcə də Hollandiyada sinif şagirdləri dərsə valideynləri gətirmir. Uşaqlar evdən məktəbə, məktəbdən də evə xüsusi mikrobuslarla daşınır. Mikrobus olmadığından biz məktəbə şagird yığa bilmədik, ay yarımdan sonra fəaliyyətimiz dayandı. Valideynlər vaxt azlığı, şəhərin müxtəlif ucqarlarında yaşamaları səbəbindən uşaqları dərsə gətirmək istəmədilər. Bundan başqa, müəllimlərə nəinki əməkhaqqı, heç yol pulu da verilmirdi. Benilüks Azərbaycanlıları Konqresinin bu işləri görməyə vəsaiti yox idi». E.Mustafazadənin sözlərinə görə, məktəb Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nəzdində açılsa da, diaspor qurumu bu təhsil müəssisəsinin aqibəti ilə maraqlanmır: «Müqayisə üçün deyim ki, Berndəki məktəbi bir biznesmen açıb. Orada ümumilikdə 200 azərbaycanlı ailə yaşayır, məktəbdə isə 14 şagird və 2 müəllim var. Uşaqları mikrobusla evlərindən götürürlər. Məktəbdə isti yemək, şirələr verilir... Amma hökumətin nəzdində açılan bizim məktəb imkansızlıq ucbatından noyabrın sonlarından bağlıdır. Burada ermənilərin 8 həftəsonu, 1 böyük orta məktəbi var. İşi çox yüksək səviyyədə təşkil ediblər. Erməni 9 məktəb saxlayır, bizim birinə gücümüz çatmır?!» E.Mustafazadə deyir ki, problemlə bağlı dəfələrlə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər: «Məktub göndərmişik, söz verilib ki, konqresə maddi dəstək veriləcək. Konqresin rəhbəri Sahil Qasımov komitə sədri Nazim İbrahimovla danışıb. Nəticə yoxdur». İcraçı direktor konqresin qarşılaşdığı digər problemlər haqqında da danışır: «Burada diaspor qurumları milli mövzularda müxtəlif tədbirlər keçirir, forumlar təşkil edir. Ermənilər bu forumları çox yüksək səviyyədə düzənləyir, hətta tədbirləri işıqlandırmaq üçün ölkələrindən jurnalistlər də dəvət edirlər. Amma il yarımdır Benilüks Azərbaycanlıları Konqresi yaradılıb, heç özümüzə ofis də tuta bilmirik. Yetim günündəyik». E.Mustafazadə bildirir ki, 15 ən iri təşkilatı özündə birləşdirən Benilüks Azərbaycanlıları Konqresi hazırda dağılmaq təhlükəsi qarşısındadır: «Maddi problemlər üzvlərin bir-bir qurumu tərk etməsinə gətirib çıxarır. Artıq iki təşkilat bizdən ayrılıb. Bir müddət əvvəl burada yaradılan 5 türkmən təşkilatı bizə qoşulmuşdu. Hazırda həmin təşkilatlar da qurumu tərk etmək üzrədir. Hollandiya hökuməti diaspor təşkilatlarına yardım edir, lakin onun bizdən tələbi odur ki, nizamnaməmizdən Qarabağ konflikti ilə bağlı müddəaları çıxaraq. Çıxarmadığımıza görə yardım edilmir. Azərbaycanın dövlət büdcəsindən diaspor komitəsinə vəsait ayrılır ki, xaricdəki təşkilatları maliyyələşdirilsin. Amma bizə bəlli olmayan səbəblər üzündən bu vəsaitdən məhrum olmuşuq. Yadıma düşmüşkən, erməni biznesmenlər Hollandiyada yarımfabrikat istehsal edən müəssisə açıb, öz məhsullarına «Halal» adı veriblər. Özləri belə adlandırıblar ki, həmin məhsulları müsəlmanlar da alsın. Burada erməni federasyonu dördüncü mehmanxanasını aldı. Bəs Azərbaycan diaspor təşkilatları nə gündədir?» E.Mustafazadə martın 9-da Benilüks Azərbaycanlıları Konqresinin tədbirinin keçiriləcəyini bildirib: «Bu tədbir hesabat xarakteri daşıyır. Diaspor komitəsindən də nümayəndələrin gəlişi gözlənilir, mən sadaladığım problemləri həmin iclasda qaldıracam». «Media forum»

Əvvəlki məqalə: URMİYA və ZƏNCANDA AZƏRBAYCANLILARI BEYNƏLXALQ ANA DİLİ GÜNÜNÜ QEYD ETMƏYƏ ÇAĞIRAN VƏRƏQƏLƏR YAYILIB

Sonrakı məqalə: SƏİD MƏTİNPUR və DİGƏR İKİ TANINMIŞ MİLLİ FƏAL AZADLIĞA BURAXILIB