MƏMMƏDƏMİN RƏSULZADƏNİN AD GÜNÜ İLƏ BAĞLI KEÇİRİLƏN AKSİYADA 14 GƏNC TUTULUB
Bu gün «Dalğa» Gənclər Hərəkatının Məmmədəmin Rəsulzadənin doğum günü ilə bağlı planlaşdırdığı aksiyaya polis müdaxilə edib.
Təşkilatın üzvü Elşən Poladlı «Media forum» saytına bildirib ki, bu gün saat 13:00-da nəzərdə tutulmuş aksiyanın başlamasına 2 saat qalmış üç nəfər «Dalğa»çı – Ramin Hacılı, Pənah Əliyev və Rövşən Nəcəfov metronun «Sahil» stansiyası yaxınlığında gül alarkən polis nəfərləri tərəfindən saxlanılaraq Səbail rayon 39-cu polis bölməsinə aparılıb.
Buna baxmayaraq aksiyanı keçirmək qərarından dönməyən digər «Dalğa»çılar əvvəlcədən planlaşdırılan yerə – Kukla Teatrı ilə üzbəüz parka gəliblər. Aksiyaçılardan bir nəfər M.Ə.Rəsulzadənin şəklini üzünə tutaraq Rəsulzadənin heykəliymiş kimi fəvvarənin yanında dayanıb. Ona yaxınlaşan başqa «Dalğa»çılar «heykəl»in ayaqları altına gül düzüb, onun xatirəsini yad ediblər.
Hərəkat üzvləri eyni zamanda fəvvarəyə də gül ləçəkləri və güllər ataraq burada əslində Rəsulzadənin abidəsinin ucalmalı olduğunu və bu gün buranın güllərlə əhatələnməli olduğunu bildirmək istəyiblər. Burada Səbail rayon polisləri 11 «Dalğa»çını, o cümələdən təşkilatın sədr əvəzi Araz Qasımovu polis bölməsinə aparıblar.
Hazırda tutulan 14 «Dalğa»çının hamısı polis bölməsindədir.
(Media Forum)
Əvvəlki məqalə: AZƏRBAYCANLI MƏHBUS LEYLA HEYDƏRİNİN AZADLIĞA BURAXILMASI ÜÇÜN 900-dən ÇOX İCTİMAİ və SİYASİ FƏAL BƏYANAT İMZALAYIB
Sonrakı məqalə: Beynəlxalq hüquq-müdafiə təşkilatı «Human Rayts Votç» həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb etməyə çağırır