Lalə Şövkət: «Silah alan alar, gedər öz torpağını azad edər»
Müharibə bəyanatları bizi gülüş obyektinə çevirir
Lalə Şövkət: «Silah alan alar, gedər öz torpağını azad edər» (Əvvəli ötən sayımızda) Seçki ilinin ilk ayı da sona çatmaq üzrədir. Prezident seçkilərinə getdikcə az vaxt qalır. Amma nədənsə 2008-in Azərbaycanda seçki ili olması hiss edilmir. Milli Birlik Hərəkatının lideri professor Lalə Şövkətlə müsahibəmizdə də elə bu və başqa suallara aydınlıq gətirməyə çalışmışıq: – Azərbaycanın adı daim qara siyahılarda çəkilir. Ölkənin əhalisinin sosial-iqtisadi vəziyyəti də göz önündədir. Günü-gündən yoxsulların, işsizlərin sayı artır. Amma bütün bunlara rəğmən hakimiyyət analoqu olmayan inkişafdan danışır və müxalifəti bu inkişafı görməməkdə ittiham edir…
- Bərəkallah! Siz nahaq onlara inanmırsınız. Analoqu olmayan inkişaf var. Onların planetində. Axı biz ayrı-ayrı planetlərdə yaşayırıq. Bu hakimiyyət həqiqətən də özü üçün analoqu olmayan dövlət qurub və analoqu olmayan səviyyədə milyardları mənimsəyir. Bu gün iqtidarla millət paralel dünyalarda yaşayır. Amma hər şeyi qoyaq bir kənara. Ölkəyə milyardlarla neft gəlirləri daxil olur. Azərbaycanda keçən il inflyasiya 30 faiz təşkil etdi. Amma pensiyaları 10 faiz qaldırdılar. Minimum əmək haqqı 60 manatdır, minimal istehlak zənbili isə 96 manat. Deməli, 60 manat alan Azərbaycan vətəndaşı heç qidalanmaq iqtidarında deyil. 1,5 milyondan artıq pensiyaçımız belə bir pensiyaya nə yaşaya, nə də ölə bilir. Bu halda kasıbların sayı azala bilərmi? Bu halda hansı rifahdan danışırlar? Götürək orta əmək haqqını. Bu gün Azərbaycanda orta əmək haqqı 228, Qazaxıstanda 420, Rusiyada 580, Ukraynada 380, heç bir təbii resursu olmayan Ermənistanda isə 250 dollardır. Indi desinlər görək bu analoqu olmayan inkişaf nədir? Desinlər, biz də bilək.
Bu yaxınlarda iqtisadi azadlıqların səviyyəsini ölçən və öna qiymət verən nüfuzlu “Heritage” beynəlxalq fondu 2007-ci il üzrə hesabatını dərc edib. Bu hesabatda Azərbaycan iqtisadi azadlıqların səviyyəsinə görə ən son yerlərdədir, Zimbabve ilə qonşuluqda. Azərbaycanda yalan, riyakarlıq baş alıb gedir – Cənubi Qafqazın o biri iki dövləti isə Azərbaycandan qat-qat yüksək səviyyədədir, Norveçlə, Latviya ilə qonşuluqda. Bu halda hansı inkişafdan danışmaq olar? – UNICEF-in 2007-ci ilə olan hesabatında ana və uşaq ölümünün səviyyəsinə görə Azərbaycan dünyada ən geridə qalmış Afrika ölkələri ilə bir sıradadır. Bəlkə buna inkişaf demək olar? – Başqa bir məqam. Iş yerlərinin sayı ilə bağlı fantastik rəqəmlər gətirirlər. Əgər bu qədər iş yeri açılıbsa, niyə 2 milyon azərbaycanlı çörək pulu qazanmaq üçün yurd-yuvasından didərgin düşüb. Ölkəni tərk edənlərin sayı günü-gündən artır. Bir də heç olmasa iki zavodun adını çəksinlər. Mən bulka bişirən sexləri demirəm. Belə sexlər var, düz deyirlər. Desinlər ki, neçə zavod və ya fabrik açıblar, qeyri-neft sektorunun səviyyəsi son illərdə necə qalxıb? – Məsələn, ötən il taxıl 3,6, pambıq 23,2, tütün 39,9, çay istehsalı isə 27 faiz azalıb. Bu inkişafdır, yoxsa tənəzzül?
Nüfuzlu “Transparency International” təşkilatının hesabatında Azərbaycan yenə də korrupsiyanın səviyyəsinə görə dünyada birinci yerdədir. Korrupsiya sözünün lüğəti mənası məmurların satqınlığı və rüşvətxorluğu deməkdir. Bəlkə “analoqu olmayan” deyəndə məhz bunu nəzərdə tuturlar? Ümumiyyətlə, Azərbaycanda yalan, riyakarlıq baş alıb gedir. Və çox təəssüf ki, cəmiyyətin buna etirazı yoxdur, nə ictimai qınaq, nə ictimai təpki var. Bu gün cəmiyyət artıq yalanı, satqınlığı, köləliyi, riyakarlığı, oğurluğu adi hal kimi qəbul edir. Cəmiyyət bir orqanizm olduğundan bu hallara qarşı, əfsuslar olsun ki, immunitetini itirib. Bu isə millət üçün faciədir. Cəmiyyətdə həmişə immunitet olmalıdır. Özünü mənəviyyatsızlıqdan qorumalıdır. Etiraz etməlidir. Amma təəssüf ki, bu da yoxdur. Müharibə etmək istəyən bəyanat verməz – Qarabağ məsələsində ATƏT-in Minsk Qrupu ilə Azərbaycan rəsmilərinin açıqlamalarında daim ziddiyyətlər müşahidə olunur. Sizcə, bu nədən irəli gəlir? – Ziddiyyətlər həmişə olub, ritorika da həmçinin. Amma fakt odur ki, Qarabağla bağlı məsələ günü-gündən gərginləşir. Artıq referendum məsələsi gündəmdədir. Dağlıq Qarabağda referendumun keçirilməsi isə artıq onun müstəqilliyidir. Bu isə bizim diplomatiyamızın məğlubiyyəti deməkdir. – Amma dövlət başçısı bir qarış torpağın da ermənilərə verilməyəcəyini deyir. Müharibə bəyanatları səsləndirir… – Bu da ritorikadır. Müharibə etmək istəyən bəyanat verməz, işini görər. Bu qədər silah almışam, topum var, tankım var deməz. Ümumiyyətlə bu haqda danışmazlar. Bununla kimi qorxuduruq? Ermənistanı? Onda heç olmasa bir rayonu azad edək. Bu cür bəyanatlar bizi gülüş obyektinə çevirir. “Ay silahlanıram, müharibə edə bilərəm” kimi fikirlər də dövlət xadiminə yaraşmır. Silah alan alar, gedər öz torpağını azad edər. Məgər Ermənistan dedi ki, silahım var? Amma gəldi 20 faiz torpağımızı işğal etdi. Bu gün fakt ondan ibarətdir ki, Azərbaycanın 20 faiz torpağı işğal olunub. Bax bu fakta istinad edib danışmaq lazımdır. Ritorik bəyanatlar vermək lazım deyil.
Vidadi
(“Azadlıq” qəzeti)
Əvvəlki məqalə: Mehriban Vəzir: “Məhəmməd Əmini danmaq göydə Günəşi danmağa bənzəyir”
Sonrakı məqalə: Anar Niftəliyev: Bu millət həmişə 37-ci ildə yaşayıb