Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Mehriban Vəzir: “Məhəmməd Əmini danmaq göydə Günəşi danmağa bənzəyir”

Mirzə Xəzər 02 Fev 2008

HAKİMİYYƏT RƏSULZADƏNİ UNUTDURMAQ ÜÇÜN DƏYƏNƏK SİYASƏTİNƏ KEÇİR

Azərbaycan hakimiyyətinin Xalq Cümhuriyyətinin qurucusu, milli öndər Məmməd Əmin Rəsulzadəyə qarşı kəskin mövqedə olması sirr deyil. Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən bu günə qədər Rəsulzadənin adının yaddaşlardan silinməsi yönündə hazırkı iqtidar əlindən gələni edib. Yanvarın 31-də – Rəsulzadənin doğum günü – baş verənlər isə hakimiyyətin milli öndərə münasibətində yeni çalarları ortaya çıxardı.

İndiyə qədər Məhəmməd Əminin adının universitetdən götürülməsi, heykəllərinin qoyulmasına qadağalar və digər bu tipli yasaqlarla mübarizə aparılırdı. Doğum günündə isə Rəsulzadəni dinc aksiyalarla yad edən insanların üzərinə polis yeridildi. Vaxtilə heykəllərinin ucaldılması üçün ayrılan yerlər polis mühasirəsinə alındı. Qurucusu olduğu Bakı Dövlət Universitetinin tələbələrinə onu yad etməyə imkan verilmədi. Rəsulzadənin doğum günündə ona ehtiram nümayiş etdirən gənclər həbs edildi. Məhz bu faktlar hakimiyyətin Rəsulzadə ilə mübarizəni daha sərt müstəviyə keçirdiyinin göstəricisidir. Hakimiyyətin bu münasibəti cəmiyyətdə kəskin narazılıqla qarşılanıb. Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin sədri, yazıçı-publisist Mehriban Vəzir “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rəsulzadənin doğum günü hakimiyyətin tutduğu mövqe rüsvayçılıqdır: “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətçiliyinin rəmzidir. 70 il sovet rejimi Rəsulzadə adını unutdurmaq üçün hər cür qanunsuzluğa qol qoydu. Milli azadlıq hərəkatı başlayanda Rəsulzadə adı bir bayrağa çevrildi. 1993-cü ildən etibarən isə Rəsulzadəyə sovet dövründəki amansızlıq vüsət almağa başladı. Bu proses günə qədər də davam edir. Rəsulzadəyə qarşı olmaq Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə qarşı olmaq deməkdir. Belə çıxır ki, indiki hakimiyyət müstəqilliyə, dövlətçiliyə, demokratikləşməyə düşmənçilik edir. Rəsulzadəyə düşmən münasibət Azərbaycan xalqına düşmən olmağın təzahürüdür. Bunun başqa adı yoxdur. Mən bir vətəndaş olaraq bu hakimiyyətin Rəsulzadəyə qarşı tutduğu mövqedən, xüsusən də yanvarın 31-də Rəsulzadəni yad edən gənclərə qarşı davaranışından utanıram. Rəsulzadə bu vətən üçün ömrünü verib. Ömrünü bu vətən üçün verənlər bu vətəndə repressiyaya məruz qalır”. Mehriban Vəzirin sözlərinə görə, 70 illik Sovet imperiyası Məhəmməd Əmin Rəsulzadəni Azərbaycan xalqının qəlbindən qopara bilməyibsə, indiki hakimiyyətin bunu bacarması mümkünüzdür: “Rəsulzadəni danmaq göydə günəşi danmaq kimi bir şeydir. Rəsulzadə adının, işığının üzərinə uzun illər pərdə çəkiblər, lakin o işığı söndürə bilməyiblər. Çünki Rəsulzadə işığı sönməzdir. Dünyaya meydan oxuyan sovet imperiyası Rəsulzadə həqiqətinin qarşısında əridi. Bu, bir dərsdir. Hakimiyyətin bu dərsdən nəticə çıxarmaması adamı heyrətləndirir. Zaman keçəcək, Rəsulzadəyə qarşı olanlar bu xalq üçün yoxa çevriləcəklər. Rəsulzadə isə daima var olacaq. Bunu hamının anlaması gərəkdir. Yanvarın 31-də gənclərin şəhərin müxtəlif yerlərində, həmçinin Bakı Dövlət Universitetində Rəsulzadəni o cür ehtiramla yad etmələri bir daha sübut edir ki, Məhəmməd Əmin öz heykəlini xalqın, gənclərimizin qəlbində qurub. Bundan böyük qələbə yoxdur. Rəsulzadə qalibdir”. Mehriban Vəzir vurğuladı ki, zaman öz məntiqini ortaya qoyub. Rəsulzadəyə qarşı vuruşan hakimiyyət onun yaratdığı üçrəngli bayrağın qarşısında diz çökmək məcburiyyətində qalıb: “Onlar həmin bayrağın qarşısında diz çökməyi sevə-sevə etməyiblər. Əlacları yoxdur, zaman onları buna məcbur edir. Onlar bu bayraqdan ötrü vuruşmayıblar, məhrumiyyətlərə məruz qalmayıblar, şəhid olmayıblar. Əksinə, Rəsulzadənin yaratdığı bayrağa indiki hakimiyyətdəkilər hələ sovet dövründən düşmən kəsiliblər, nifrət ediblər. Rəsulzadə həqiqətinin qalib gəlməsi budur ki, onun yaratdığı bayrağa düşmən kəsilənlər onun qarşısında diz çökmək, onu başının üzərindən asmaq zorundadırlar. Rəsulzadə onların qarşısında bu cür də qalib gəlib”.

