Beynəlxalq hüquq-müdafiə təşkilatı «Human Rayts Votç» həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb etməyə çağırır
«HUMAN RAYTS VOTÇ»: «AZƏRBAYCAN HAKİMİYYƏTİNDƏN HƏBSDƏKİ JURNALİSTLƏRİ DƏRHAL AZAD ETMƏK TƏLƏB OLUNMALIDIR» 2008-01-31 – 17:08:00
Beynəlxalq hüquq-müdafiə təşkilatı «Human Rayts Votç» qısa məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində öhdəliklərini yerinə yetirməməsi vurğulanır.
«Human Rayts Votç» demokratiya, azad və şəffaf seçkilər, insan hüquqlarının, qanunun aliliyinin təmin edilməsi məsələlərinə toxunaraq bildirir ki, prezident seçkisi ərəfəsində mətbuat azadlığı sahəsində vəziyyətin pisləşməsi, həmçinin işgəncələr narahatlıq doğurur: «Biz bu sahələrdə Azərbaycan hökumətinin konkret ciddi islahatlar aparmasını təklif edirik. İnanırıq ki, Avropa Komissiyası bu təklifləri Avropa Qonşuluq Siyasətinin Azərbaycan üzrə Fəaliyyət Planına daxil etməklə problemlərin həllində mühüm rol oynaya bilər».
«Turan» məlumatına görə, beynəlxalq insan haqları qurumu Azərbaycan hökumətinin böhtan və digər cinayət əməllərində ittihamlardan müstəqil və müxalif jurnalistlərin təqibi üçün istifadə etməsindən ciddi narahat olduğunu vurğulayıb: «Son iki ildə Azərbaycanda həbs edilmiş jurnalistlərin yarısı böhtana görə tutulub. Bu göstəriciyə görə Azərbaycan Avropa Şurası üzvləri arasında liderdir. Azərbaycan hakimiyyətindən həbsdə qalan jurnalistləri dərhal azad etmək tələb olunmalıdır.
«Human Rayts Votç» həmçinin rəsmi Bakıdan jurnalistlər Üzeyir Cəfərov, Həkimeldostu Mehdiyev və digərlərinə qarşı zorakılıq faktlarını ciddi araşdırmağın tələb edilməsini çox mühüm sayır.
Təşkilat Avropa Komissiyasının Azərbaycan hakimiyyəti qarşısında böhtanın dekriminallaşdırılması və bu yolda ilk addım kimi həmin ittiham üzrə cinayət təqibinə moratorium qoyulması şərti irəli sürəcəyinə ümid etdiyini bildirir.
(Media Forum)
Əvvəlki məqalə: MƏMMƏDƏMİN RƏSULZADƏNİN AD GÜNÜ İLƏ BAĞLI KEÇİRİLƏN AKSİYADA 14 GƏNC TUTULUB
Sonrakı məqalə: Azərbaycan Demokratik Gənclər Hərəkatı M.Ə. Rəsulzadənin ad günü teşkil etdiyi tədbirlər haqqında press reliz yayıb