“RƏSULZADƏYƏ QARŞI DÜŞMƏNÇİLİK DAVAM EDİR”

Xəbər verildiyi kimi, “Dalğa” Gənclər Hərəkatının, Azərbaycan Demokratik Gənclər Hərəkatının üzvləri , Bakı Dövlət Universitetinin bir qrup tələbəsi və Müsavat Partiyasının təmsilçiləri ulu öndər Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı şəhərin müxtəlif yerlərində tədbirlər keçiriblər. Rəsulzadənin adı ilə bağlı yerlərə gül dəstələri düzülüb, əhaliyə onun əksi olan təqvimlər və broşurlar paylanıb. Polis demək olar ki, hər yerdə bu aksiyaların keçirilməsinə ciddi maneçilik törədib, 14 nəfər gənc qeyri-qanuni olaraq tutularaq polis şöbəsinə aparılıb. Bir müddətdən sonra onlar sərbəst buraxılsa da, bəziləri haqqında inzibatı tədbirlər görülüb. Müsavat Partiyası polisin bu özbaşınalığını ölkədə siyasi azadlıqların məhdudlaşdırılması, hakimiyyətin ölkənin tarixinə, siyasi-mənəvi irsinə, Azərbaycan Xalq Cümhuriyyətinə və onun banisi M.Ə.Rəsulzadəyə qarşı apardığı ənənəvi düşmənçilik siyasətinin bariz nümunəsi kimi qiymətləndirir: “Biz hakimiyyəti ölkə tarixinin görkəmli simalarına qarşı yürütdüyü bu iyrənc siyasətdən çəkinməyə çağırır və bəyan edirik ki, 70 il ərzində repressiv kommunist rejiminin, Stalin irticasının xalqın qəlbindən silə bilmədiyi bu ünlü simaların, birinci növbədə ulu öndər M.Ə.Rəsulzadənin parlaq şəxsiyyətinə kölgə sala bilməyəcəklər. Azərbaycan xalqı öz tarixini və bu tarixdə kimin hansı rol oynadığını yaxşı bilir”. Müsavat Partiyası gənclərin aksiyası vaxtı onlara qarşı təhqir və təzyiqlərə yol verən bütün günahkar şəxslərin cəzalandırılmasını tələb edir.

Etibar SEYİDAĞA

(“Yeni Musavat” qəzeti)

Əvvəlki məqalə: Azərbaycan Demokratik Gənclər Hərəkatı M.Ə. Rəsulzadənin ad günü teşkil etdiyi tədbirlər haqqında press reliz yayıb

Sonrakı məqalə: Lalə Şövkət: «Silah alan alar, gedər öz torpağını azad edər»